Məhkəmə bu dəfə Rəşad İbrahimovun rəhbərlik etdiyi “Araz Supermarket”i başqa maddə ilə cərimələdi



“Araz Supermarket” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

 
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tərtib edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
 
Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, cərimə kəsilib.
 
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
 
Qeyd edək ki, “Araz Supermarket” MMC barəsində daha əvvəl də eyni və digər inzibati xətalara görə protokol tərtib edilərək məhkəməlik olub.
 
Onu da bildirək ki, “Araz Supermarket” MMC-nin İcraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovdur. İyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən sədr barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən protokol tərtib edib. R.İbrahimov isə protokoldan Nəsimi Rayon Məhkəməsinə şikayət edib. Məhkəmənin qərarına əsasən, R.İbrahimovun şikayəti təmin edilməyib və əvvəlki qərar qüvvədə saxlanılıb. O, DƏMX-in tərtib etdiyi cəriməni ödəməyə məcbur edilib.
 
Xatırladaq ki, R.İbrahimov 2020-ci ilin dekabr ayından “Araz Supermarket MMC”nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri vəzifəsində çalışır. 2014-2020-ci illərdə isə şirkətdə müxtəlif vəzifələrdə işləyib. Əmək fəaliyyətinə isə 2004–cü ildə “Veysəloğlu” şirkətində başlayıb.
Tarix: 5-09-2024, 09:36
Xəbəri paylaş





Xəbər lenti