DSMF investisiya gəlirlərini vəkil-məmurların sosial müdafiəsinə yönəldir?! - İLGİNC FAKTLAR
Dövlətin sosial müdafiə sistemi elə absurd duruma salınıb ki, “müdafiə” sözdən o yana keçmir. Sözdə əhalinin, aztəminatlı şəxslərin, savaş əlillərinin, şəhid ailələrinin sosial müdafiəsindən danışılır, işə gəldikdə tam əksi görünür. “Mıs-mıs”dan Mustafaya” keçək. Prezidentin 17.04.2023 tarixli fərmanla təsdiq etdiyi “ Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın 5-ci bəndində gəlirlərdən istifadənin başlıca istiqamətlərindən biri kimi müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminat tədbirlərinin maliyyələşdirilməsi göstərilib. Fərmana uyğun olaraq ƏƏSMN-də İqtisadiyyat, Maliyyə Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələrinin içində olduğu İnvestisiya Şurası yaradılıb . Sözdə sərbəst vəsaitin, yəni Fondun yarımillik və illik büdcəsinin gəlir və xərcləri arasında müsbət qalığın investisiyaya yönəldilməsindən gələn gəlirin istifadə edilməsi nəzarətdədir. Bəs işdə? Doğrudanmı gəlirlərin bir hissəsi qazi-əlillərin, şəhid ailələrinin sosial müdafiəsinə yönəldilir? Tam əminliklə demək olar ki, yox! Fikrimizi gücləndirən başlıca amil DSMF-də pensiyaçıların məhkəmə təminatı hüququna qadağa qoymaq amacı ilə Məhkəmə Mübahisələri ilə İş İdarəsinin -Mərkəzi Filialının yaradılmasıdır. Adından və təyinatından göründüyü kimi, bu filialın işi vətəndaşların Konstitusiyanın 38-ci, 60-cı maddələri ilə haqq etdikləri sosial , məhkəmə təminatı hüququna peşəkar qadağadan o yana keçmir. Sözügedən filialın VK-nın 39 saylı vəkil bürosu ilə eyni vaxtda, eyni ünvanda yaradılması , filialın direktoru, vəkil Abuzər Mütəllimovun həm də büronun müdiri olması DSMF-in investisiya gəlirlərinin vəkil-məmurlara yönləndiyini iddia etməyə əsas verir. Savaş əlillərinə, şəhid ailələrinə “diqqət və qayğı”ya baxın, direktor-vəkil Abuzər Mütəllimov, müavini- vəkil Roman İsmayılov, müavini Aqşin İbadov, departament müdiri-vəkil Yeganə Məmmədova, departament müdiri Arzu Səfərova, böyük, aparıcı və s. mütəxəssis- vəkillər Emil İsgəndərli, Rüstəm Şikarlı ... toplam 39 vəkil-məmur savaş adamlarının sosial təminat, hüquqi yardım, məhkəmə təminatı hüququna məhkəmədə qadağa qoymağa “maliyyələşdirilir”! Biz heç nə demirik, qoy İnvestisiya Şurasının Maliyyə Nazirliyindən olan nümayəndəsi desin, bu 39 vəkil-məmurun vəkil haqqı nə qədərdir, dövlət-məmur haqqı nə qədər? Özü də bu vəkil-məmurlar DSMF sədrinin “topdan” yarımillik- illik verdiyi etibarnamə ilə (kefləri) istədikləri işə çıxır və işləri də , vurğuladığımız kimi, məhkəmə təminatı hüququna qadağa qoymaqdır. Etibarnamə- “ƏƏSMN tabeliyində DSMF-in və onun qurumlarının iştirakı ilə baxılan işlərdə işin uğurlu həlli üçün bütün prosessual hərəkətlərin edilməsi ,..., məhkəmə aktlarının məcburi icrasının tələb edilməsi, qət olunmuş əmlakın və pul məbləğlərinin alınması ilə əlaqədar məhkəmə, istintaq orqanlarında Fondu təmsil etmək səlahiyyəti” topdan Məhkəmə Mübahisələri ilə iş Filialının- 39 saylı vəkil bürosunun 39 vəkilinə verilib. (?) Maraqlıdır, DSMF borclu olduğu işlər üzrə məhkəmə aktlarının məcburi icrasından imtina edir, amma başqalarından tələb etməyə 39 vəkil-məmur ayırır? O da maraqlıdır ki, Fondun bu yekəlikdə filialı, vəkil-məmur “ordusu” olduğu halda, “ Əmək pensiyalarının 39.1 maddəsi əsasında məhkəmə qaydasında pensiyalardan tutmalar əvəzinə, özbaşına vətəndaşların pensiyaları kəsilir. Belə çıxır, DSMF-in Məhkəmə mübahisələri ilə iş idarəsi -39 saylı vəkil bürosu Konstitusiyanı tanımır , Konstitusiyaya zidd yaradılmaqla fəaliyyət göstərir. Ali dövlət hakimiyyəti orqanları, eləcə də Ombudsman Konstitusiyaya zidd yaradılan qurumun ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə, sorğu verməyə borcludurlar. Hələ ki qanunsuzluq, Konstitusiyaya saymazlıq sorğu-sualsızdır...