Əli Ömərovun “müxalifətçiliyi”nin daha bir səbəbi bəlli oldu

Əli Ömərovun “müxalifətçiliyi”nin daha bir səbəbi bəlli oldu Oğlunun vəzifədən azad edilməsi sabiq baş prokuroru hiddətləndirib; o, indi də “mitinqdə radikal çıxış edənlər cəzalandırılmalıdır” bəyanatını verdi

Bir neçə gün öncə sabiq baş prokuror Əli Ömərov 2014-cü ildən üzvü olduğu Yeni Azərbaycan Partiyasından istefa verib və ardınca da Milli Şuranın sentyabrın 23-nə təyin etdiyi mitinqi, həmçinin keçirilən bütün qanuni mitinqləri müdafiə etdiyini facebook səhifəsində yazıb. Daha sonra “Yeni Müsavat”a bu mövqeyini təsdiqləyən açıqlamalar verib.

“Yeni Müsavat” isə onun açıqlamalarını dərc etməklə yanaşı, uzun illər susqunluq nümayiş etdirən və bir neçə il öncə mediaya açıqlamalar verməyə başlayan Əli Ömərovun birdən-birə YAP-dan istefa verməsinin başqa hansı səbəblərlə əlaqədar ola biləcəyi haqda bir neçə cümləlik qeyd yazıb. Qeyddə bildirilirdi ki, Əli Ömərovun istefası və ardınca müxalifətin mitinqini dəstəkləməsi heç bir halda təsadüfi hesab oluna, yaxud sabiq baş prokurorun səmimiyyəti kimi də görünə bilməz: “Ömərov praqmatik adamdır və gəlir-çıxarlarını dəqiqliyi ilə bilən adamdır. Bəs indi onu müxalifətə cəlb edən səbəb nədir? Bu barədə kiçik bir dəqiqləşdirmə apardıq və bəlli oldu ki, Ə.Ömərovun bu çılğınlığı sırf fərdi biznes maraqlarından doğan hərəkətdir. Onun və ailə üzvlərinin biznes şəbəkəsini genişləndirmək istəkləri baş tutmayıb və bu səbəbdən də Ömərov hökumətdən bu yolla acıq çıxır”.

Sentyabrın 21-də Əli Ömərov ölkə.az saytına açıqlama verərək biznesinin olmadığını bildirib, eyni zamanda bir gün öncə mitinqinə dəstək verdiyi Milli Şuraya üzv olmayacağını deyib, mitinqdə radikal çıxışlar edənləri isə cəzalandırmağa çağırıb: “Bəzi qəzetlər yazır ki, guya mən biznes marağıma və sairəyə görə YAP-dan istefa vermişəm. Ancaq bütün bunlar yalan və böhtandır. Mənim heç bir biznesim yoxdur. Mən sıravi təqaüdçüyəm. YAP-dan da narazı olub çıxmamışam. Sadəcə olaraq, YAP-ın iclaslarına çağırılmadığım üçün partiyanı tərk etmişəm. Ancaq prezident İlham Əliyev hakimiyyətini sonadək dəstəkləyəcəm. Hər kəs tam əmin olsun ki, əgər Milli Şura və ya digər hər hansı müxalif partiyadan mənə üzv olmaq üçün dəvət gələrsə, qəti şəkildə rədd edəcəm. Mən heç zaman Milli Şuraya dəstək verməmişəm. Bundan sonra da verməyəcəm. Sadəcə olaraq, normal şəkildə qanuni, dövlətin icazə verdiyi mitinqi dəstəkləmişəm. Mənim kimi deputat Qüdrət Həsənquliyev də bu mitinqi dəstəkləyib. Mən istənilən qanuni, icazəli mitinqi dəstəkləyirəm. Bunu ayrı cür yozmaq doğru deyil. Mən açıq şəkildə deyirəm ki, əgər Milli Şuranın mitinqində kimsə hakimiyyət əleyhinə radikal və qanunsuz çağırışlar edərsə, təhqiredici ifadələr səsləndirərsə, onlar cəzalandırılmalıdır. Mən bunu bir hüquqşünas kimi açıq şəkildə bəyan edirəm”.

Amma “Yeni Müsavat”ın əməkdaşlarının araşdırması nəticəsində isə Əli Ömərovun YAP-dan istefasının və “bir günlük müxalifətçi” olmasının daha bir səbəbinin olduğu ortaya çıxıb.

Məlum olub ki, Əli Ömərovun 2014-cü ildə hüquq-mühafizə orqanlarının birində işə götürülən oğlu işdə yol verdiyi ciddi nöqsanlara görə bu yaxınlarda işindən azad edilib. Ata Ömərov oğlunu işinə bərpa etdirmək üçün çox cəhdlər edib, bir neçə tanınmış YAP-çı deputatdan, vəzifəli şəxsdən xahiş eləyib. Lakin müsbət nəticə alınmayıb, xahişləri yerə salınıb. Bu isə onsuz da YAP-ın tədbirlərinə dəvət edilmədiyindən incik düşən sabiq baş prokurorun səbrini daşırıb. Və o, qərara gəlib ki, bəlkə yenidən “müxalifətçi” olsa onu geri qaytarmaq üçün YAP tərəfindən addımlar atılar və övladı işinə bərpa edilər. Çünki 2013-cü ildə işlətdiyi buna bənzər fənd ona müəyyən qazanc gətirmişdi. Bu dəfə gətirib-gətirməyəcəyi isə hələlik bəlli deyil.

Etibar SEYİDAĞA
Tarix: 22-09-2017, 14:39
Xəbəri paylaş





Xəbər lenti