Ödənişli yolda sürücülərdən artıq pul alınır, AAYDA özünə haqq qazandırır
Bir müddət əvvəl istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücülər narazıdırlar. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.Sürücülər bildiriblər ki, getdikləri yolun məsafəsindən asılı olmayaraq, onlardan artıq ödəniş tələb edilir:
“Əslində giriş zamanı avtomobilin nömrəsi qeyd edilməli, çıxışda yazılan məbləği ödəməliyik. Yeni yolda isə bu nəzərə alınmayıb, standart məbləğ əvvəldən alınır. Əgər fikrinizi dəyişib, gedəcəyiniz yolu bitirsəniz, qalıq pulu verən olmayacaq”.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlanılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hələlik ödəniş bu qaydadadır:
“Yol istifadəyə verilən zaman müvəqqəti olaraq ödənişin bu qaydada olacağı barədə məlumat verilib. Yaxın müddət ərzində artıq xüsusi çipli kartlar dövriyyəyə buraxılacaq və mobil tətbiq yaradılacaq. Xüsusi çipli kartlar vasitəsilə artıq məntəqələrdə dayanmağa ehtiyac olmayacaq. Nəticədə sistem həmin avtomobili tanıyacaq və çıxışda qət etdiyi məsafəyə uyğun olaraq balansdan məbləğ çıxılacaq. Yəni hər şey avtomatik rejimdə olacaq. Dayanmağa, ödəniş etməyə ehtiyac yaranmayacaq”.
Tarix: 4-01-2024, 09:33