Bu şəxslər kommunal xərclərdən azad ediləcək?

Müasir dövrdə peşələr arasında gender bərabərsizliyi daha da dərinləşməkdədir. Məsələn, bank sektorunda çalışan qadınların sayı kişilərlə nisbətdə xeyli azdır. Təhsil sahəsində isə vəziyyət bir qədər fərqlidir. Son illər ərzində pedaqoji sahəyə meyllənən kişilərin sayı xeyli azalıb.
 
Elm və Təhsil Nazirliyinin 2022-ci ildə açıqladığı sonuncu statistika göstərir ki, həm regionlarda, həm də paytaxtda fəaliyyət göstərən kişi və qadın müəllimlərin sayı arasında kəskin fərq var. Belə ki, Azərbaycanda ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. Bunlardan 33 min 312 nəfər paytaxtda fəaliyyət göstərir. Paytaxt Bakıda çalışan kişi müəllimlərin sayı 2590 nəfər, qadın müəllimlərin sayı isə 30 min 722 nəfərdir.
 
Regionlarda isə vəziyyət nisbətən yaxşıdır. Bütün regionlar üzrə pedaqoq kimi fəaliyyət göstərən 110 min 433 müəllimin 19 min 871-i kişi, 90 min 562-i isə qadındır.
 
Bəs görəsən bunun əsas səbəbi nədir? Problemi necə həll etmək olar?
 
Pravda.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov referans.az-a açıqlamasında bildirib ki, orta ümumitəhsil məktəblərində kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir.
 
"İlk növbədə qeyd edim ki, bu gün Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir. Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hal hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və uşaq xarakterinin formalaşması ilə bağlıdır.
 
Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin, evdə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür".
 
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda müəllimlərin aldığı əməkhaqqının məbləği təhsil sektorunda kişi müəllimlərin sayına təsir edən faktorlardan biridir.
 
"Etiraf edim ki, bu gün müəllimlərin aldığı əməkhaqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq görərik ki, həmin dövrlərdə kişi və qadın müəllimlərin nisbəti 50/50 vəziyyətində idi. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinliklər müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonrakı dövrlərdə ölkədə sabitlik hökm sürən dövrlərdə də müəllimlərin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı.
 
Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər.
 
Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bir kənara atıb normal maaşlı iş axtarmağa məcbur olur".
 
Kamran Əsədov dünyanın bir çox inkişaf etmiş ölkələrində hətta uşaq bağçalarında tərbiyəçi qadınların belə olmadığını deyib. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bu qadınların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri demək deyil. Ekspert düşünür ki, kişilərin sayı qadınlardan üstün olan ölkələrdə təhsilin keyfiyyətində müsbət nəticələr var.
 
"Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb".
 
Ekspert vurğulayıb ki, kişilərin pedaqoji fəaliyyətə cəlb edilməsi üçün zəruri olan əsas addımlardan biri müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır.
 
"Dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin.
 
Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Bilirsiz, müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik. Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir".
Tarix: 27-12-2023, 08:42
Xəbəri paylaş





Xəbər lenti