Əlilliyi olanlar “soyqırımı”nın əsas hədəfinə çevrilib: Vətəndaş konkret aclıq imtahanından keçir
Sahil Babayev
Son bir neçə ildə pensiya yaşına çatan, səhhətindəki problemlərlə əlaqədar əlillik dərəcəsi almaq istəyən əhalinin günü qara olub. Onlara qarşı “soyqırımı” həyata keçirilir. Xüsusən Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra nə qədər insanın pensiyası "kəsilib". Getdikcə daha çox vətəndaş bundan məhrum olur.
Bizimyol.info xəbər verir ki, son bir ildə pensiya alanların sayı təxminən 62 min nəfər azalıb. İyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 96,6 min nəfər pensiyaçı var. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əlilliyi olan şəxslərlə bağlı vəziyyət lap pisləşib. Bu istiqamətdə 16,4 faiz azalma olub. Ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalıb. Yalnız yaşa görə pensiya alanların sayında artım olub. Cəmi 0,4 faizdən söhbət gedir. Əillliyi müəyyən edilmiş şəxslərin sayı sürətlə azaldılır. Hökumət onsuz da əhaliyə pensiya vermək istəmir. Əlilliyi olanlar “soyqırımı”nın əsas hədəfinə çevrilib. Pensiyaçıların sayının kəskin azalmasının səbəblərindən biri də pensiya yaşının artırılmasıdır.
Əvvəllər Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən isə hər il 6 ay olmaqla, artırılır. Artıq kişilər üçün pensiya yaşı 65-dir və hər il 6 ay artırılma prosesi 2021-ci ildə dayanıb. Qadınlar üçünsə bu proses 2027-ci ilə qədər davam edəcək və onların da pensiya yaşının 65-ə çatdırılması nəzərdə tutulub. Ölkədə təxminən 262 min nəfərə fiziki məhdudiyyətlərə görə pensiya verilir. Üstəlik, onların sayının azaldılması siyasəti yürüdülür. Hökumət nəzərə almır ki, xeyli ailə gözünü məhz pensiyaya dikib. Bölgə bazarlarını müşahidə etməyə dəyər. Orada ticarət əsasən pensiya verilən günlərdə canlanır, qalan dövrdə satıcılar alverin olmamasından gileylənirlər. Pensiya insanların son ümid yeridir.
Sayın sürətlə azaldılması sosial fəlakətdən xəbər verir. Hələ ondan danışmırıq ki, məbləğ çox aşağıdır. Təyin olunmuş aylıq pensiyaların orta məbləğinin 435 manat olduğu bildirilir. Hökumət iddia edə bilər ki, bir nəfərin dolanması üçün normal məbləğdir. Amma xüsusilə bölgələrdə ailələrin çox gəlirsiz qalmasını nəzərə almaq lazımdır. Adətən, ailəni vəziyyətdən bir nəfərin pensiya alması çıxarır. Həmin şəxsin bu imkandan məhrum edilməsi konkret aclıq imtahanı deməkdir. Pensiyaçıların sayının azaldılması dayandırılmalıdır. Vətəndaş onsuz da dövlətdən çox sosial dəstək görmür. Süni yolla insanların həyatda qalmaq imkanını əlindən almaq cinayətdir.
Aytən, Bizimyol.info
Tarix: 29-08-2023, 22:34