İbtidai icma dövründən qalan SU KANALLARI – Həyat mənbəyimiz necə israf EDİLİR?

İbtidai icma dövründən qalan SU KANALLARI
Ölkəmizin suvarma sistemi böyük bir faciə yaşayır. Bu faciə isə ondan ibarətdik ki, ölkəmizdəki aparıcı suvarma kanalları eramızdan əvvəlki kimi torpaqdan inşa edilib. Sanki, biz XXl əsrdə yaşadığımızı unutmuşuq. Bu torpaq kanallar təkcə böyük ölçüdə su itkisinə səbəb olmur, həm də ərazilərin şoranlaşmasına, əkin sahələrinin alaq otu basmasına səbəb olur”.

DİA.AZ bildirir ki, bunu Bizim.Media ilə söhbətində ekoloq Ənvər Əliyev söyləyib.

O bildirib ki, əksər dövlətlər torpaq kanallardan istifadədən çoxdan imtina edib. Amma biz hələ də ötən əsrlərdə qalmışıq. Nəzərə alaq ki, beton kanallarda belə 15 faizdən çox su itkisi olur. Torpaq kanallarında isə su itkisi 50-60 faizdir. Torpaq kanallarda suyun buxarlanma risqi də böyükdür. 35-40 dərəcə istidə açıq kanallarda nə qədər suyun buxarlandığını hesablamaq üçün mütəxəssis olmaq lazım deyil. Bu da sudan qeyri-səmərəli istifadənin göstəricisidir”.

Ölkəmizdə davamlı olaraq aparılan struktur dəyişikliklərindən danışan Ənvər Əliyev qeyd edib ki, bu dəyişikliklər real nəticə vermir:

“Azərbaycanda su qıtlığı günbəgün böyüyür. Sizi inandırım ki, ölkəmizdə suvarma sistemi müasirləşsə, indiki su ehtiyatlarımız bizə artıqlıq edər. Halbuki, indi biz su qıtlığından gileylənirik. Bir illik bitkiləri dünya ölkələri artıq 50 ildir ki, yağdırma üsulu ilə suvarır. Amma bizdə əkin sahələrin çox cüzi hissəsində bu texnologiyalardan istifadə olunur.

Yada salım ki, Azərbaycanda plastik boru istehsal edən zavodlar var. Vaxtilə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişində yerli istehsal olan borulardan geniş şəkildə istifadə olunub. Bu da o deməkdir ki, suvarma kanallarının həmin borularla inşa edilməsi imkanları var. Biz məqsəd qoysaq yaxın 2 ildə ölkəmizdə borularla suvarma sistemini qura bilərik. Bunun hesabına da həm külli miqdarda suya qənaət etmiş olarıq, həm də aqrar sektorun sürətlə inkişafına təminat yaradarıq”.
Tarix: 29-08-2023, 13:21
Xəbəri paylaş





Xəbər lenti