Qubadlı sakini müavinətinin kəsilməsindən narazıdır - ŞİKAYƏT
Qubadlı rayon sakini Həsənalıyev Sucəddin Bəhram oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi müavinətinin kəsilməsindən narazıdır:“Mən, Həsənalıyev Sucəddin Bəhram oğlu, bildirirəm ki, cənab Prezidentimizin sərancaməna əsasən, oğlum Tacəddinə verilən məcburi köçkünlər üçün nəzərdə tutulan 60 manat aylıq müavinət kəsilib.Oğlum 2022-ci ildə hərbi xidmətə yollandı. Həmin tarixdən ona verilən müavinət dayandırıldı.
2024-cü il yanvar ayının 25-də hərbi xidməti başa vurub, evə qayıtdı. Lakin dövlətimiz tərəfindən verilən müavinətlə təmin olunmadı”.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Hurriyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərə vahid aylıq müavinət verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən tənzimlənir. Qaydanın 2.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi şamil edilmir.
Həsənalıyev Tacəddin Sücəddin oğlu da Cəlilabad rayonuna daimi qeydiyyata düşdüyü üçün (sonradan dəyişib) ona vahid aylıq müavinətin verilməsi şamil edilmir
”.
Aynurə İSMAYILHurriyyet.az
Tarix: 26-09-2024, 14:31