Ötən illə müqayisədə bu il məktəbli ləvazimatlarında, xüsusən də dəftərlərin qiymətində artım var
Sentyabrın 15-də yeni dərs ili başlayacaq. Artıq valideynlər övladlarının məktəbli bazarlığına başlayıblar. Məlum olduğu kimi, bu ildən yeni məktəbli forması da tətbiq olunur. Kitab, dəftər və digər dərs ləvazimatları da bahalaşıb. Valideynlərin giley-güzarlı günləridir.
Bəs bir uşağın məktəbə göndərilməsi valideynə neçəyə başa gəlir? Məsələni daha yaxından araşdırmaq üçün “Həzi Aslanov” metro stansiyasının yaxınlığına yerləşən, məktəb formaları, ləvazimatları satılan mağazalarda olduq. İlk öncə başlayaq məktəbli formalarından. Araşdıranda məlum oldu ki, müxtəlif mağazalarda müxtəlif qiymətlər təklif olunur. Məsələn, mağazaların birində köynəklər 15 manatdan, şalvar və ətəklər isə 22-24 manatdan başlayaraq satılır. Digər mağazada isə köynəklər endirimlə 35 manatdan, ətək və şalvarlar isə 40-45 manatdan başlayaraq satılır. Qiymətlərin fərqli olmasının səbəbinə gəldikdə, satıcılar qeyd etdi ki, bu, parçanın keyfiyyəti ilə bağlıdır.
Türkiyə istehsalı olan məhsullar artıq satışda
“Türkiyə istehsalı olan məhsullar yeni gəlib və daha keyfiyyətlidir, buna görə də qiymət də fərqlidir”, deyə satıcılardan biri qeyd edir. Müşahidə etdik ki, qiymətlərin baha olmasına baxmayaraq, alıcılar daha çox keyfiyyətli formalar almağa çalışır.
Bu il iki övladını məktəbə yola salacaq Nərminə adlı alıcı deyir ki, bundan əvvəlki illərdə də əsasən keyfiyyətə üstünlük verib:
“Həmişə çalışmışam ki, uşaqlara daha keyfiyyətli köynək və ətəklər alım. Bakı Tikiş Evinin məhsulları məni qətiyyən qane etmir. İndi də çalışırlar ki, valideynləri məcbur etsinlər ki, həmin fabrikin məhsullarını alaq. Ancaq mən buna razı ola bilmərəm. Türkiyə istehsalı olan məhsulların gəldiyini görüb çox sevindim. Hər halda, bu məhsullara, onların keyfiyyətinə inamım çoxdur”.
Alıcının sözlərinə görə, ötən illə müqayisədə məktəbli geyimlərinin qiymətində artım var: “Ötən il köynəklər 28-30 manatdan başlayırdı, indi isə 35-40 manatadır. Eləcə də ətəklərin qiymətində 5-10 manata qədər artım var”.
Övladı ikinci sinfə gedəcək İradə adlı alıcı isə deyir ki, ötən il və bu il Bakı Tikiş Evinin məhsullarını alıb:
“Ötən il ağ köynək, qara şalvar almışdım. Bu il məlum oldu ki, övladımın məktəbində boz rəngli şalvar, açıq göy rəngli geyimlər tələb olunur. Bu, valideynləri bir qədər çətinliyə salır. Məsələn, düşünürdüm ki, ötən il aldığım məktəbli şalvarı yaxşı haldadır, onu heç olmasa yarım il geyindirəcəm. Amma ötən il aldıqlarımız artıq keçərli deyil. Fikrimcə, imkansız valideynləri də düşünmək lazımdır. Heç olmasa bir il güzəşt edərdilər. Yəni icazə verərdilər ki, yeni forma ala bilməyənlər ötənilki ağ-qara geyimlərdən istifadə etsinlər.
Üstəlik, ağ köynək olanda onu sentyabrda, sonrakı aylarda da geyindirmək olurdu. Amma indiki məktəbli formasının uzun qollu olanını sentyabrda geyindirmək olmur. Gərək qısa qollu olanı alaq. Bu da o deməkdir ki, iki köynək almaq məcburiyyətindəyik".
Onu da əlavə edək ki, məktəbli forması satılan mağazalarda çox sayda köhnə, ağ-qara rəngli məktəbli formaları da satılır. Üstəlik, həmin formaların qiymətləri də qismən münasibdir. Məsələn, ağ köynək 15 manat, qara ətək 22 manat. Daha keyfiyyətli ağ köynək 22 manat, şalvar və ya ətək 32 manat. Satıcıların dediyinə görə, bu formalardan da alan az deyil.
“Bəzi valideynlər ağ-qara məktəbli forması da alır. Valideynlərin dediyinə görə, yuxarı siniflərə ağ-qara məktəbli formasını geyinməyə icazə veriləcək, amma aşağı siniflərə icazə yoxdur”, - deyə satıcılar qeyd edir.
Xatırladaq ki, bu il tədris ilindən respublikanın ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq ediləcək. Çünki "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.
Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.
Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.
Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.
Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.
Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.
Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).
Hansı məktəb ləvazimatlarının qiyməti artıb?
Valideynlər bildirir ki, ötən illə müqayisədə bu il məktəbli ləvazimatlarında, xüsusən də dəftərlərin qiymətində artım var, xüsusilə də Rusiya istehsalı olan məhsullarda. Bunu da onunla əsaslandırırlar ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində həmin ölkələrdən gələn kağız materiallarının qiyməti artıb. Həmçinin yerli istehsal olan ləvazimatlarda da artım müşahidə olunur. Məsələn, yerli istehsal olan 12 vərəqli dəftər 20 qəpiyə, hansı ki, ötən il 15 qəpikdən almaq olurdu, Rusiya istehsalı olanı isə 40 qəpiyə satılır. Yerli istehsal olan 24 vərəqli dəftər 60 qəpik, halbuki ötən il 50 qəpiyə satılırdı, Rusiya istehsalı olan isə 70-80 qəpiyə satılır. Həmçinin 60 vərəqli dəftər 1 manat 20 qəpiyə, 96 vərəqli dəftər isə 1 manat 60 qəpiyə satılır. Rusiya istehsalı olan bu dəftərlərdə də qiymətlər təxminən 20-30 qəpik bahadır.
Sadə qələmlər 20 qəpik-1,20 manat, sadə qələmlər 30-90 qəpik, plastilin 2-5 manat arası, qələm yonanlar 50 qəpik- 1,20 manat, halbuki ötən il 20 qəpiyə də satılırdı, pozan 50 qəpik -1,50 manat, rəngli karandaşlar 2-8 manat, halbuki ötən 1,50 manatdan başlayaraq satılırdı, dəftər-kitab üzlükləri 20 qəpik, qələm qabları 5-20 manat, su qabları 10-30 manat, halbuki ötən il 4-5 manata da almaq olurdu, xətkeş 30 qəpik -2,50 manat, rəsm albomları 2-6 manat, pərgar- 4-7 manat, gündəliklər 1,7-3 manat, lüğət dəftərləri 1,60-2 manat.
Çantalara gəldikdə, bu il çantaların da qiymətində artım müşahidə olunur. Məsələn, ötən il Çin istehsalı olan çantaları 10-15 manatdan almaq olurdusa, indi bu qiymət 15-20 manatdır. Təbii ki, bu cür ucuz çantaların ömür də “ucuz”, yəni qısa olur. Bir illik tədris ilində çantaların tab gətirməsi üçün onun keyfiyyətli olması gərəkir. Keyfiyyətli çantalar isə bu il 35 manatdan başlayaraq satılır. Xüsusilə də Türkiyə istehsalı olan çantaların qiyməti əl yandırır. Olduğumuz mağazalarda Türkiyə istehsalı olan çantaların qiymətinin 50 manatdan yuxarı olduğunun şahidi olduq. Bu rəqəm 150 manata qədər davam edir.
Təbii ki, şagird üçün lazım olan məktəb ləvazimatları bununla bitmir, əgər şagirdin iç geyimləri, corabları, yeni ayaqqabıları da olacağını nəzərə alsaq, demək olar ki, bu il bir şagird üçün ümumilikdə minimum 300 manat lazım gələcək. Əgər valideynlər Türkiyə istehsalı olan məktəbli forması və çantaları almaq istəsələr, bu rəqəm 350 manatdan başlayacaq.
Xalidə GƏRAY,
Fotolar müəllifindir,
“Yeni Müsavat”
Tarix: 6-09-2023, 09:34