İşdə xəsarət alan qazmaçı ödəniş edilməməsindən şikayətçidir
Fikirləşmirlər ki, necə dolanıram” Şirvan şəhər sakini İlyas Mahmudov bu il, aprelin 7-də işdə xəsarət alıb. Onun sol əlinin iki və üçüncü barmaqları 1-ci buğundan, eləcə də sol ayağının bütün barmaqları ambutasiya olunub. Ancaq deyir ki, xəstəlik vərəqini çalışdığı “Şirvan Oyl” Əməliyyat Şirkətinə təqdim etsə də, bugünə qədər ödəniş olunmayıb. “Fikirləşmirlər ki, necə dolanıram”, – deyən İlyas Mahmudov sözügedən şirkətdə qazmaçı kimi çalışıb. Onun sözlərinə görə, müalicəsi hələ də davam edir: “Mənimlə bağlanan əmək müqaviləsinin müddəti gələn ay bitir. Doğrusu, şirkət işdən çıxarmaqla bağlı heç nə deməyib. Lakin müvafiq komissiyadan keçmək üçün Bakıya göndərdilər. Müayinə edən həkimlər dedilər ki, xəsarətlər çoxdur, əli hərəkət etdirmək çətindir. Hələlik əlillik verilib-verilməyəcəyini də bilmirəm”. “Xəstəlik vərəqəsini avqustun 1-də təqdim eləmişəm. Şirkət deyir ki, ödənişlə bağlı gecikmə onlarlıq deyil. Həyat yoldaşım evdar qadındır, üstəlik, himayəmdə yataq xəstəsi olan anam var”, – şikayətçi deyir. “Şirvan Oyl” Əməliyyat Şirkəti 3 fevral 2009-cu ildə imzalanmış, 22 may 2009-cu ildə Parlament tərəfindən təsdiqlənmiş hasilatın pay bölgüsü sazişi əsasında “Kürovdağ” yatağının istismarı ilə məşğuldur. Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət olan “Global Energy Azerbaijan Group”un (“GEA”) operatoru olduğu 5 Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) iştirakçısıdır . Rəhbəri Aleksandr Alekseeviç Anoxindir. Şirkətdən Meydan TV-yə bildiriblər ki, vəsaitin ödənilməsi şirkətlə bağlı məsələ deyil. Qurumdan əlavə məlumat vermək istəməyiblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildiriblər ki, müraciəti araşdırandan sonra açıqlama verəcəklər. Meydan.TV