İstehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, monitorinqlər çərçivəsində indiyədək 299 sahibkarlıq subyektində 4220 məhsula baxış keçirilib. Yoxlamalar zamanı müəyyən olunan uyğunsuzluqlar əsasən məhsulları qablaşdıran müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçməməsi, qutuların üzərində qablaşma, məhsulun üzərində son istifadə tarixi barədə məlumatların yazılmaması, markalanmanın olmaması və yaxud düzgün aparılmaması və digər hallarla bağlı olub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar agentliyin Bakı regional bölməsi tərəfindən 17 sahibkarlıq subyektindən 403, Qazax-Tovuz regional bölməsi tərəfindən 14 sahibkarlıq subyektindən 789, Dağlıq Şirvan regional bölməsi tərəfindən 13 sahibkarlıq subyektindən 654, Mil-Muğan regional bölməsi tərəfindən 10 sahibkarlıq subyektindən 158, Mərkəzi Aran regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektindən 62, Qarabağ regional bölməsi tərəfindən 7 sahibkarlıq subyektindən 43, Gəncə-Daşkəsən regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 140, Şəki-Zaqatala regional bölməsi tərəfindən 1 sahibkarlıq subyektində 60, Şirvan-Salyan regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 171, Quba-Xaçmaz regional bölməsi tərəfindən 2 sahibkarlıq subyektində 45, Abşeron-Xızı regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektində 85 qutu məhsul satışdan kənarlaşdırılıb.
Hazırda Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər davam etdirilir.
AQTA bir daha vətəndaşları ticarət şəbəkələrindən Yeni il hədiyyə qutuları alarkən diqqətli olmağa çağırır. Eyni zamanda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələri yarandığı təqdirdə, bu barədə agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş edilir.