Azərbaycanda orta məktəb təhsili valideynləri narahat edən mövzudur. Onların bir çoxu özəl məktəblərin bahalı olduğunu, dövlət məktəblərinin keyfiyyətinin isə aşağı olduğunu deyirlər.
Nadir Ağaverdiyevin qızı məktəbə qədər hazırlığa gedir. Valideyn deyir ki, məktəb seçimi etmək ona və həyat yoldaşına elə də asan olmayıb, dövlət məktəblərini isə əvvəlcədən seçim siyahısından çıxarıblar.Nadir Ağaverdiyev deyir ki, özəl məktəbdə qızının sinfində cəmi 20 şagird təhsil alır. Tədris ingilis dilində aparılsa da, uşaqlara dövlət dili olan azərbaycan dili, seçimdən asılı olaraq, əlavə iki xarici dil də öyrədilir. Burada şagirdlərin gündəlik yemək menyusu əvvəlcədən valideynlərə göndərilir, uşaqlar üçün əlavə dərnək və oyunlar, eyni zamanda valideynlər üçün oxu günləri də təşkil edilir.
Valideyn hesab edir ki, hazırda Azərbaycan dövlət məktəblərində təhsilin keyfiyyəti sırf müəllimlərdən asılıdır. Onun fikrincə, bu müəllimlər hər şeyi öz güclərinə edirlər, dövlət isə minimal şərait yaradır.
Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli də dövlət məktəblərində peşəkar müəllimlərin çalışdığını, amma saylarının az olduğunu deyir. Onun qızı əvvəllər özəl məktəbdə oxusa da, sonradan dövlət məktəbinə keçid edib. Valideynin müşahidələri isə heç də ürəkaçan olmayıb.
Kitab biznesi ilə məşğul olan sahibkar məktəblərdə normal kitabxanaların olmamasını da əsas problemlərdən biri kimi görür. O hesab edir ki, mütaliəsiz və alternativsiz mühitdə şagirdlər zərərli, faydasız mənbələrə meyil edəcəklər.
Nigar Köçərli valideynlərin etirazının, keyfiyyətli təhsil tələbinin vacib olduğunu deyir.
Nazlı Pəncəliyeva 3 ildən artıqdır ki, özəl məktəblərdə müəllim olaraq fəaliyyət göstərir. Onun fikrincə, Azərbaycanda dövlət məktəblərindəki əsas şikayətlərdən biri kurikulum sisteminin yanlış tədrisi ilə bağlıdır. Pedaqoq bunu Sovetin ənənəvi tədris üsulu ilə əlaqələndirir.
Nazlı Pəncəliyeva deyir ki, özəl məktəblərdə şagirdlər daha çox özünüifadə, araşdırma bacarığına fokuslanırlar.
Pedaqoq dövlət məktəblərindəki həmkarlarının işə qəbul prosesinin çətinliyini, gərəksiz sayda yazılarla yükləndiyini, onlara lazımi əmək haqqının təklif edilmədiyini bildirir. Buna görə o hesab edir ki, kreativ ideyaları olan, azad mühitdə çalışmaq istəyən gənc müəllimlər, əsasən, özəl məktəblərə yönəlirlər.
Təhsil iqtisadçısı Elçin Rəşid hesab edir ki, Azərbaycanda Təhsil nazirliyi şagirdlərdən daha çox məktəbin maraqlarını qoruyur. Ekspert, həm də deyir ki, dövlət məktəblərində şagirdlərin lazımsız kontentlə yüklənməsi, alternativ öyrənmə mənbələrindən imtina şagirdlərdə həvəssizliyə səbəb olur.
Elçin Rəşid Azərbaycanda özəl məktəblərin bahalığını Təhsil nazirliyi tərəfindən yaradılan süni giriş baryerlərində və subsidiyalar əvəzinə təyin edilən vergilərdə görür.
Tarix: 28-12-2023, 20:51