Ekspert: “Halal kolbasaların tərkibi araşdırılan zaman məlum olur ki, ona mal əti əvəzinə at, eşşək əti vurulur, buna görə inam-etibar yoxdur”
Azərbaycanda kolbasa-sosis məhsulları ilə bağlı istehlakçıların aldadılması məsələsi hələ də aktual olaraq qalır. Sanki əbədi, həlli olmayan bir problemlə üz-üzəyik. “Çox təəssüflər olsun ki, bəzi işbazlar xüsusən də kolbasa-sosiska istehsalı ilə məşğul olan işbazlar ən çox vaxtı keçmiş ətlərdən və yaxud at, eşşək ətlərindən istifadə edir. Deyə bilərəm ki, ölkədə 70 faiz kolbasa-sosiska istehsalında at və eşşək ətindən istifadə olunur. Həmçinin bəzi dönərxanalara verilir ki, bəzən də bu zəhərlənmələrə səbəb olur”.
Bunu tanınmış həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a açıqlamasında bildirib. Həkim at ətinin hansı səbəbdən tibbi baxımından qadağan olunmasına isə belə aydınlıq gətirib: “At kəsilən kimi artıq 5-10 dəqiqə ərzində əti keyfiyyətsiz olur. Xüsusən də yay fəslində at, eşşək, qatır kəsiləndə onların ətinin tərkibində ağır zəhərlənməyə yol açan 3 maddə olur. Araşdırmalara görə, eşşək və dəvədən fərqli olaraq bu maddə at ətində 70 faiz daha çoxdur. Bu maddə hətta öldürücü xassəyə malikdir. Atlarda çox qorxulu - zoonos mənşəli infeksiya olur ki, bu infeksiya daha çox baytar işçilərində rast gəlinir, çünki onlar mütəmadi olaraq atlarla təmasda olurlar. Beləliklə də at əti orqanizmdə zəhərlənmələrə səbəb olur. Böyrəyində problem olan insanlar cəmi bir ay ərzində bir neçə dəfə at ətindən istifadə edərsə, tez bir zamanda böyrəyi tamamilə sıradan çıxır, yəni, böyrəyin fəaliyyətinə çox mənfi təsir göstərir. Həmçinin qaraciyərə dağıdıcı zərbə vurur, qaraciyərdə problem varsa, onun kəskinləşməsi baş verə bilir”.
Öz növbəsində qida mühəndisi Ağa Salamov da bizimlə söhbətdə deyib ki, insanların kolbasa-sosislərə inamsızlığının səbəbi at, eşşək ətinin kolbasalara, konservləşdirilmiş məhsullara vurulması ilə bağlıdır: “İşbazlar tərəfindən bəzən halal dönər adlandırırlar, amma AQTA gedib araşdırır, məlum olur ki, heç bu dönərdə mal əti də yox imiş, at əti var imiş. Misal üçün, halal kolbasaların tərkibi araşdırılan zaman məlum olur ki, burada mal əti əvəzinə at, eşşək əti vurulur. Ona görə inam-etibar yoxdur. Halal sertifikat yalnız ”bismillah" deməklə kəsilən məhsula deyilmir. Halallıq birinci tarladan başlayır. İri və xırdabuynuzlu heyvanların yedikləri yem orqanik olmalıdır, təbii olmalıdır. Vaxtlı-vaxtında peyvəndi vurulmalıdır. Halal heyvan sağlam olmalıdır. Xəstə heyvanları kəsib vermək olmaz".
Bəs belə vəziyyət daha nə qədər davam edəcək? Görəsən, kolbasa sexlərin rəhbərləri öz məhsullarından yeyirmi? Yaranmış durumda istehlakçılar nə etməlidir? Başqa, xüsusən də qonşu ölkələrdə, məsələn, qardaş Türkiyədə bu sahədə durum necədir? Həmin kolbasalardan özləri də yeyirmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kolbasanı ayırd etmək o qədər də asan məsələ deyil: “Birinci növbədə insanlar, istehlakçılar diqqətlə kolbasların etiket məlumatlarını oxusunlar və orada şübhəli bir məqam görərlərsə, bu zaman maldan şübhələnə bilərlər. Ümumiyyətlə, xaricdən gələn kolbasalar, sosiska məmulatlarında etiket məlumatları Azərbaycan dilində deyilsə, belə məmulatdan imtina etsinlər. Xüsusən Rusiyadan, Ukraynadan və digər ölkələrdən gələn kolbasalarda ehtiyatlı olsunlar. Ən çox təhlükəli kolbasalar onlardır. Çünki onlar uzaq yol gəlmək üçün çoxlu kimyalaşırlar. Baxmayaraq ki, sanki dadları yaxşıdır. Hər halda bütün hallarda yerli mallara üstünlük versinlər, yəni istehlakçı etiket məlumatından qaynaqlana bilər. Üstəlik hansı malın buraxılma tarixində yararlıq müddəti arasındakı məsafə azdırsa, o mala üstünlük versinlər. Əgər alıcılar kolbasada problem hiss edərlərsə, mütləq 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.
Ekspert əlavə edib ki, üzərində “halal” yazılmasına baxmayaraq tərkibində donuz əti aşkarlanan məhsulları bazara çıxarmaq qətiyyən yolverilməzdir: “Ümumiyyətlə, halal sertifikatı ilə bağlı illərdir problemlər yaşanır. İstehlakçıların aldadılması prosesi baş verir. Ona görə də, aidiyyəti qurumların bu kimi reydlər keçirməsini yüksək qiymətləndirirəm. Qeyri-qanuni kolbasa istehsal edən bunlara nəzarət etmək çətindir. Hesab edirəm ki, bu məsələdə ictimai nəzarət güclü olmalı, əhali belə sexlər barədə AQTA-ya məlumat verməlidir”.
Bir neçə kolbasa istehsal edən şirkətə də zəng vurub bizi maraqlandıran sualları ünvanlanmağa çalışdıq. Qeyd edək ki, neçə şirkətlə əlaqə saxlamağa cəhd etsək də, suallara cavab verməkdən yayınanlar oldu. Adları AQTA-nın “qara” siyahısında olan şirkətlərdən “Ovçular”, “Kral” şirkətləri ilə də əlaqə saxlamaq mümkün olmadı.
Nəhayət, halal kolbasa məmulatları istehsalçısı olan “SAB” şirkəti ilə danışa bildik. Şirkətin marketinq meneceri Taleh Mehtiyev “Yeni Müsavat”ın suallarını cavablandırdı: “Şirkətimizdə, heç bir məhsulumuzda qüsur aşkarlanmayıb. Təbii ki, biz öz məhsullarımızı yeyirik də, hətta hər ayın sonu işçilərimizə istehsal etdiyimiz məhsullardan pay da veririk. Bizdə halal seqment üzrə kolbasalar istehsal edilir. Sırf bu məqsədlə başlamışıq, hələ o vaxt sovetin dövründən sonra heç kim inanmırdı ki, halal kolbasa dadlı olar. Hamı donuz ətinə öyrəşmişdi. Biz risk edib bazara girdik. Sonradan başqa firmalar da gördü ki, halal adı ilə kolbasaları almaqda maraq var, onlar da bazara girməyə başladılar”.
Tarix: 14-10-2023, 09:57