“Neft kəməri keçən ərazidə tullantıları yandırırlar” - Fotolar
“Dəfələrlə demişik ki, ərazidən neft kəməri keçir, yandırmayın. Amma məsələyə diqqət edən yoxdur”.Bu şikayətlə “Qafqazinfo”ya Binə qəsəbəsi Atçılıq yaşayış massivinin sakinləri müraciət ediblər.
Sakinlərin sözlərinə görə, ərazidəki məişət tullantılarının yandırılması təhlükəli vəziyyət yaradır: “Nə tüstüsündən dayanmaq olur, nə də iyindən. Nə qədər demişik ki, bura insanların yaşadığı yerdir, yandırmayın, amma xeyri olmayıb. Hər dəfə eyni mənzərə ilə qarşılaşırıq. Heç bir tədbir görülmür”.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazinin yaxınlığında məişət tullantılarının atılması üçün konteynerlər olduğu halda, tullantıların sakinlər tərəfindən bəzi hallarda məhz nəzərdə tutulmayan ərazilərə atılması müşahidə olunur: “Bununla belə, aidiyyəti qurum tərəfindən gündəlik olaraq tullantıların daşınması təmin olunur.
Əlavə olaraq bildiririk ki, məsələ ilə əlaqədar müvafiq zəruri tədbirlərin görülməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət ünvanlanıb, ərazinin nəzarətdə saxlanılması məqsədilə isə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırıq verilib”.
Tarix: 24-09-2023, 11:10