“Uşaq pulu” yoxdursa, uşaq da yoxdur... - Deputatdan ETİRAZ
Ölkəmizdə yeni doğulan uşaqların sayı hər il azalır.
Təkcə yanvarda respublikada 9935 körpə doğulub ki, bu da bir il əvvəlkindən 2,6% azdır. Bu dövrdə hər 1000 nəfərə düşən doğum səviyyəsi 11,5 olub. Doğulan uşaqların 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edib. Bundan əlavə, təkcə 14 yaşınadək uşaqların sayı 2 milyon 250 min nəfərdir.
Ötən il ilə müqayisədə uşaqların sayı 10 min nəfər azalıb. Rəsmi rəqəmlərə əsasən 2015-ci ildə 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəldiyi bildirilib.
Rəqəmlərdən də göründüyü kimi, hər il doğuş sayı azalır. Ailələr bunda maraqlı olmadığını uşaq pulunun verilməməsi ilə əlaqələndirirlər. Vətəndaşlar sosial vəziyyətinin aşağı olması səbəbindən çox zaman 1 uşaqla kifayətlənir ki, bu da rəqəmlərə təsir edir. Uşaq pulunun verilməsi illərdir müzakirə olunsa da, bununla bağlı vətəndaşlar üçün hələ ki ürəkaçan xəbər verilmir. Son illər xüsusilə boşanmaların sayında da bir artım görülür.
Bunu da anlaşmazlıq, xasiyyət uyuşmamazlığı ilə əlaqələndirsələr də, əslində bunun da arxasında çox zaman sırf maddiyyatsızlıq, sosial durumun çətin olması məsələsi dayanır.
DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa "Cümhuriyət"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, ölkəmizdə demorqafik problem kifayət qədər ciddidir:
"Bütövlükdə uşaqların sayının azalması tam da sosial vəziyyətlə bağlı deyil. Bizdə sağlamlıqla bağlı kifayət qədər ciddi problemlər var. Bundan əlavə, köç problemi çox ciddi məsələdir. Çünki uşaqların sayı daha çox kəndlərdə olurdu. Bu gün kənddəkilərin hamısı Bakıdadır. Bakıda nə artım ola bilər?
Adamın perspektivi yox, ev tapa bilmir, ailə planlaşdırmasında düşünür ki, nə qədər az uşaq olsa, faydası olar. Boşanmanın da uşaq sayının artmasında mənfi təsiri var. Yəni bunu sırf “uşaq pulu” ilə əlaqələndirmək də doğru deyil. “Uşaq pulu” verilsə belə, bu, artıma ciddi təsir göstərməyəcək".
Deputat bildirib ki, səbəbləri həll etmək üçün öncə kəndlərdən başlamaq lazımdır:
"Buna görə də insanları “gecəqondu” mühitindən kəndə, rayonlara qaytarmaq, rayonlarda iş yeri açmaq lazımdır. Problemlər üst-üstə gəlir. Hamısı da nəticə olaraq uşaqların sayının azalmasına gətirib çıxarır. Ona görə də vəziyyəti kökündən dəyişməli, müalicəni kökündən başlamalıyıq. Biz sadəcə epizodik olaraq yaraya yod sürtməyə çalışırıq, bu da yaranın sağalması mənasına gəlmir".