Jurnalisti təhqir edən direktorun qardaşı haqda ilginc ittihamlar

Jurnalisti təhqir edən direktorun qardaşı haqda ilginc ittihamlar Bu günlərdə daha bir təhsil qalmaqalı yaşandı. Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib. Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün axar.az saytının əməkdaşı Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlayıb. Özünü direktor müavini kimi təqdim edən şəxs isə xanım jurnalisti təhqir və təhdid edib. Həmin telefon danışığının səsyazısını cumhuriyyet.az olaraq olduğu kimi təqdim edirik:

Sonradan məlum olub ki, jurnalisti təhqir edən məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır. Təşkilat sədri məsələ ilə bağlı mediaya açıqlama verib, bu faktı təsdiqləyib və deyib ki, 187 saylı orta məktəb Bakının ən nümunəvi məktəblərindəndir: “Nailə xanım mənim bacımdır, onun direktoru olduğu məktəb Bakının ən nümunəvi məktəblərindəndir. Mən bu məsələni araşdırdım və məlum oldu ki, həmin sayt bundan öncə də Nailə xanımla əlaqə saxlayıb və ondan pul tələb edib. O da vermədiyinə görə, bu üsula əl atıblar. Bu gün həmin şəxslər mənim dövlətçiliyə sadiq bacıma qarşı hücum edir”. Rasim Məmmədov həmçinin qeyd edib ki, Nailə Məmmədovanın oğlu Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) çalışır: “Mənim bacım dövlətçiliyə sadiq övlad yetişdirib. Onun istər şagirdləri, istərsə də öz övladı dövlətin keşiyində durur. Nailə xanımın övladı XDMX-da işləyir”. Təşkilat sədri rüşvətxorlara qarşı amansız mövqedə olduğunu da deyib: “Bu gün rüşvətxor məmurlar mənə düşmən kimi baxır, mən onların ən böyük rəqibiyəm. Çünki biz hər zaman rüşvət alanları ifşa edirik. Düşünürəm ki, bacıma qarşı olan bu hücum da mənim onları ifşa etməmlə bağlı ola bilər. Yenə də deyirəm ki, insanlar çalışmalıdır ki, vicdanlı olsunlar. Yaxşı şeyləri qoyub, kiməsə qarşı kampaniya aparmaq düzgün deyil. Jurnalistlərə isə müraciət edirəm ki, əgər bacarırsınızsa, mini yubkalı, ağzında siqaret olan, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox”.
“Mini yubkalı, ağzında siqaret olan, qucaqlarda oturan direktorlar” ittihamına yəqin Təhsil Nazirliyindən cavab gələr. Məktəb direktorundan pul tələb edilməsi ilə bağlı ittihamı isə peşəkarlığına və səviyyəsinə sayqı duyduğumuz axar.az saytı aydınlaşdıracaq. Sadəcə bu ifadələri səsləndirən QHT rəhbəri, direktorun qardaşı Rasim Məmmədovla bağlı cumhuriyyet.az olaraq da maraqlı məlumatlar əldə etmişik. Məsələ burasındadır ki, bir müddət öncə redaksiyamıza bu şəxslə bağlı şikayətlər daxil olmuşdu. Redaksiyamıza müraciət edən bir neçə iş adamı hazırda QHT sektorunda çalışan Rasim Məmmədov adlı şəxs tərəfindən aldadıldıqlarını və onlara xeyli maddi ziyan dəydiyini bildirirdi. Həmin şikayətçilərin bildirdiyinə görə, şikayətçi olduqları Rasim Məmmədov bir zamanlar həbs həyatı da yaşayıb: “Bizi təəccübləndirən də belə bir keçmişə malik və dəfələrlə dələduzluq etmiş şəxsin indi vətəndaş cəmiyyətində necə təmsil oluna bilməsidir. Axı bu şəxsin özünün fəaliyyəti araşdırılmalı, onun özünə nəzarət olunmalıdır.”
Bildirək ki, artıq R.Məmmədovun adı hallanan bir neçə dələduzluq faktı ilə bağlı məlumat əldə etmişik. Bunlardan biri Sumqayıtlı iş adamı Ədalət adlı şəxslə bağlıdır. Belə ki, redaksiyamıza daxil olan məlumata görə R.Məmmədovun yaxını (məlumatda bacısıoğlu olduğu bildirilir- red.) Ədalət müəllimə 200 min manat borclu olub. Pulunu tələb edən iş adamının qarşısına isə R.Məmmədov çıxıb və əsl “daydaylıq” edərək öz reket qanunlarını işə salıb. Belə ki, o “pul mənlikdi və sənə bir qəpik də çatmayacaq” deyərək öz hesabında məsələni qapayıb. Eyni hadisə yenə də Sumqayıtdan olan Elçin adlı iş adamı ilə bağlı da baş verib. Bizə müraciət edən şəxslər bu kimi olayların sayının çox olduğunu bildirir. Əksəri iş adamı olan və yuxarıda da qeyd edildiyi kimi aldanılaraq maddi ziyan çəkdiklərini bildirən şikayətçilər R.Məmmədovun süni şəkildə bir çox məsələlərdən istifadə edərək özünü qoruduğunu bildirir: “Qeyri Hökumət Təşkilatı kimi çox hörmətli şəxslərin adı altında pərdələnir, mərhum dövlət başçısı Heydər Əliyev və cənab prezident İlham Əliyevin şəkillərini, onların fikirlərini önə çəkərək özünü dövlətçilik fədaisi kimi göstərir. Əslində isə bütün bunlar cəzadan yayınmaq üçündür. Onun bu yaxınlarda Naxşıvanda Əshabi Kəf ziyarətgahında olması da günahlarını yumaq üçün idi. Amma inanmaq istərdik ki, bütün bunlar faydasız qalacaq və bu şəxs öz cəzasına çatacaq”
Şikayətçilərin iddiaları kifayət qədər ciddidir. Araşdırmsmız zamanı onu da öyrəndik ki, R. Məmmədov 1998-2001- ci illərdə soyğunçuluq ittihamı ilə həbs olunub. Redaksiyamız adından bu istiqamətdə araşdırmalarımızı davam etdiririk və yaxın günlərdə daha geniş materialı diqqətinizə şatdıracayıq. Bizi izləyin…
Tarix: 30-08-2017, 23:32
Xəbəri paylaş





Xəbər lenti