“Böyrəyimin birini məhkəmə hakimlərinə və dövlət ittihamçılarına verə bilərəm”- KEÇMİŞ DÖYÜŞÇÜ

“Böyrəyimin birini məhkəmə hakimlərinə və dövlət ittihamçılarına verə bilərəm”- KEÇMİŞ DÖYÜŞÇÜ Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamağa məcbur edilən müharibə veteranı Həmid Rövşən oğlu Əliyev müddətsiz aclıq aksiyasına başlayıb.
Gununsesi.info-ya bu haqda məlumat verən H.Əliyev bildirib ki, haqqında cıxarılan hökmdən şikayətçidir.

O, işin yenidən araşdırılmasını tələb edir: “Saytınız vasitəsiylə cənab prezident İlham Əliyevə, baş prokurora, daxili işlər nazirinə, ədliyyə nazirinə müraciət edirəm. Xahiş edirəm, günahsız insanın məhbus həyatı yaşamasına imkan verməyin. Mən saxta ittihamlarla həbs edimişəm. Tələb edilən rüşvəti verə bilmədim deyə, müstəntiq və havadarları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək haqqımda ən ağır cəza tədbiri seçdilər. Xahiş edirəm, mənim işimə yenidən baxsınlar. Bu işdə hal şahidləri polisin öz adamları, narkomanlarıdır. Günhasızlığımı isbatlayan əlimdəki sübutlara baxan yoxdur. Azad olunmağın üçün istənilən qədər sübutlar və faktlar var. Bircə pulum yoxdur. Böyrəyimin birini məhkəmə hakimlərinə və dövlət ittihamçılarına verə bilərəm. Gücüm ona çatır. Vətən uğrunda canımdan keçmişəm. Qəlpələri indiyədək gəzdirirəm. Ali Məhkəmədə müstəntiqdən soruşublar, deyib ki, günahkardır. Müsəntiq özü tutub, demeyəcək ki, günahsızdır, 20 min istədim, verə bilmədi, göndərdim içəri. Sənədlərlə sübut edirəm ki, günahsızam, amma baxan yoxdur. Hamıya üz tutdum, əhəmiyyət vermədilər.
Bəs mən kimə üz tutum, kimdən haqqın, ədalətin bərpa ediməsini istəyim? Müddətsiz aclığa başlayıram. Bu haqda cəzaçəkmə müəssisəsinin rəhbərliyinə də müraciət etmişəm”.
Keçmiş döyüşçü, şərlənərək həbs olunduğunu deyən Həmid Əliyevin anası Minayə Əliyevayla əlaqə saxladıq.
M.Əliyeva bildirdi ki, oğlu türmədə ölür: “Bədənində erməninin vurduğu qəlpələr var. Biz oğlumun haqlı olduğunu sübut edə bilmirik. Oğlumun mədəsindən qan gəlir. 11 yaşlı qızının başında şiş var. Uşağın gözləri tutulur. Həbsindən əvvəl Qazaxda evimizi satıb məni əməliyyat etdirmişdi. Taksi sürüb bizi birtəhər dolandırırdı. Özüm ağır şəkər xəstəsiyəm, atası da ağır vərəmdir. Oğlumu prezident əfv etsin, Əfv Komissiyasındakılar bizim ailənin taleyinə biganə qalmasın.
Oğlumun yanına getməyə, uşaqlara çörək almağa imkanımız belə yoxdur. Gecədən səhərə qədər lavaş bişirib satıram ki, birtəhər ayı başa vuraq. Ümidim əfvədir. Oğlum Həmid Rövşən oğlu Əliyev Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindədir. O, bir müddət əvvəl ədalətsiz hökmə etiraz edib 9 gün ölüm aclığı etdi. Az qala ölmüşdü. Yenə də aclığa başlamaq istəyir. Mənə deyir ki, ana, sən qoçaq qadınsan, mən günahsızlığımı sübut etmək üçün aclıq edirəm. Bəlkə işi doğru-dürüst araşdıran olar. Oğlumun dövlətdən başqa güvənc yeri yoxdur. Qanını da, canını da 3 il Qarabağda fəda etməklə dövlətə qulluq edib. Əlimizdə günahsız olduğunu sübuta yetirən bütün dəlil-sübutlar var. Şərlənib həbsə atılıb. Oğlum Bakıda taksi sürüb bizi dolandırırdı. Ona Qazaxdan olan Məhəmməd Mustafa oğlu Nəsibov çanta verib ki, bunu apar ver Qazaxda qardaşıma. Oğlumu polis tutub, məlum olub ki, bağlamada narkotik var. Polisin iştirakı ilə telefon danışıqları zamanı çantanın sahibi Məhəmməd Nəsibov etiraf edib ki, polisin əlində olan bağlama ona məxsusdur. Lakin buna baxmayaraq, hazırda o, azadlıqda, oğlum isə həbsdədir. Bütün bunlar oyundur. Oğlumun həbsindən sonra Məhəmmədi 3 saat saxlayıb buraxdılar. Oğlumu Zığdakı narkodispanserə aparıb qanını götürmüşdülər. Yazmışdılar ki, qanı 1-ci qrupdur, qanında narkotikin miqdarı o qədər çoxdur ki, həkim onun köhnənin narkomanı olduğu qənaətinə gəlib. Bunu biz Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən bildik. Mənim oğlum narkotikdən uzaq adamdır. Bunu Daxili İşlər Nazirliyində qəbulda olarkən də dedim. Dedilər ki, bəlkə xəbərin olmayıb, oğlun narkotik istifadə edib. Dedim ki, həmin rəy saxtadır, çünki oğlumun qanı orada 1-ci qrup göstərilib. Mənim oğlumun qanı 3-cü qrupdur. Yoxladılar, məlum oldu ki, həkim səhv edib, oğlumun qanının əvəzinə başqasının qanını müayinə edib, oğlumun adına yazıb. Şikayətlərimdən sonra həkimi işdən çıxardılar. Halbuki mən həkimin işdən çıxarılmasını istəmirdim, oğlumun günahsız olduğunun sübut edilməsini tələb edirdim. Məhkəmədə Məhəmməd Nəsibovu gətirib dindirmələrini tələb etdik. Gətirmədilər. Adam deyir ki, çanta da, içindəki bağlama da mənimdir. Oğlum isə taksi sürücüsü kimi ona verilən çantanı Qazağa aparıb. Oğluma məhkəmədə də, polisdə də deyirdilər ki, gərək apardığın çantanın içinə baxaydın. Baxmamısansa, deməli, günahkarsan. Prokuror 11 il cəza istədi, məhkəmə 10 il cəza təyin etdi. 2 ildir ki, qapılardayam. İstədiyim budur ki, oğlumu əfv etsinlər, canımız bu dərd-sərdən qurtarsın. Prezidentə yalvarıram ki, oğlumu azad etsin. Günahsızdır”.
“Böyrəyimin birini məhkəmə hakimlərinə və dövlət ittihamçılarına verə bilərəm”- KEÇMİŞ DÖYÜŞÇÜ
Gülnaz Qənbərli
Tarix: 1-10-2017, 23:19
Xəbəri paylaş





Xəbər lenti