Sahil Babayevin sosial yardım labirintində təqaüd almağa gedirsən, bumeranq kimi evə qayıdırsan...

Sahil Babayevin sosial yardım labirintində təqaüd almağa gedirsən,
Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin olunandan sonra ölkədə xeyli adamın təqaüdü, sosial yardımı kəsildi. Bölgələrdə insanlarla söhbət edəndə məlum olur ki, bu istiqamətdə bürokratik əngəllər yaradılır, ərizəçilər üçün keçilməz sədd formalaşdırılır. Nə qədər sənəd toplasan da, axırda rədd cavabı gəlir. Nazirlik, daha doğrusu, nazirliyin nəzdindəki Dövlət Sosial Müdafiə Fondu əlindən gələni edir ki, mümkün qədər az adam dövlətdən sosial dəstək alsın.
Siam.az Bizimyol.info-ya istinadla xəbər verir ki, son statistikaya görə, Azərbaycanda təxminən 72 min aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı alır. Bununla da 321 min nəfərin belə köməkdən istifadə etmək imkanı qazandığı bildirilir. Yəni ölkə əhalisinin 3 faizindən söhbət gedir. Bir nəfərin payına düşən orta aylıq məbləğ isə heç 96 manat etmir.

Azərbaycanda ünvanlı dövlət sosial yardımını əldə etmək üçün əsl məşəqqətə qatlanmaq lazımdır. Hər şeydən əvvəl sübut etməlisən ki, sənin bu yardıma ehtiyacın yoxdur. Bəli, sizə təəccüblü görünməsin. Tələb məhz belədir. Məsələn, ailənin heç bir gəliri yoxdursa, sosial yardım verilmir. Ailənin bir üzvü mütləq haradasa işləməlidir. Məntiqsizliyin bu qədəri. Ailə məhz gəlirsiz qaldığına, acından ölmək təhlükəsi ilə üzləşdiyinə görə sosial yardım müraciəti hazırlayır. Yardım vermirlər ki, yox, sən pul qazanmırsan.

Daha bir bəhanə vətəndaşın adına pay torpaq sahəsinin olmasıdır. Deyirlər ki, torpağı var, əkib-becərsin, həyatda qalsın. Hansı su ilə? Hansı resursla? Kəndlinin hansı maddi gücü var ki, torpağa da yatırım etsin? Ucqar kəndlərdə insanlar xeyli yoxsul yaşayırlar. İndi susuzluq böyük problemə çevrilib. Texnikanın sahədə işləməsi üçün pula ehtiyac var. Pay torpaq sahəsinin olması hələ maddi durumun yaxşılaşması anlamına gəlmir. Quru bəhanədən başqa bir şey deyil...

Nazir Sahil Babayev sosial müavinət alanları "sıra"dan çıxara-çıxara gedir. İnsanların yeganə ümid yeri həmin pullardır. Dövlət vətəndaşa sahib çıxmalıdır. Onun əlindəki axırıncı tikəni almaq olmaz. Yürüdülən sosial siyasət isə vətəndaşa qara qəpik verməmək adlana bilər.
Tarix: 8-09-2023, 18:37
Xəbəri paylaş





Xəbər lenti