Pensiyaların artımı marketlərin endirim dələduzluğuna oxşardır

  

Pensiyaların artımı marketlərin endirim dələduzluğuna oxşardır
Pensiyaların, əmək haqqılarının artımının qiymət artımına uyğun olmaması istehlak bazarının “od tutub yanmasından” görünür. Elə qoyun ətinin qiymətinin 20 manata çatması və artımın bu həddə dayanmayacağı sosial durumu ortaya qoyur. Hökumət isə əhalinin sosial müdafiəsini gerçəkləşdirmək yerinə, il boyu sosial vədlər verməklə , pensiyaların, əməkhaqqının indeksasiya faizi ilə manipulyasiya etməklə məşğuldur.
Bir ildir sosial-iqtisadi məmurlar, millət vəkilləri 2024-cü ildə pensiya artımının 11-12 faiz arasında olacağını hesablayıb, sonda 11,3 faizin üstündə dayanmışdılar. Bu günlərdə isə DSMF sədri bu məbləğin 10,8 faiz olduğunu açıqlayıb. Yəqin prezident seçkisi müddətində əhaliyə, pensiyaçılara faiz artımının məbləğlə hesablanması “dərsi” keçiləcək. Əhali də sevinəcək ki, pensiyası, məsələn, 300 manatdan 330,8 manata çatacaq, yəni kiloyarım ətin qiyməti qədər- 30 manat artacaq.
Pensiyası çox olanlara da sosial “badalaq” atılır. Burda marketlərin saxta endirim dələduzluğundan elə dələduzluqla da yararlanılır. Marketlər reklamda qiyməti 100 faiz artımla göstərib, 50 faiz endirim edirsə, DSMF pensiyaya əlavə olunan məbləğləri kəsib , faiz artımı edir. Fikir verin, bütün (yeni) pensiya təyin olunanlara bir müddətdən sonra bildirilir ki, pensiya məbləğində artıq ödəmə müəyyən olunub. Bu necə ola bilər, yanlışlıq bir olar, iki olar, yoxsa bütün pensiyalar artıq hesablanır?
Savaş əlillərinə gəldikdə hökumətin dələduzluq mexanizmi çoxşaxəlidir . Pensiyaya illər, qərinələr qabaq əlavə olunan məbləğlərdən tutmuş, əlillik dərəcəsinin kəsilməsinə, azaldılmasına qədər “sünnət xidməti” göstərilir. Halbuki “Əmək pensiyaları haqqında” qanunun 26.1 maddəsi əvvəllər təyin edilmiş pensiya məbləğlərinin və əlavələrin kəsilməsini qadağan edir. Amma kimdir qanunu sayan, Azərbaycanda qanun şah deyil, şah qanundur, məmur özü qanundur.(?)
...2023-cü ildə 14,7 faiz artıma uyğun pensiyam 125 manat artmışdı. Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı dələduzluqla pensiyaya 2017-ci il tarixli məhkəmə qərarı ilə əlavə olunan 110 manatı kəsib, köhnə tarixə məbləği 138.79 manat azaldıb. Yəni pensiya artmaq əvəzinə, əksinə, əvvəlkindən 13.79 manat az olub. İndi də həmin az məbləği 10.8 faiz artıracaqlar. Sonra yenə kəsib, bir il qapılarda süründürəcəklər. Hökumətin gerçək sosial siyasəti, artım siyasəti budur. Bu siyasətdən cibidolu çıxan isə elə məmur ordusu özüdür.
Məğrur Bədəlsoy
TEREF: Xocanın Blogu
Tarix: 15-01-2024, 09:52
Xəbəri paylaş





Xəbər lenti