Təki qazımız qurtarmasın

Təki qazımız qurtarmasın Ölkəmizdə hərtərəfli inkişaf gedir. Pambıqçılığın ardıyca indi də sitrus bitkilərini inkişaf etdiririk. Hələ arada düyü də əkəcəyik. Əslində bizim kənd təsərrüfatı potensialımız doğrudan çox böyükdür. Əlimizdən başqa nə iş gəlir ki? Bəlkə hansısa maşın-zad kəşf eləməliydik? Qoy belə əlləm-qəlləm işlərlə almanlar məşğul olsun. Biz isə öz qoyunlarımızı otarıb dünyaya yaxşı kabab töhfəsi verərik. Kanadanın Ontario bölgəsi 40 ildir Cəlal əminin “Qaraqılçıq-1” və “Qaraçırtıq-2” taxıl sortundan faydalanır. (Zarafat bir yana, o boyda kişinin elmi nailiyyətləri sanki yaddan çıxıbdır. Qədirbilməz millətik. Onun çörəyi bir gün gözümüzü tutacaq).

Sözgəlişi, SSRİ-də bir karikatur akademik olub, Lısenko soyadında. Biologiya və genetika elminin atasını yandırıb, görkəmli alimlərin repressiyasına səbəb olub, uydurma nəzəriyyələri, sarsaq calaqları ilə yadda qalıb. Ehtimal edirəm ki, bizim “Ulduz” filmində Bəşir Səfəroğlunun yaratdığı Gülümsərov obrazı elə Lısenko-nun portretidir. Çünki filmin çəkildiyi 1965-ci ildə Lısenko artıq, necə deyərlər, partiya tərəfindən vurulmuşdu. Lısenko müəllimi xatırlamağımızın isə ciddi səbəbi var. Bu tipin həyat və yaradıcılığı... Azərbaycanla da sıx bağlı olmuşdur, gələcək “akademik” elm yolunda ilk addımlarını məhz bizim Gəncə şəhərindəki Seleksiya Stansiyasında atmışdır. Lısenko 1925-1930-cu illərdə Gəncədə yaşayıb-yaratmış, qışda noxud, yayda kartof əkmək, yoncanı buğdaya, arpanı qarğıdalıya calaq eləmək tipli əcaib işlər görmüşdür. Axırda o məhsulları yeyib Surət kimi mutantlar ortaya çıxdı, ancaq bu ayrı temadır, gəlin biz də köşədə aləmi bir-birinə qatıb publisistikamızın Lısenko-su olmayaq.

Kənd təsərrüfatı potensialımız zəngin, hərtərəflidir. Mənim bir qohumum hələ 90-cı illərdə ilbiz yığıb qurudur, bir ədədini fransızlara 50 qəpikdən satırdı. Qurbağa istehsalı ilə məşğul olan “Azərfroq” adlı firmamızdan da xəbəriniz vardır. Yoxdursa, hardasa Salyanda yerləşdiyini sizə bildirirəm – ilan ağzından qurbağa qurtarsanız ora aparın, yaxşı pul verirlər. Qorxmuş qurbağa delikates sayılır, həzmi çox yüngül olur.

20-25 il qabaq Bakıda şayiə yayılmışdı ki, bir qərbi azərbaycanlı köçkün 9-cu mərtəbədə yerləşən mənzilin bir otağını göyərti əkməyə sərf edibdir. Bunu isə yalnız aşağıdakı qonşunun evinə su axanda aşkara çıxarıblar. İllər ötdü, həmin köçkünün zamanı qabaqladığı ortaya çıxdı, çünki bu saat bütün dünyada ekoloji evlər, göydələnlərin damında və ora-burasında göyərti, pomidor-xiyar becərmək dəbə minməkdədir. Ancaq biz nə etmişdik? Həmin təşəbbüskar insanı lağa qoymuşduq.

Hərçənd, dəli şeytan deyir ki, bu paxıl münasibətdə ulularımız da mənfi rol oynayıbdır. Kənd təsərrüfatı ilə, aqrar işlə məşğulluğa bizdə sanki pis gözlə baxılır. “Filankəs kəndçidir”, “Çoban oğlu çoban”, “Get qoyununu otar” və sairə münasibətlər ictimai diskussiyalarımızda tez-tez səslənir. Ancaq həmin o düşük “şəhərli” yeyəndə kənd məhsulu axtarır. Qardaşım, pisdirsə, niyə yeyirsən?

O cümlədən, haranısa dağıtmağa “Yurdunda turp əkərik”, kimisə döyməyə “Başında qoz sındırdı” deyirik. Turp əkmək niyə pis iş olsun ki? Başqa millətlər buna nağıl qoşurlar. Hələ xiyarla bağlı nə söhbətlərimiz var, yazılası deyil...

Axırda aqrar sektorumuzun çoxspektrli inkişafına bir pritça töhfəmizi də verək, yazı bitsin.

Bir adam qaz saxlayırmış, bir gün qazlara nəsə xəstəlik düşür. Gəlir baytarın yanına, baytar dərman yazır. Deyir yem ver, üstündən dərmanı ver. Qazotaran yoldaş minnətdarlıq edir, gəlir baytar deyən kimi edir, ancaq səhər baxır 10 qaz ölübdür. Yenə gedir baytarın yanına. Baytar deyir sən bu dəfə dərmanı qazlara acqarına ver, sonra yemlə. Belə də edir, ancaq bu dəfə də 10 qaz ölür. Hirslənir gedir həkimin yanına, həkim deyir narahat olma, bu dəfə yemi dərmana qat ver. Uzun sözün qısası, səhər adam görür qazların hamısı ölüb. Gəlir baytara deyir ki, adə, yekə kişisən, qazlar hamısı öldü, başqa variant bilmirdin? Doktor deyir: “Əzizim, mənim variantım çox idi, sadəcə, sənin qazın qurtardı”.
Tarix: 5-09-2017, 09:14
Xəbəri paylaş





Xəbər lenti