Masazırda qanunsuz tikinti “mafiya”sının ortağı ÜZƏ ÇIXDI – “Göl” ərazisində torpaqları satan Seymur Məmmədov kimdir?

Abşeron rayonu Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə kütləvi şəkildə icazəsiz həyət evlərinin tikilməsi ilə bağlı məlumat yayımlamışdıq. Həmin materialda qeyd olunan ərazidə tikinti işlərini həyata keçirən şəbəkənin Abşeron Rayon İcra Hakimiyyəti ilə anlaşaraq işlərini rahat şəkildə davam etdirdiyi bildirilmişdi. 

Eyni zamanda, Bakıətrafı ərazilərdə qanunsuz həyət evləri və yaşayış binalarının tikintisinin ən geniş yayıldığı məntəqələrdən birinin məhz Abşeron rayonu Masazır qəsəbəsinin olduğu da diqqətə çatdırılmışdı.

"Azərbaycan Reallığı" xəbər verir ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox “göl” adlanan ərazidə aparılır. Vaxtilə yaxınlıqdakı evlərdən tullantı sularının axıdıldığı kanalizasiyanın keçdiyi və kəskin üfunətin baş çatlatdığı həmin ərazi hazırda işbazlar tərəfindən müxtəlif üsullarla qurudularaq yerində həyət evləri tikilir.

O da qeyd olunmuşdu ki, “göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən həyata keçirilir. Maklerlərin Abşeron Rayon İcra Hakimiyyəti ilə “anlaşdığı” və hər qanunsuz evin tikintisi üçün 2300 manat “hesab” ödədiklərinin iddia olunduğu da materialda öz əksini tapmışdı.

Aparılan araşdırmada o da məlum olmuşdu ki, hazırda “göl” adlı ərazidə ümumilikdə 250-dən çox həyət evi qanunsuz olaraq tikilərək satılıb. 100-ə yaxın evin tikintisi isə davam etdirilir. Ərazidə yaşayan sakinlər isə haqqında danışılan qanunsuz həyət evlərinin tikintisinin əsasən, Elçin və Xəyal adlı şəxslər tərəfindən aparıldığını söyləmişdilər. Maraqlıdır ki, sakinlər adları çəkilən bu şəxslərin Sumqayıt Şəhər İcra Hakimiyyətində yüksək vəzifə tutan məmur tərəfindən himayə edildiyini bildirmişdilər.

"Azərbaycan Reallığı"na daxil olan yeni məlumatda Masazır qəsəbəsində “göl”adlanan ərazidə qanunsuz evlərin tikintisi ilə məşğul olan maklerlərin himayədarlarından, daha doğrusu, şəriklərindən birinin “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədov olduğu iddia edilib.

Seymur Məmmədov vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyib. Əldə etdiyimiz məlumata görə, maklerlərə Masazırdakı “göl” adlı ərazidəki topraq sahələrinin əlverişli şərtlərlə satışını da məhz Seymur Məmmədov təşkil edir.

“Sumqayıt Bulvar” MMC-nin rəhbərinin “göl”ətrafı ərazilərdə torpaq sahələrini satmaqla bərabər, Abşeron Rayon İcra hakimiyyəti ilə qanunsuz tikinti aparan maklerlərin arasında vasitəçilik etdiyi də vurğulanır. Ümumiyyətlə, Seymur Məmmədovun adı ölkə mətbuatına heç də yad deyil. Mediada cəmi bir neçə ay əvvəl yayılan xəbərlərdə Seymur Məmmədovun dələduzluğa görə məhkəməyə verildiyi bildirilirdi.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

AZƏRBAYCANREALLIĞI.COM    
Tarix: 2-10-2023, 22:22
Xəbəri paylaş





Xəbər lenti