Şeyxin çexlə sexi

Şeyxin çexlə sexi (Bilik günü üçün yanıltmac)

Dərs ili başlayır. Artıq valideynlər və jurnalistlər məktəb direktorları ilə daha yaxından ünsiyyət qura biləcəkdir. Gəlin etiraf edək ki, “aaz, səni tutub cıraram, mikrofonunu da münasib yerində saxla”, “sən kimsən mənim məktəbimdən yazmaq istəyirsən, sənin axan ağzına ərim metodik vəsait yazsın” tipli pedaqoji mülahizələri telefonda, virtual eşitməkdənsə canlı dinləmək daha maraqlıdır.


Məktəbdən zəng vurmuşdular, deyir gəlin uşağın dərsliklərini götürün. Getdim, necə deyərlər, getməz olaydım. Məktəbin dəhlizində bir başdan peyğəmbərin kəlamları asılıb, o biri başdan imamların. Həyətdə azan oxunsa, heç bir işə yaramayan idman salonu isə mürdəşirə icarəyə verilsə, sanarsan məscidə girmisən. Görəsən, bunlara kim icazə verib məktəbə imamların sözlərini yazırlar? Azərbaycan ata sözləri plakatı da dini kəlamlardan geri qalmırdı. Buyurun, sitat verirəm: “Elm oxumaq - iynə ilə gor qazımaq deməkdir”. Uşağa belə ata sözü ilə elm öyrətmək olar? Uşaqlar bəyəm qəbirqazandır? Təbii ki, atalarımız bunu haçansa elmin çətin başa gəlməsi mənasında işlədə bilərdilər, ancaq bunu uşaqlara ünvanlamaq nə dərəcədə doğrudur? Hərçənd məktəblərimizin verdiyi təhsilin mənasızlığı, ancaq torpağa gömülməyə layiqliyinin simvolu kimi yaxşı məsəldir.

Dərs hissə müdiri ilə görüşürük. 3 valideynik. Deyir gərək o biri valideynlər də yığılsın, yoxsa kitabları verə bilməz. Bunun məntiqsiz addım olduğunu bildirirəm: “Bəlkə heç o biri valideynlər gəlmədi. Mən niyə başqalarını gözləməliyəm?” Beş dəqiqə keçir, bu dəfə, ümumiyyətlə, səhv gəldiyimizi iddia edir: “Sabah gəlin, indi kitabxanaçı yoxdur”. Ancaq kitabxana açıqdır. Deyir, bu nəsə ayrı kitabxanaçıdır. Nə edə bilərik, sabah deyilən vaxtda yenə gəlirik. Bu dəfə də kitablar verilmir: “Hələlik sizə müəllim axtarırıq. 15-də gəlin, kitab olacaq”. Sən demə, uşağın müəllimi dəyişilib. Fikirləşirəm: “Mən uşaqları bu məktəbə göndərib hələ onlardan nəsə umuram”.

Düzgün yol elə bu məktəblərin tutduğu yoldur. Nə biləsən, bəlkə uşaq böyüyüb şeyx oldu, Çexiyada dükan açdı... Saytlar yenə uca şeyximizin Çexiyada (bir dəfə mən bu temada yazıma “Şeyxiya” başlığı qoymuşdum - doğrudan əsl şeyxlərə layiq ölkədir) biznesini tapıblar. Marketa Şpişakova adlı mamlı-matan bir zənənlə ortaq biznesdir. Google şirkətinə imam kömək olsun, mən də axtarıb tapdım. Doğrudan da Karlovı Varı şəhərində şeyximiz, qardaşı Cavanşir müəllim və həmin Marketa xanım ortaq şirkət qayırıblar. Hətta orda Allahşükür müəllimin Bakıda Musa Nağıyev küçəsində qeydiyyatda olması da yazılıbdır.

Şirkətin adını isə əsl müsəlman kimi “Aynur” qoyublar. Əhsən. Çünki həmin qeydiyyat saytında bu Marketa xanımın başqa şirkəti də görünür, adı isə “Osiris”dir. Qədim misirlilərin tanrısı. Şeyx islama yad olub şirkətə “Osiris”, “Amon”, nə bilim “Kleopatra və Ramzes” adı qoysa biz inciyərdik. Nə olsun tolerant və multikulturalıq? Xaricdə özümüzü millətçi kimi aparmalıyıq. Lazım gəlsə “Çelsi”nin stadionunda otları yolmalıyıq. Təki vətən yaşasın! (Məncə, Azərbaycan müxalifətinin liderləri həmin oyuna getsəydilər biz altı sıfır uduzmazdıq. Ar olsun). İndi isə şeyxin çexlə açdığı sexin adı dinimizə uyğun Ay nuru ilə əlaqələndirilibdir. Axı bəzi dini bayramda Ay nuru görünməsə, camaat bayrama başlamır. Allahşükür müəllim də hər dəfə Marketa xanımın üzündəki nuru görəndə “loblu, loblu” deyir. Düzdür, bu nəsə başqa bir klassikimizin əsərindən sitat idi, unudun getsin, mənasız söhbətdir yazıblar. Bizim də başımızı xarab eləyib çöllərə salıblar. Vaxtında düzgün kitab oxusaq, bəlkə indi Marketa xanımla marketdə marketinq eləyirdik.

Gec deyil, barı siz uşaqlarınızı yaxşı istiqamətləndirin.



Zamin HACI
Tarix: 15-09-2017, 08:42
Xəbəri paylaş





Xəbər lenti