Şuşanı bərpa edən şirkət Abşeronda fəhlə qatilinə çevrilib: “Archico” MMC həqiqətləri


Ötən gün saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb. Məlumat üçün bildirək ki, bu, “Archico” MMC-nin işçilərinin ölümünə səbəb olan ilk hadisə deyil. Daha əvvəl “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq araşdırmalarımız nəticəsində öyrəndik ki, “Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Musa Məhəmməd oğludur. Şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 758″də yerləşir. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibi “Archico” MMC (VÖEN-1501701551) olub. Mediatv.az yeniavaz.com-a istinadla xəbər verir ki, İdarə şirkətə Şuşa şəhərində salınacaq Cənub yaşayış zonasının inşasına görə 41 milyon manata yaxın vəsait ödəyəcək. Hər biri 3-5 mərtəbəli olacaq 15 yaşayış binası inşa olunacaq.
“Archico” MMC 2022-ci ildə “Azərsu” ASC-nin Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı keçirdiyi 9,4 milyon manatlıq tender müsabiqəsində qalib olub. Tender müsabiqəsinin icrası 2025-ci ilin sonuna kimi davam edəcək. “Archico” MMC həmçinin dövlət qurumlarının dəyəri milyonlarla manat olan çoxsaylı layihələrinin icraçısıdır.  Mediada yer alan iddialara görə,  “Archico” MMC Baş nazirin müavinlərindən birinə məxsusdur. Şirkətin dövlət tenderlərində dəyəri milyon manatlarla ölçülən layihələrdə qalib olmasında da bu faktorun rol oynadığı bildirilir.
Mənbə: cumhuriyyet.az 
Tarix: 19-01-2024, 12:31
Xəbəri paylaş





Xəbər lenti