Daha bir qaçqın yataqxanası qəzalı vəziyyətdədir, köçkünlər kömək gözləyir

Daha bir qaçqın yataqxanası qəzalı vəziyyətdədir, köçkünlər kömək gözləyir Xətai rayonu, Səmədbəy Mehmandarov prospekti 15-dəki məcburi köçkünlərin məskunlaşdığı 2 saylı peşə litseyinin yataqxanası qəzalı vəziyyətə düşüb. Yataqxanada 300-ə yaxın köçkün ailəsi məskunlaşıb. Hörümçək toru kimi elektrik xətləri ilə əhatələnmiş binada bir neçə dəfə yanğın təhlükəsi yaranıb.

Bu barədə virtualaz.org saytına məcburi köçkünlər məlumat veriblər.


Yataqxananın həyəti keçmiş Balaxanı zibilxanasını xatırladır, binanın həyətində istənilən məişət tullantılarının qalıqlarına rast gəlinir, yaxınlıqda isə zibil qutuları yoxdur. Beşinci mərtəbədən birinci mərtəbəyə qədər tavan yaşdır, su birbaşa üstü açıq elektrik xətlərinin üstünə tökülür. Səliqəsiz yığılmış qab-qazanı, yer olmadığı üçün dəhlizin bir küncünə qalaqlanmış meyvə-tərəvəzin içində olan ayaqqabını, pal-paltarı da əlavə etsək, buradakı yaşayışın dəhşətini anlatmağa kifayət edər.

Məcburi köçkünlər adlarının açıqlanmasını, şəkillərinin çəkilməsini istəmirlər. “Yaşadığımız şəraitdən utanırıq”, - səbəbini belə izah edirlər.
Daha bir qaçqın yataqxanası qəzalı vəziyyətdədir, köçkünlər kömək gözləyir


Hər mərtəbədə 20 sakin bir-birinə bitişik iki ayaqyolundan istifadə edir. Ayaqyolu demişkən, yanlış anlamayın, suyu olmayan, nəmişlikdən divarları qaralmış, illərdir çirkab damdığından tavanı uçmuş tikilidə üfunət iyindən dayanmaq mümkün deyil. Balaca, ensiz, yalnız su kranı qoyulmuş, pəncərəsiz otaqdan isə hamam kimi istifadə edilir.

“25 ildir köçürüləcəyimiz günü gözləyirik. Ev üçün qeydiyyata alıblar, ayda-ildə bir dəfə siyahını dəqiqləşdirirlər”,-Aygün adlı köçkün deyir.

Onun sözlərinə görə, hamamda yuyunmaq üçün növbə təyin edilib. Bir neçə mərtəbədə köçkünlər öz hesablarına hamam və ayaqyolunda təmir işləri aparmağa çalışıblar. Amma bina qəzalı olduğundan təmir işə yaramayıb, tavan və döşəmə yenidən uçub.

Daha bir qaçqın yataqxanası qəzalı vəziyyətdədir, köçkünlər kömək gözləyir

Məcburi köçkünlərdən biri əlavə edir ki, bina tikməyin, bu qədər köçkünü evlə təmin etməyin çətinliyini başa düşürlər. Amma istəkləri binada təmir aparılması, heç olmasa ayaqyolu və hamamın səliqəyə salınmasıdır.

“10-15 kvadratmetr sahəsi olan otaqlarda 5-6 nəfərlik ailə qalır. Burada doğulan uşaqlar artıq ailə qurub, oğul-uşaq sahibi olublar. Onlar da yaşadıqları şəraitdən utanırlar. Heç olmasa, cüzi təmir aparılsın ki, canımız siçovullardan qurtarsın”, -sakinlərdən biri əlavə edir...
Tarix: 23-09-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti