“26 Bakı Komissarı”nın məzarlarını ziyarət edən Ədalət Abdinov kimdir: siz də tanıyın

“26 Bakı Komissarı”nın məzarlarını ziyarət edən Ədalət Abdinov kimdir: siz də tanıyın Son iki günün əsas gündəmdə olan mövzularından biri də bir qrup şəxsin “26 Bakı komissarı”nın Suraxanıdakı məzarlarını ziyarət etmələri, Azərbaycan Xalq Cümhuriyyətinin ünvanına ittihamlarla dolu bəyanat səsləndirmələridir. Həmin şəxslər barəsindəki araşdırmalarımızdan sonra onlardan birinin kimliyi barədə müəyyən faktlar əldə etdik.

Bu şəxs Ədalət Abdinovdur. Dosyesinə nəzər yetirəndə indiyə qədər ən müxtəlif sahələrdə çalışdığı üzə çıxdı. Feysbuqdakı profilinə baxdıqda isə, belə bir azərbaycanlının olmasına sadəcə, insan utanır. Statusları başdan-ayağa Rusiyayönümlü, Azərbaycan dövlətinin əleyhinədir. Açıq şəkildə bu adam kommunist ideyalarının yenidən ölkəmizdə bərqərar olmasını, müstəqilliyimizin itirilməsini və yenidən Rusiyanın əsarəti altına keçməyimizi təbliğ edir. Bu şəxsin fəaliyyətindən sanki aidiyyatı qurumlar xəbərsizdir.

Ə.Abdinovun kimliyini təqdim edirik:

O, Masallının Bədəlan kəndindəndir. 1958-ci ildə anadan olub. 1975-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına üzv seçilib. İlk iş yeri Bədəlan kəndindəki çay fabrikində fəhlə işləmək olub. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiya fakültəsini bitirib.

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti rektorluğu, partiya, komsomol və həmkarlar komitəsinin orqanı olan "Lenin tərbiyəsi uğrunda" qəzetinin göndərişi ilə 1983-1985-ci tədris illərində Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.


17 fevral 1984-cü ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub.

29 oktyabr 1985-ci ildən 7 fevral 1986-cı ilədək Azərbaycan Respublikası Təhsil Nazırliyinin elmi-pedaqoji kitabxanasinda redaktor işləyib.

Sonradan Bakı Plan-Uçot Texnikumunda kitabxana müdiri kimi çalışıb.

20 iyul 1987-ci ildən Abşeron Rayon Partiya Komitəsinin orqanı olan "Abşeron" qəzetinin redaksiyasında ədəbi işçi- müxbir, 7 iyul 1989-cu ildən kənd təsərrüfatı şöbəsinin müdiri, 15 fevral 1991-ci ildən məsul katib vəzifəsini tutub.

14 mart 1991-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının orqanı olan "Ülfət" qəzetinə xüsusi müxbir təyin edilib.

3 iyun 1991-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan "Gənc fəhlə" jurnalı redaksiyasında redaksiya heyətinin mütəxəssisi, 26 iyul 1991-ci ildən məsul katib vəzifəsində işləyib.

15 iyun 1992-ci ildən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin orqanı olan "İqtisadiyyat və həyat" jurnalında xüsusi müxbir, 1 iyul 1992-ci ildən şöbə redaktoru vəzifəsində çalışıb.

26 yanvar 1994-cü ildən "Tribuna" ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində işləyib.

Hətta bu şəxs Azərbaycanda ilk dəfə Marksizm-Leninizm Universitetinin fəaliyyətini bərpa edib və ona rəhbərlik edir. Universitet doğrudur, fəaliyyət göstərmir, amma tariximizə qara ləkə kimi düşmüş adları yenidən yaddaşlara qaytarmaq üçün bu şəxs onları gündəmə gətirir. Necə ki, “26 Bakı Komissarı”na qəbirlər düzəldib, oranı ziyarətgaha çevirmək istəyir. Baxmayaraq, ki, həmin “komissarlar”ın içərisində Stepan Şaumyan kimi xalqımızın qanını axıdan şərəfsiz ermənilər olub.

Bu şəxs Stalin ordeni, "Slava, doblest i çest" medalı alması ilə fəxr edir.

Sonda onu da qeyd edək ki, belə şəxslərə heç bir halda imkan vermək olmaz. Azacıq imkan qazansalar, bir əsr öncə Cümhuriyyətimizə qarşı çıxan Əzizbəyov və Vəkilov kimi hərəkət edərlər, müstəqil dövlətimizə ən böyük təhlükə olarlar. Çünki onlar üçün vətən, millət anlayışı yoxdur. Sıralarında ermənilərin də yer aldığı “komissarlar”ın qəbirlərini ziyarət edənlərdən nə desən, gözləmək olar…

Cavanşir ABBASLI,
Musavat.com
Tarix: 22-09-2017, 20:50
Xəbəri paylaş





Xəbər lenti