Lombardları kim himayə edir? - “Qanun layihəsi hazırdır, amma müqavimət var”

    

Lombardları kim himayə edir? -
Son dövrlər Azərbaycanda geniş yayılan fəaliyyət növlərindən biri də lombardlardır.

Sahibkar vətəndaşlardan aldığı girov qarşılığında onlara müəyyən faizlə pul verir. Əgər vətəndaş həmin faizi qısa bir müddət ərzində gecikdirsə, onun qızıl əmanəti mənimsənilir. İnsanların çarəsizliyindən, imkansızlığından istifadə edən bu şəxslər onların son ümid yerini də beləcə puça çıxarırlar. Qızıl girovunu dəyərindən dəfələrlə əskik qiymətləndirir, yüksək faizlər qoyur, bir neçə gün ödəniş edilmədikdə girov mənimsənilir.

Son olaraq Bakıda “Xəyal lombard” adı ilə tanınan şəxsdən çoxsaylı şikayətlər yayılıb. Vətəndaşlar lombard sahibinin onların qızıllarını və qaytardıqları vəsaiti mənimsədiyini bildirirlər.

Oxşar təcrübə Azərbaycanda ilk deyil və lombardların belə qanunsuz fəaliyyətindən narazı qalan çox sayda vətəndaş var.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, lombardların fəaliyyəti ilə bağlı faktiki olaraq qanun yoxdur:

“Qanun layihəsi hazırlanıb və parlamentə təqdim edilib. Lakin bu qanun nəyə görəsə qəbul edilmir. Kimlərsə bu məsələyə müqavimət göstərir. Digər tərəfdən, qanun olmasa belə, lombard faizə pul verən kredit təşkilatıdır. Burada faiz məhdudiyyəti yoxdur. Lombard sahibi istənilən faizlə vətəndaşa pul verə bilir. Lombardın bank və bank olmayan kredit təşkilatlarından fərqi budur ki, sahibkar öz pulunu faizə verir. O, başqa yerlərdən pul cəlb edə bilməz. Azərbaycanda lombardların nizamnamə kapitalına baxsa görərik ki, onların həcmi çox cüzidir. Bu, o deməkdir ki, lombardlar öz pulunu kreditə vermir. Başqa yerdən pul cəlb edərək vətəndaşlara yüksək faizlə pul təkilf edirlər. Bu isə qanunsuz bank fəaliyyətidir”.

Ekspert həmçinin qeyd edib ki, özbaşınalıqlara görə həmin lombard sahibləri qanunla məsuliyyətə cəlb edilməlidir:

“Lakin təəssüf ki, bu istiqamətdə heç bir iş aparılmır. Digər bir qanun pozuntusu isə odur ki, lombardlar vətəndaşların verdiyi qızılı məhkəmə olmadan onların əlindən alır və mənimsəyirlər. Bu, qanunun tələblərinə ziddir. Azərbaycanda fəaliyyət göstərən lombard sahibləri qanunun tələblərinə əməl etmirlər. Qanunda olan boşluqlara görə bundan istifadə edən lombard və kredit təşkilatları xeyli varlanırlar”.

Tarix: 27-12-2023, 22:52
Xəbəri paylaş





Xəbər lenti