Məmur övladlarına “intizam dərsi”

Məmur övladlarına “intizam dərsi” Elvin Məmiyev: “Onların hərəkəti insanlarda aqressiya, cəmiyyətdə narazılıq yaradır”

Son vaxtlar bəzi məmurların və onların övladlarının qeyri-etik və qeyri-qanuni davranışları ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı ictimai fəal Elvin Məmiyevin fikirlərini öyrəndik.


-Elvin bəy, Azərbaycanda bəzi məmurların özbaşınalığından, korrupsiya əməllərindən çox danışılır. Sizcə, bunların davamlı olması nə ilə bağıdır?
- Biz bununla bağlı vaxtaşırı sosial şəbəkələrdən, mətbuatdan müxtəlif məlumatlar alırıq. Bu məlumatar içərisində rəsmi şəkildə təsdiqlənənlər də var. İnsanlar sosial şəbəkələrdə məmur özbaşınalıqları ilə bağlı yayılan məlumatlara inanırlar. Çünki, zaman-zaman məmur övladlarının nalayiq hərəkətlərinin şahidi olmuşuq. Bu yaxınlarda bir məmurun nəvəsinin törətdiyi avtoqəza nəticəsində vətəndaşlara faciə yaşatmasının şahidi olduq. Daha sonra məlumat yayıldı ki, bu şəxsin avtomobil kolleksiyası var. Hər kəs avtoqəza törədən həmin bahalı avtomobili almaq imkanında deyil. Vaxtilə xalq artisti Ağasəlim Abdullayevin ailəsinə faciə yaşatmış şəxs də məmur övladıydı. 2017-ci ilin yanvar ayında vəzifədən getmiş Ziya Məmmədovun oğlunun da elədikləri “dillərdə dastandır”. Bunlar sıradan hadisə və ya faciə deyil. Bu kimi hadisələr insanlarda aqressiya, cəmiyyətdə narazılıq yaradır. Yəni sosial təsirlərindən çox danışmaq olar.

- Bir sıra məmurların bəzən funksional fəaliyyəti narazılıq doğurub...
- Çünki, həmin şəxslərin gəlirləri və xərclədikləri pulların mənbələri çoxsaylı suallar yaradır. Azərbaycanda kifayət qədər məmur saymaq olar ki, onlar öz hərəkətlərilə də cəmiyyətdə antipatiya qazanıblar. Vaxtilə Tağı Əhmədovun jurnalistlərə qarşı söylədiyi qeyri-etik ifadələri bu gün də sosial şəbəkələrdə paylaşılır. Keçmiş nəqliyyat nazirinin isə yaratdığı strukturda ancaq küçə qaydaları hökm sürürdü. İnsanlar döyülür və təhqir olunurdu. Sürücülərin sənədləri əlindən zorla alınırdı. İnsanlar bu strukturdan şikayət etməyə yer tapmırdı. Bu misalları çoxaltmaq olar. Bundan nəticə çıxarmaq olar ki, bəzi məmurlar öz xarakterini, davranışını öz işinə də tətbiq edə bilir. Mən hələ bəzi rayonlarda icra başçılarının qurduğu səltənəti demirəm.

- Elvin bəy, sizcə, bunun qarşısını necə almaq olar?
- Qeyd olunan hallarla bağlı artıq işdən kənarlaşdırılanlar var. Fikrimcə bu proses davam etməlidir ki, vəzifə səlahiyyətliləri oturduqları kreslonun əbədi və şəxsi mülk olmadığını dərk etsinlər. Xüsusilə, övladlarını başa salmalıdırlar ki, onların eyibləri daha eybəcər görünür və ictimai fikrə təsir edir. Sanki, bəzi məmur övladlarına xüsusi bir dərs “intizam dərsi” keçirilməsinə ehtiyac var.

“Cümhuriyət”
Tarix: 14-09-2017, 20:28
Xəbəri paylaş





Xəbər lenti