Pambıq zavodu şəhid atasını borca görə məhkəməyə verib: Maaşının yarısı tutulur
Şəhid Ülvi Nəsirovun dəfn mərasimindən görüntü
Saatlı rayon sakini, şəhid atası və onkoloji xəstəlikdən əziyyət çəkən Nəsirov Əsədulla Mansur oğlu Pambıq Zavodunun onun kartından hər ay 50 faiz borc tutması və "YAŞAT" Fondunun verdiyi sözü tutmaması barədə redaksiyamıza müraciət edib.
Rayon sakininin oğlu Ülvi Nəsirov 2022-ci ilin sentyabr döyüşlərində şəhid olub.
Ailə pambıqçılıqla məşğul olduğundan, həmin il atanın başı dəfn və digər işlərə qarışıb. Pambıq yığımını isə zavod rəhbərliyinin özü həyata keçirib. Pambıq sahəsi vətəndaşın öz icazəsi ilə yığılsa da, özü yığımda iştirak etməyib. Bundan sonra Pambıq Zavodunun rəhbərliyi yığılmış məhsulun yetərsizliyini dəyərləndirərək, Əsədulla Nəsirova 2500 manat borc təyin edib. Şəhid atası "DOST" Agentliyində qeydiyyatdadır və hər ay kartına 326 manat pul köçürülür. Həmin pulun da 160 manatını Pambıq Zavodu borc olaraq kartdan çıxır. Şəhid ailəsi indi yerdə qalan pulla və şəhidin anasına verilən 300 manat şəhidlik pulu ilə dolanmağa çalışır:
"Özüm onkoloji xəstəyəm, dərmanımın qiyməti 150 manatdır. O dərman burdakı apteklərdə yoxdur. Taksiyə pulunu verirəm, mənim üçün Bakıdan gətirirlər. Artıq ikinci kurs müalicəmdir ki, o dərmanı alıram. Özüm şəhid atasıyam, həmçinin Birinci Qarabağ Müharibəsi qazisiyəm. "DOST" Agentliyində qeydiyyatdayam, mənə 326 manat əməkhaqqı verirlər. Yoldaşıma 300 manat şəhid pulu verirlər, o da heç kreditlərimizi ödəmir. Özümün, yoldaşımın, uşağın adına kreditlərimiz var. Əsədulla Nəsirov, şəhid atası
Oğlum 2022-ci ilin sentyabr ayında şəhid olub, həmin vaxt mən zavoda borclu qalmışdım. Həmin ərəfədə zavod özü mənim məhsullarımı yığdı, mənim başım qarışıq idi. Zavod məhsulun pulunu öncədən verir, biz də əkirik. Amma həmin il əkində də zəiflik oldu, başımız qarışdı. O vaxt deyirdilər ki, Prezidentin də bu istiqamətdə qərarı var ki, şəhid ailələrinin borcları bağlansın. O borcla bağlı məsələni də indi veriblər məhkəməyə. Məhkəmə qərar verib, amma heç məhkəmədə olmamışam. Sonra zəng etdilər ki, sən bu pulu ödəməlisən. Ardınca da aldığım 326 manat puldan borcuma tutmağa başladılar. 160 manatı borca tuturdular. Gedib danışdım, indi bir qədər aşağı tuturlar. Özüm də ay yarımdır əməliyyat olunmuşam, "YAŞAT" Fondu bu dərmanlarımla əlaqədar mənə köməklik göstərməli idi. Onların da bir neçə apteklə əlaqəsi var. Deyirəm ki, mənim aldığım dərman sizin apteklərdə yoxdur, Bakıda bir neçə aptekdə var. Eşitdiyimə görə, dövlət aylıq min manat dərmanpulu ayırır. Onlar o pulu ehtiyac yarandığında, ödəməlidilər. Bunlar o borcların bağlanacağını, dərmanlarda köməklik olunacağını dedilər, amma sözlərində durmadılar, qaçıb gizləndilər" - deyə, şəhidin atası redaksiyamıza bildirib.
Məsələ ilə əlaqədar MKT İstehsalat Kommersiya MMC-non Saatlı filialının müdiri
Çingiz Gözəlovla əlaqə saxladıq. Zavod müdiri vətəndaşı tanıdığını, borclu olduğunu bildiyini və bu borcun ləğvi barədə dəfələrlə "yuxarı"ları məlumatlandırdığını desə də, nəticə ala bilməyib:
"Mən bu məsələ üzərində yenə də işləyirəm. Biz də burda şirkətin işçiləriyik, icraçı rəhbərləriyik. Bizim "MKT" adlı baş idarəmiz var. Mən istəyərəm ki, o borc elə bu gün əfv olunsun. Bura özəl şirkətdir. Özəl şirkətin də rəhbərləri var. Onlar da məsələdən məlumatlıdırlar, özüm müraciət etmişəm. İstəsəniz, mən sizə hüquq şöbəsinin nömrəsini verərəm. Baş İdarədə Hüquq Şöbəsinin müdiri var, Azər müəllim. Onun nömrəsini verərəm, özünüz müraciət edərsiniz. Məndən olsa, elə sabah əfv etsinlər". Rövşən Mahmudov, MKT İstehsalat Kommersiya MMC-nin baş direktoruMKT İstehsalat Kommersiya MMC-nin hüquqşünasının nömrəsini aldıq və özü ilə əlaqə saxladıq. Hüquqşünas Azər bəy qeyd etdi ki, həmin vətəndaş rəsmi müraciət etsə, məsələyə baxılacaq:
"İndi bir nəfərin fikri ilə qərar vermək olmur. Yəni tək mənim fikrimlə, yaxud tək Çingiz müəllimin fikri ilə həll olunmur. Baxır, o borc nədir, əsasdırmı, yoxsa faizdirmi, yoxsa cərimədirmi... Yəni ondan asılı olaraq, şirkətin aidiyyəti orqanlarında bu məsələ müzakirə olunur. Bizə ərizə ilə müraciət etsin, borcu ödəyə bilməməyini əsaslandırsın ki, niyə ödəyə bilmir. Bu halları əsaslandırsın, ondan sonra ərizəsinə baxılıb, rəsmi cavab veriləcək. Ola bilsin ki, bir hissəsi silinsin, ola bilsin ki, ümumiyyətlə silinməsin, yəni bu, qərardan asılıdır" - deyə, Pambıq Zavodunun Hüquq Şöbəsindən redaksiyamıza bildirilib.
Vətəndaşın kimliyi və problemləri yerli zavodun müdirin tərəfindən bilinməsinə və müdirin şəhid atasının borcu ilə bağlı özünün də dediyi kimi, dəfələrlə rəhbərliyə müraciət etməsinə baxmayaraq, hüquq şöbəsi hələ də şəhid atasını sənəd, ərizə, arayış arxasınca göndərir.
Məlumat üçün qeyd edək ki, şəhid ailələrinin istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması ilə əlaqədar "YAŞAT" Fondu tərəfindən ötən ilki rəqəmlərə görə 7 011 408.82 AZN məbləğdə vəsait xərclənib.Mətin Şükürlü, Bizimyol.info
Tarix: 9-08-2024, 11:32