Bərbad ictimai nəqliyyatın "yük"ünü taksilər, inhisarla "boğuşan" taksilərin xərcini vətəndaş çəkəcək

Bərbad ictimai nəqliyyatın "yük"ünü taksilər, inhisarla "boğuşan" taksilərin xərcini vətəndaş çəkəcək

Bir müddət əvvəl taksi fəaliyyət ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Oktyabrın 1-dən dəyişiklik qüvvəyə minəcək. Buna görə də əminliklə deyə bilərik ki, gələn aydan taksi qiymətləri artacaq. Çünki dəyişiklik başqa bir şey vəd etmir.

Bizimyol.info xəbər verir ki, gələn aydan taksi şirkəti operatorları və sürücülər qarşısında konkret tələblər qoyulacaq. Şirkətlər bu istiqamətdə fəaliyyət üçün azı 3 min manat ödəməlidirlər. Sürücülər isə taksi sərnişindaşımaları üçün buraxılış vərəqinə 125, buraxılış kartına isə 25 manat verməlidirlər. Yəni xərclər artırılır. Deməli, bu addımlar qiymətlərə də təsir göstərəcək. Sürücülərin xərcləri çox artırılıb. Onlar taxoqraf və taksometr də almalıdırlar. Bu isə heç də ucuz başa gəlmir. Sürücülər onsuz da çox qazanmır. Qazancın 15-20 faizini şirkətlərə vermək lazım gəlir. Məsələn, Şərqi Avropa ölkələrində belə xidmətə görə uzağı 5 faiz haqq tutulur.
Hər şeydən əvvəl o suala cavab verilməlidir ki, Azərbaycanda son illər taksi xidmətinə niyə belə yüksək ehtiyac yaranıb? Ona görə ki, ictimai nəqliyyat bərbad gündədir. Bəzən hətta gündüz saatlarında da sərnişinin gözlədiyi istiqamətə heç bir avtobus getməyə bilər. Saatlarla dayanacaqda gözləməli olar. Dünyanın "özünə hörmət edən" ölkələrində sərnişinlərlə belə davranmırlar. İctimai nəqliyyat uzağı kiçik gecikmələrlə normal işləməlidir. Düzdür, Azərbaycanda taksi baha deyil. Amma məsələyə həm də tələb-təklif müstəvisində baxmaq lazımdır. Həm sürücülərə, həm də sərnişinlərə indiki şərtlər sərf edir. Sadəcə, sürücülərin istismarına imkan verməmək, eyni zamanda işəgötürmə zamanı prinsiplərə əməl etmək lazımdır. Yəni hər iki tərəfi narazı salan məqamlar aradan qaldırılmalıdır.
Hökumət özünü elə göstərir ki, guya problemi həll etmək istəyir. Lakin indidən inhisar söhbətləri yaranıb. Ortada olan taksi xidməti operatorlarının sıradan çıxarılacağı bildirilir. Halbuki hökumətin üzərinə düşən vəzifə işlək mexanizm yaratmaqdır. Görünən odur ki, daha çox qiymətlərin aşağı olması müzakirə mövzusudur. Bir hökumət vətəndaşın az xərcə düşməsinə görə niyə narahat olsun? Əksinə, çalışmaq gərəkdir ki, dəqiq mexanizm yaransın, sürücülər də, sərnişinlər də razı qalsın.

Tarix: 12-09-2023, 09:58
Xəbəri paylaş





Xəbər lenti