Ölüm təhlükəsinə çevrilən MEYDANÇA – İcra hakimiyyəti niyə ABADLAŞDIRMIR? – FOTO


Suraxanı rayonunda sakinlərin istifadəsi və istirahəti üçün nəzərdə tutulan yaşayış parkı bərbad durumdadır. Ümumi mənzərə sadəcə ürküdücüdür. 

Söhbət Yeni Günəşli qəsəbəsi “D” massivindəki meydançadan gedir. Yaşayış binalarının qarşısında sakinlərin və uşaqların istirahəti üçün nəzərdə tutulan yaşayış parkı uçulub sökülüb.

Dəfələrlə şikayət və müraciətlərə baxmayaraq baxımsız vəziyyətdə olan əraziyə aidiyyəti qurumlar biganəlik nümayiş etdirirlər.  

Məsələ ilə bağlı Bizim.Media-ya “D” yaşayış parkının sakinləri müraciət ediblər. 28, 29, 30 və 31-ci binaları əhatəyə alan parkın bərbad durumundan gileylənən sakinlər ərazidəki natəmizlikdən də şikayətləniblər.  

Sakinlər deyir ki, ərazidəki futbol meydançası, uşaqların istifadəsi üçün qoyulan yelləncəklər və bəzi atraksionlar  yararsız hala düşüb.

Bəzi yelləncəklərin ümumiyyətlə oturacaqları yoxdur, bəziləri isə çürüdüyündən hər an qırılma təhlükəsi ilə üz-üzə qalıb.  

Döşəmələri uçuq-sökük olan meydança və pilləkənlərindən isə danışmağa dəyməz. Sakinlərin və azyaşlıların kabusuna çevrilən bu pilləkənlərdə demək olar ki, hər gün bədbəxt hadisələr yaşanır. Dəfələrlə azyaşlıların və yaşlı insanların yıxılmasına səbəb olan pillələri qopmuş pilləkənlər sanki müharibə ocağını  xatırladır. XXI əsrdə paytaxtın qəsəbələrindən birində belə bir vəziyyətin hökm sürməsi sadəcə birabırçılıqdır.  

Parkın yenidən qurulması və bərpası isə sanki dalana dirənib. Nə ərazi üzrə bələdiyyə və ərazi nümayəndəliyi, nə də Suraxanı Rayon İcra Hakimiyyəti problemlə maraqlanır. Diqqətdən kənar qalan məhəlləarası meydança isə gün keçdikcə dağılır və bərbad hala düşür.  
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva Bizim.Media-ya açıqlamasında bildirib ki, yaşayış sahəsində olan məhəllənin təmiri və abadlaşdırılması nəzərdə tutulub.  

Sevinc Ağayeva abadlaşdırmanın konkret vaxtını isə açıqlamayıb.  

Ümid edək ki, problem tez bir zamanda həllini tapacaq… 

Mövzunu diqqətdə saxlayacağıq. 
Tarix: 31-08-2023, 22:52
Xəbəri paylaş





Xəbər lenti