Bakı Nəqliyyat Agentliyi bu vəzifəli şəxsin qardaşına verilibmiş - FOTO


Xəbər verdiyimiz kimi, ötən ilin aprel ayında bir sıra qurumlarla yanaşı, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyinə verilib. Birləşmədən sonra Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli vəzifəsini itirib.

Vüsal Kərimli BNA-ya rəhbərlik etdiyi dövrdə müsbət yenilikləri ilə deyil, daha çox cərimələri ilə ictimiyyətin yadında qalıb.

Bəs hazırda paytaxtın ictimai nəqliyyatına cavabdeh olan şəxs kimdir? 
 
Demokrat.az-ın məlumatına görə, hazırda Bakı Nəqliyyat Agentliyinə (BNA) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun qardaşı Heydər Rüstəmov rəhbərlik edir. 

Heydər Rüstəmov həm də “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin sədr müavinidir. Vüsal Kərimlinin gedişindən sonra Bakı Nəqliyyat Agentliyi rəsmi olaraq onun adına rəsmiləşib. 

Heydər Rüstəmov həm AYNA-nın sədr müavini, həm də Bakı Nəqliyyat Agentliyinin yeni rəhbəri kimi hələ ki, diqqətçəkən yeniliklər edə bilməyib. Əksinə, yollarda tıxac problemi əvvəlki kimi qalmaqla yanaşı, Bakının əksər küçə yolları qəfil xətlənərək, daraldılır və parkinqə çevrilir. Hətta, restoran, market və digər iaşə obyektlərinin də özlərinə məxsus olan dayanacaq yerlərinin AYNA tərəfindən qəfil zəbt olunaraq, parkinqə çevrilməsi barədə şikayətlərin sayı artmaqdadır. 

Göründüyü kimi, Vüsal Kərimli postundan getsə də, ancaq paytaxt Bakının nəqliyyat problemləri hələ də qalmaqdadır. Ümid edək ki, Bakının Baş Planının həyata keçməsindən sonra nəhayət ki, sözügedən problemlər həllini tapacaq. 
Tarix: 8-01-2024, 21:07
Xəbəri paylaş





Xəbər lenti