Dövlət Sosial Müdafiə, yoxsa MƏNİMSƏMƏ Fondu? - ETİRAZ

Dövlət Sosial Müdafiə, yoxsa MƏNİMSƏMƏ Fondu?
ƏƏSMN və tabeliyindəki qurumların Qarabağ əlillərinə, qazilərə, şəhidlərə, pensiyaçılara “səlib yürüşü” hələ də sürür. “Başına gələn başmaqçı olar”, deyiblər. 10 aydır 1 BİİM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarla pensiyama əlavə olunan 110 manatı 01.04.2023-cü ildən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mənimsəyib yeməsinə qiymət verilmir. 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasının məmur yeminə çevrilməsinə nə Azərbaycan Respublikasının Prezidentinin köməkçiləri, nə insan hüquqları üzrə müvəkkili, nə Nazirlər Kabineti, nə Baş prokurorluq, nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə məhkəməsi, nə parlamenti son qoyur. Hamısı şikayəti barəsində şikayət edilən quruma göndərməklə işini bitmiş sayır və mənimsəmə faktına Konstitusiyaya zidd olaraq haqq qazandırılır.

Növbədənkənar prezident seçkilərinin təyin olunması ilə sosial yeyintinin dayanacağına olan ümidlər də doğrulmadı. Əksinə, DSMF yetkililəri borclu olduqları 6 il qabaqkı məhkəmə qərarını gizlətməklə sosial müdafiə adına MƏNİMSƏMƏ ilə məşğul olduqlarını ortaya qoyublar. Elə bil DSMF- Dövlət Sosial Müdafiə Fondu yox, SOSİAL MƏNİMSƏMƏ FONDUDUR!(?)

İndicə DSMF sədrinin müavini Zəka Mirzəyevin 26.12.2023 tarixli NK Aparatından daxil olan 22.11.2023 tarixli məktubuna qanunsuz cavabını aldım. Birinci qanunsuzluq müraciətə ən geci 15 günə cavab verilməli olduğu halda, bir ay dörd günə cavab verilməsi, ikincisi müraciətin özünün saxtalaşdırılması, məhkəmə qərarının gizlədilməsidir. Konstitusiyanın, “Əmək pensiyaları haqqında” qanunun düzgün tətbiq olunmaması başlıca qərəzi, özbaşınalığı, mənimsəməni bir daha ortaya qoyur. Konstitusiyaya hörmətsizliyə baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını borclu gah ləğv edir, gah gizlədir !(?) Elə bil heç belə məhkəmə qərarı olmayıb! Hələ üstəlik 110 manatın kəsilməsini Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə zidd olaraq “Əmək pensiyaları haqqında” qanunun 15 il qüvvədə olan 19-cu maddəsinin 2021-ci ildən ləğv edilməsi ilə əsaslandırırlar. Onda bu Konstitusiya nəyə gərəkir? ƏƏSMN-in, DSMF-in... hüquq doktorları başbilənləri bilmir ki, qanunun geriyə qüvvəsi yoxdur ? Deyəsən bilmirlər, bilsəydilər, dövlətin adından çıxarılan məhkəmə qərarını “ləğv edib”, gizlədib borclu olduqları iş üzrə tələbkar 1-ci dərəcəli Qarabağ qazisindən 3188 manat tələb etməzdilər. Bu hələ harasıdır, DSMF sədrinin müavinin adından Prezidentin 23.12.2021 tarixli Fərmanı ilə hərbi qulluqçu pensiyaçıların pensiyalarına əlavə olunmalı 20 faiz əlavənin verilməməsini “Əmək pensiyaları haqqında” qanuna 13.05.2022 tarixli qanunla əlavə olunan 1.0.19 maddəsi ilə , 05.11.2022 tarixli qanunla 29.2 maddəsinin ləğv olunması ilə izah edirlər. Tarixlərə fikir verin, 2021 tarixli qanunu ona görə tətbiq etmirlər ki, bir il sonrakı 2022 tarixli qanun(lar) prezident fərmanını qüvvədən salıb!(?) Bəs qanunların icrasına və tətbiqinə nəzarət etməli olan baş prokurorluq bir yana, Maliyyə Nazirliyi, Hesablama Palatası hara baxır? Niyə açıq-aşkar dələduzluğa, maliyyə pozuntusuna qiymət verilmir?

Maliyyə özbaşınalığı, qanunların düz izah və tətbiq edilməməsinin daha bir açıq sübutu “Əmək pensiyaları haqqında” qanuna 13.05.2022 tarixli qanunla əlavə olunan 37.3.2-1 maddəsində özünü göstərir. Bu maddəyə görə, qulluq stajına görə əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər işləməyə DAVAM EDƏRSƏ, onların pensiyaları MÜRACİƏTLƏRİNƏ əsasən yenidən hesablanır. Lakin DSMF-in pensiya orqanları bu maddəni ciblərinə uyğun izah edib tətbiq etmirlər ki, pensiyaçı işini DAVAM ETDİRİR. Özbaşınalığa baxın, qanun elə işi davam etdirənlərin pensiyalarının yığılan sığorta kapitalına uyğun yenidən hesablanmasını doğrulayır də! Bu özbaşınalıqda “işləməyən kateqoriya” anlayışının bilərəkdən düzgün qavranılmaması, izah edilməməsi də önəmli rol oynayır. Yəni DSMF yetkililəri “işləməyən kateqoqoriya” anlayışını işi dayandırmaqla qarışdırırlar. Bəlkə biri ölənəcən işləməyi DAVAM ETDİRİR, belə çıxır, öləndən sonra pensiyası yenidən hesablanacaq? Dövlətin sosial təminat siyasəti belə olur? Onda bu Konstitusiya, bu qanun, bu dövlət, bu siyasət nəyə gərəkir?

Məğrur BƏDƏLSOY, hurriyyet.az
Tarix: 8-01-2024, 17:37
Xəbəri paylaş





Xəbər lenti