Hövsanda binanın zirzəmisində obyekt tikilir: İcra “qanunsuzdur” deyir - FOTOFAKT


bitmap-img6

Bakıda beşmərtəbəli binanın zirzəmisində obyekt tikilir. Söhbət Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi, 24-cü binanın 2 nömrəli mənzilinin zirzəmisindən gedir.

Bizim.media-ya bu iddia ilə müraciət edən bina sakinlərinin sözlərinə görə, zirzəmidə iaşə obyekti tikilir. Hətta binanın sütununa da müdaxilə edilib.

Onlar hesab edirlər ki, əgər tikinti dayandırılmasa, bina təhlükəli vəziyyətə düşə bilər.

Zirzəmidə qazıntı işlərinə təxminən iki ay əvvəl başlanıldığını vurğulayan sakinlər müvafiq qurumlara məlumat verdikləri üçün aparılan işlərin müvəqqəti dayandırıldığını qeyd ediblər. Ancaq bir həftə sonra yenidən tikinti işlərinə başlanılıb. Sakinlər növbəti dəfə etiraz ediblər. Bundan sonra zirzəmi plomblanıb. Hazırda isə orada hər hansı iş aparılmır.

Şikayətçilərin sözlərinə görə, zirzəmi Dövlət Əmlak Komitəsi tərəfindən Günel Şirin qızı İbrahimovanın adına özəlləşdirilib. Yəni özəl mülkiyyətçi odur. Amma obyektin sahibi başqa bir şəxsdir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Orxan Camalov bildirib ki, həqiqətən də, zirzəmidəki sütuna müdaxilə edilirdi, lakin bu cəhdin qarşısı alınıb:

“Müdaxilə etmək istəyirdilər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi ilə birgə qarşısını aldıq. FHN tərəfindən ora plomb vurulub. Obyekt-filan açılmayacaq. Səhv etmirəmsə, o məsələ ilə bağlı cinayət işi də açılacaq. Bir sözlə, orada işlər dayanıb və hər gün nəzarət olunur”.

Sakinlərin iddiasına görə, işlər dayandırılsa da, bu, müvəqqəti xarakter daşıyır. Bildirirlər ki, bir müddət sonra yenidən tikintiyə başlanılacaq.
Tikintiyə nəzarət və icazə ilə bağlı aydınlıq gətirilməsi üçün FHN, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə yaradılsa da, bu qurumlardan hər hansı açıqlama verilməyib.

Obyekt sahibinin kimliyinə gəlincə, məlum olub ki, bu, Sakit İbrahimovdur. O, zirzəmidə hər hansı qazıntı və ya tikinti işlərinin aparılmadığını deyib:

“Bunu söyləyənlər ağ yalan danışırlar. Dəli olmaq lazımdır ki, öz obyektinin sütununa problem yaradasan və sütun başına uça... Şəxsən sizi dəvət edirəm, gəlin öz gözlərinizlə baxın. Mülkiyyətimdə olan bir yerə məgər icazə ilə girib-çıxmalıyam? Ya obyekti təmir edəndə kimdənsə icazə almalıyam? Həmin binanın 99 faizi obyekt kimi fəaliyyət göstərir.

Sadəcə, iki ay əvvəl oranı yüngül təmir etdirmişəm. Vəsaitimiz çatmadı deyə təmiri saxladıq. Hazırda orada iş getmir. İmkanımız olanda yenə təmir planlaşdırırıq. Mən sizi əmin edirəm ki, bu məlumat qərəzli şəkildə yayılıb”.

Göründüyü kimi, rəsmi qurum, yəni Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi, həqiqətən də, zirzəmidə qanunsuz müdaxilənin aparıldığını təsdiqləyib.

Bu azmış kimi, sütuna müdaxilə aşkarlandığı üçün Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə işə müdaxilə etdiklərini, qazıntı işlərinin qarşısının alındığını bildirib. Amma obyekt sahibi bütün bunları inkar edərək, sadəcə, obyektdə təmir işləri apardığını qeyd edib.

Tarix: 4-10-2023, 13:38
Xəbəri paylaş





Xəbər lenti