Mühəndis Vüqar Əhmədovu ifşa etdi – Dövlət əmlakını talayanlar, rüşvətxorluğa görə həbs edilənlər “Azərişıq” ASC-də rəhbər vəzifələrə gətirilib
“Azərişıq” ASC Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi, şəhid ailəsinin üzvü Quliyev Anar Ələmqulu oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezidentin köməkçisi Anar Ələkbərova, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərova, Ombudsman Səbinə Əliyevaya, Energetika naziri Pərviz Şahbazova, eləcə də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət edən A.Quliyevin məktubunu olduğu kimi dərc edirik: “Azərişıq” ASC-də analoqu olmayan anarxiya baş alıb gedir. Ölkə Konstitusiyasına, qanunlara, Prezidentin sərəncamlarına, göstərişlərinə məhəl qoyulmur. Vaxtilə dövlət əmlakını talayanlar, rüşvətxorluğa görə həbs edilənlər qurumda rəhbər vəzifələrə gətirilib. Qurumda keçmiş məhkumlar “at oynadır”. Sosial ədalətsizlik, işçilər arasında təbəqələşmə, ayrı-seçkilik adi hala çevrilib.
“Azərişıq” ASC-nin baş ofisində işləyənlər rayon şəbəklərində çalışanlardan 2 dəfə çox maaş alır. Cənab Prezidentin göstərişləri əsasında bütün qurumlarda işçilərin əmək haqları artırılsa da, “Azərişıq” ASC buna məhəl qoymur. Cəmiyyətin sədri Vüqar Əhmədovun bu özbaşınalıqlardan ya xəbəri yoxdur, ya da bu özbaşınalıqlara özü rəvac verir. Mən “Azərişıq” ASC əməkdaşı olaraq 1 ildir ki, Vüqar Əhmədovun qəbuluna düşə bilmirəm. Ona ünvanladığım şikayətlərim araşdırılmır. Cənab Prezidentimizin göstərişi ilə bütün nazirlər, idarə rəhbərləri bölgələrə ezam olunur, vətəndaşların şikayətlərini araşdırırlar. Vüqar Əhmədov bu vəzifəyə təyin olunandan bircə dəfə də olsun Sumqayıt şəhərinə gəlib idarə ilə, işçilərlə maraqlanmayıb. Buna görə də işçilər digər orqanlara şikayət etmək məcburiyyətində qalırlar. Mən şəhid ailəsi üzvü və Qubadlı rayonundan məcburi köçkünəm. Ali təhsilli energetikəm. 21 ildir bu sistemdəyəm. 3 azyaşlı övladım var. Yataqxanada məskunlaşmışam. Sumqayıt RETSİ-də istismar üzrə mühəndisi işləyirəm.
“Azərişıq” ASC-dəki özbaşınalıqlar barədə cənab Prezidentə şikayət etdiyim üçün bu günə qədər təzyiqlərə məruz qalmışam. Sumqayıt şəhəri, 4-cü mkr. ərazsisində yerləşən kommersiya obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün sahibkar süründürməçiliyə, get-gələ salınmışdır. Bir vətəndaş, həm də “Azərişıq” ASC-nin mühəndisi kimi bu haqda müxtəlif qurumlara KİV vasitəsilə mürciət etdim. Məhz mənim müraciətim mətbuatda dərc olunduqdan sonra həmin obyekt qanuni qaydada ASAN Xidmətdə “Azərişıq” ASC-nin hesabına 27.000 manat ödədi və problemi həll olundu. Bu hadisədən sonra “Azərişıq” ASC-nin Texniki nəzarət şöbəsinin rəisi Arif Yusifov, Hüquq departamentinin rəisi Arif Ləzimzadə əlbir olaraq məni məhkəməyə verdilər ki, guya, mən Arif Yusifovun rüşvət alması ilə bağlı KİV-də yalan məlumat yaymaqla ona şər atmışam. Halbuki vətəndaşın problemi məhz mənim şikayətimdən sonra həll edildi. O gündən bu vaxta qədər mən idarə tərəfindən təzyiqlərə, təqiblərə məruz qalmışam. Məni işdən çıxarmaqla hədələyirlər. Sumqayıt RETSİ-nin rəisi Həbib Əzizov məni qəbuluna çağırdı ki, “Arif Ləzimzadə və Arif Yusifovun tələbi budur ki, sən öz ərizənlə Sumqayıt şəhərindən çıxıb, Suraxanı rayonuna getsən, sənə qarşı iddia tələbi geri götürüləcək”. Bundan sonra Arif Yusifovla telefon əlaqəsi saxladım. O isə bildirdi ki, “mənim sənə qarşı heç bir iddiam yoxdur, bu sədr Vüqar Əhmədovun göstərişidir”. Əvvəla, mən Qubadlı rayonundan məcburi köçkün kimi Sumqayıtda məskunlaşmışam. Bakı şəhərindən Sumqayıt şəhərinə gələnləri “Azərişığ”ın Bakıdakı rayonlarına göndərmək lazımdır. Mənim isə Qubadlı rayon məcburi köçkünü kimi Vətənim Qubadlıda, Xankəndində, Şuşada işləməyim daha məqsədyönlü olardı. Mən ali təhsilli və 21 illik iş stajımla istismarda mühəndisəm. Lakin ali təhsili olmayanlar, qeyri-energetiklər, polis sistemindən təqaüdə çıxan, energetikadan anlayışı olmayanlar bu gün rəhbər vəzifələrdə işləyir. Sumqayıt şəhəri, Corat qəsəbəsində bir yeniyetmə gərginliyə düşüb, bir qolu kəsilib, hazırda yarımcan haldadır. Daha sonra yenə də Sumqayıt şəhərində 2 əməkdaşımızı (usta Mehablıyev Nicat İbadət oğlunu və PŞİ üzrə elektrik montyoru Pirəliyev Mais Daşdı oğlu) məhz 09.11.2023-cü il şənbə günündə cərəyan vurub öldürdü.(Sumqayıtda “Azərişıq”ın iki əməkdaşını “tok vuraraq öldürdü (news24.az))
Hələ Azərbaycanın Energetika tarixində belə bir hadisənin olmasını xatırlamıram. Bu hadisənin baş vermə səbəbi, zənnimcə, məhz öz vəzifə səlahiyyətlərini dərk etməyən qeyri-peşəkarların vəzifəyə gətirilməsidir. “Azərişıq” ASC bu hadisənin baş vermə səbəblərini, günahkarları araşdırmaq yerinə, məni təqib etməklə məşğuldur. “Azərişıq” ASC-də keçmiş İqtisadi İnkişaf Nazirliyinin həbsdə yatan mütəşəkkil dəstə üzvləri at oynadır. Görün, “Azərişıq” ASC nə qədər rəzil günə qalıb ki, mütəşəkkil dəstə şəklində dövlət əmlakını talama, rüşvətalma maddələrinə görə həbs edilən keçmiş məmurlar – pensyaçı Sakit Baxışov, pensiyaçı Çingiz İbadov, Mahir Novruzov, Hərbi prokurorluqdan qovulan pensiyaçı Xalid Təhməzov kimilər rəhbər vəzifəyə gətirilib. https://az.trend.az/azerbaijan/society/915278.html Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə əlaqəyə girərək bankdan götürdüyü külli miqdarda pulu mənimsəyən və külli miqdarda dələduzluğa görə həbs edilən (https://oxu.az/criminal/87504) Mehman Mehdiyev kimi pensiyaçı Qaradağ rayonunda rəisdir. Zənnimcə, dövlət əmlakını talamaq, rüşvət almaq birbaşa cənab Prezidentə xəyanət kimi qiymətləndirilməlidir. “Azərişıq” ASC rəhbərliyi bunları niyə araşdırmır? Görünür, “Azərişıq” ASC rəhbərliyi “öz gözlərindəki bu qədər tirləri” görməzdən gələrək, mənim kimi sıravi bir mühəndisə təzyiq göstərməklə məni məğlub etmək xülyasındadır! Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhid ailələrinə xüsusi diqqət, qayğı göstərir, onların problemləri ilə maraqlanır. Cənab Prezidentin bu addımlarının əksinə olaraq “Azərişıq” ASC-nin məmurları şəhid övladını işdən qovmaqla hədələyirlər. Halbuki Vüqar Əhmədov, Arif Ləzimzadə, Arif Yusifov kimilər Qarabağda şəhid olanların hesabına bu gün vəzifədədirlər. Xahiş edirəm, “Azərişıq” ASC adlı özbaşına qurumdakı anarxiyaya son qoyulmasında mənə köməklik edəsiniz”. https://aztoday.az/news/257420.html