“Xezer Construction”un gördüyü iş budursa... - BİR ARAŞDIRAN OLSA...
Mərkəzi Nəbatat Bağında aparılan təmir və tikinti işlərində sex armaturlarından istifadə olunur.Qlobal.az xəbər verir ki, hazırda Nəbatat Bağının ərazisində beton döşəmə (styaşka) işləri aparılır. Yeni layihədə əksini tapan səki və yollarda aparılan “styaşka” işlərində yerli sexlərdə istehsal edilən armaturlardan istifadə edilir.
Podratçı təşkilat tərəfindən Nəbatat bağında aparılan bütün işlərdə istifadə edilən armaturların keyfiyyətinin A 300 göstəricisinin altında olduğu, ərazidə bəzi yol səthlərinə verilən beton örtüklərdə mikro çatlar əmələ gəldiyi bildirilir.
Çatların əmələ gəlməsi istifadə olunan armaturların keyfiyyətsiz olması ilə yanaşı, həm də torların hörülməsi zamanı normativ qaydaların pozulması ehtimal edilir.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır.
Nəbatat Bağında yenidənqurma işlərini Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi ilə “Xezer Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti aparır.
Bu məqsədlə dövlət büdcəsindən Nəbatat Bağının layihə-smeta sənədlərinin işlənib hazırlanmasına 580.300 manat, abadlaşdırılmasına isə 58 milyon manat ayrılıb.
Qlobal.az məsələ ilə bağlı sifarişçi təşkilatdan – Bakı şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.
Tikinti işlərini aparan “Xezer Construction” MMC də məsələyə münasibət bildirmədi.
Tarix: 18-01-2024, 18:03