Hökumət pensiya öhdəliyini yerinə yetirmir: - “Qəbiristanlğa baxmaq kifayətdir ki...”

Hökumət pensiya öhdəliyini yerinə yetirmir:
Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə pensiyaçıların sayı ölkə əhalisinin 10,8 faizini təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Həmin dövrə 443,8 min nəfər aylıq sosial müavinət, 395,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 169,6 min nəfərdir.

Göstərilən faizə görə, ortada 2 variant qalır.

Ya yaş həddi çoxdur ki, faiz bu qədər aşağıdır, ya da ki ölkədə o yaşa qədər artıq insanlar yaşamır. Ölkəmizdə orta ömür uzunluğu 70-dən yuxarıdır. Qadınlarda bu 78, kişilərdə isə 73 yaşdır.

Ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, pensiya öhdəliyi yerinə yetirilmir:

“BMT-nin məlumatına görə, Azərbaycanda orta ömür uzunluğu 72 yaşdır. Azərbaycanda isə vətəndaşlar 65 yaşında təqaüdə çıxır. Qadınlar 63 yaşında təqaüdə çıxır, amma 2027-ci ilə qədər bu 65 yaşa qaldırılacaq. Göründüyü kimi, hökumət pensiya öhdəliyini yerinə yetirmir. Azərbaycan hökuməti qanunvericiliyə uyğun olaraq, hər bir Azərbaycan vətəndaşına 12 il pensiya verməyi özünə öhdəlik götürüb. Bu gün 65 yaş pensiya yaşıdırsa, üstünə 12 gələndə 77 yaş edir. Azərbaycan hökuməti vətəndaşlarına ortalama 77 yaşına qədər pensiya verməyi öz üstünə götürüb. Amma özü bəyan elədiyi rəqəmlərə görə, orta ömür uzunluğu 75,5 yaşdır. Bu gün Azərbaycan hökuməti öz bəyan elədiyi rəqəmlərə uyğun olaraq, öz üzərinə götürdüyü 12 illik öhdəliyi yerinə yetirmir. Yəni bir 75,5 yaş yarımdan sonra il yarım da pensiya verməlidir, amma vermir”.

O qeyd edib ki, pensiya yaşının artması ədalətsiz qərar idi:

“Digər bir tərəfdən, Azərbaycanda ölüm də gəncləşib. İnsanlar bir çox xəstəliklərdən dünyasını erkən dəyişirlər. Bunu Statistika Komitəsinin rəqəmlərinə baxmaqdansa, qəbiristanlığa baxmaqla müəyyən etmək çox asandır. Dünyasını dəyişənlərin böyük əksəriyyəti 60 yaşa qədərdir. Amma bu gün pensiya yaşı 65-ə qaldırılıb. Bunu Avropa ölkələri ilə müqayisə edirlər. Amma Avropa ölkələrində insanların orta ömür uzunluğu 81-83 yaş arasında dəyişir. Yəni arada 5,5 il fərq var. 75 yaşla 83 yaş arasında 8 il fərq var. Orta ömür uzunluğu səndən 8 il öndə olan ölkələrlə niyə özünü eyni sayırsan? Orada insanlar 83 il, səndə 73,5 il yaşayır. Bizdə 75 yaşdan o tərəfə çox az adam keçir. Buna görə də pensiya yaşının artması ədalətsiz qərar idi. Bu da pensiya alan əhalinin sayının azalmasına gətirib çıxardı”.
Tarix: 18-01-2024, 21:44
Xəbəri paylaş





Xəbər lenti