Qarabağ qazisi ilə Agentlik arasında əmək haqqı qalmaqalı davam edir - apellyasiya şikayəti verib
Dövlət Məşğulluq Agentliyi ilə qurumun keçmiş əməkdaşı, Qarabağ qazisi Ziya Zaidov arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, birinci instansiya məhkəməsi Ziya Zaidovun iddiasını təmin etmədiyinə görə apellyasiya şikayəti verib.
Qarabağ qazisinin şikayətinə Bakı Apellyasiya Məhkəməsində Azad İmanovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. Məhkəmənin vaxtı barədə məlumat yoxdur.
Ziya Zaidovun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. O, Dövlət Məşğulluq Agentliyinin 15 saylı ərazi Məşğulluq Mərkəzində baş mütəxəssis vəzifəsində işləyib. İşdən çıxarıldıqdan sonra Yasamal Rayon Məhkəməsində işə bərpa və əmək haqqı tələbi ilə iddia qaldırıb. İşə hakim Kərim Xudiyevin sədrliyi ilə baxılıb. Onun işdən çıxarılmasının səbəbi bəlli deyil.
Ziya Zaidov 2021-ci ildə "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində də məlumat dərc edilib.
Dövlət Məşğulluq Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, nazir vəzifəsinə 2018-ci ildə təyin edilib. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri isə Mustafa Abbasbəylidir. O, 2020-ci ildən bu vəzifədədir.