8 min manatlıq ayaqqabı

8 min manatlıq ayaqqabı Düzünə qalsa, mən bir İH başçısının 8 min manatlıq ayaqqabı geyməsinə o qədər də əminliklə inanmıram, amma bir başqa İH başçısının 17 min manatlıq “Vertu” markalı mobil telefon gəzdirməsinə inanıram.

Nədən ki, o şoqəribi onun əlində görənlər olub. Bilənlər də bilir ki, “Vertu”nun qiyməti 15 min manat civarındadır (1-2 min manat o yan-bu yan ola bilər - dəllallar dünyasıdır).


Ona qalsa, kimsə deyə bilər ki, 8 min manatlıq ayaqqabını da bu biri İH başçısının ayağında görənlər olub. Ola bilər. Amma bir ayaqqabı timsah və ya kobra dərisindən olsa belə, satış dəyəri 8 min manata gəlib çıxarmı, çıxmazmı, bilmirəm. “Evdə bişməyib, qonşudan gəlməyib” məsələsi...

Hələ ortada 2050 (iki min əlli) manatlıq köynəklər söhbəti də var. Bir köynək - iki min əlli manat. Ağla sığmır. Yox, bilirəm, dünyada brend markalar, bahalı köynəklər var, Stokholmda, Brüsseldə bir mağazada 100 dollarlıq köynəklər görmüşəm, amma düzü, ondan bahalısını görməmişəm.

Bir köynək ki, pambıq və ipək saplardan toxunur, buna da təxminən 300 qram (lap olsun yarım kilo) sap gedir, onun qiyməti necə 2 min manat ola bilər? Əlbəttə, bu, o halda elə olar ki, köynəyin düymələri qızıldan, brilyantdan olsun. Ya da satlıq mal çox nadir, eksklüziv olsa, elə ola bilər. Məsələn, dünyaca məşhur kuturye (dərzi deyəndə zəif çıxır) öz əlləri ilə kostyum tikir, oliqarxa bağışlayır, o da onun bank hesabına 10 min dollar keçirir.

Hərçənd belə haqq-hesablar da olub: Rusiyanın məşhur kuturyesi Valentin Yudaşkin o vaxt, 1995-də-filanda baş nazirin birinci müavini olan rəhmətlik Boris Nemtsova öz əlləri ilə palto tikib təqdim edib, o da birtəhər 200 dollar düzəldib verib, deyib, Abramovıç, valla, bundan artığına gücüm çatmır. Yudaşkin də deyib, o nə sözdür, Yefimiç, qonağım ol. Amma Nemtsov razı olmayıb.

Yəni normal, eleqant geyimlərin babat qiymətləri ola bilər, amma 8 minlik ayaqqabı, 2 minlik köynək, 10 minlik kostyum sanki bir az astronomik qiymətlərdir. Yaxşı pulu olan normal adam gərək belə şeylərə meylli olmasın. Məsələn, dünyanın ən varlı adamı Billi Qeytsdir, amma o, 8 minlik ayaqqabı geyməyi özünə rəva bilmir. Adam istəsə nəinki o cür ayaqqabının əlli cütünü, hətta o cür bahalı ayaqqabı tikən fabriki diricə ala bilər. Ala bilər, amma almır. Çünki adamın gözü-könlü toxdur.

Desələr ki, hansısa ərəb şahzadəsi dələ dərisindən tikilmiş portmanata 50 min dollar ödəyib, ona inanaram. Çünki bu cür fantastik pul xərcləmələr şahzadələrə xas hərəkətdir. Hollivuddan bir gecəlik qonaq gətirdikləri ulduz civilərə 1 milyon dollar ödəyən adamlardır, onlardan nə desən, çıxar.

İndi yazının bu yerində oxuculardan bir xeylisi deyəcək: “Varıdır, verir də, varlığa nə darlıq, guya sənin milyonların olsa, ”Vertu" işlətməzsən, 8 min manatlıq ayaqqabı geyməzsən?"

Tam səmimisini deyirəm, bütün müqəddəslərə, eləcə də oxuduğum kitablara and olsun ki, mənim milyardım olsa, 8 min manatlıq ayaqqabı geymərəm, “Vertu” da götürmərəm. Dünyada milyardı olan, amma 8 min manatlıq (dollarlıq) ayaqqabı geyməyən onlarca milyarder, yüzlərcə milyonçu var.

Razıyam ki, belə şeylər ən çox görməmişlər ölkəsində, mənəviyyatca, zəkaca geridəqalmışlar diyarında olur.

Bir baxın, görün, dağ-dərə maşını olan “Mercedes Qelandevagen”i ən çox hansı ölkələrdə alırlar. Özüm görmüşəm, Amerikada qaradəlilər 100 min dollarlıq iri-iri ciplər sürür, ağdərililər isə 15 min dollarlıq azlitrajlı “Toyota”lar.

Hər halda adam inana bilmir ki, bir İH başçısı 2 manatlıq maaşı ilə 2 min manatlıq köynəyi necə geyir? Bəlkə oğurluq edir? Bəlkə korrupsiya ilə məşğuldur?

İnandırıcı deyil. Bizdə korrupsiya kimi neqativ hallar yoxdur. (Ona qalsa, korrupsiya ABŞ-da, Avropanın aparıcı ölkələrində də var). Varsa da, o qədər ciddi korrupsiya deyil, gözlə görünmür.

Deyəcəklər, bəs o 10 milyonluq villalar, 200 minlik maşınlar nədir?

Hamısı halal pullarla, biznes strukturlarının fəaliyyəti nəticəsində qazanılmış pullarla alınıb, hələ vergisi-filanı da ödənilib.

Yenə deyəcəklər ki, bəs axı İH başçıları, deputatlar bizneslə məşğul ola bilməzlər, o necə olsun?

Bu, artıq cığallıqdır. Təxminən cavab belə olacaq ki, bal tutanın barmaq yalaması korrupsiya aktı deyil.

İncəvara, qədirbilən xalqımız belə məsələlərdə çox qəlbigeniş və dözümlüdür, düşünür ki, eh, bizim də o boyda vəzifəmiz olsaydı, “Vertu”yla da danışardıq, “Qalik” də minərdik.

P.S. Amma yenə də maraqlıdır. Gündə yüz metr piyada yol getməyən adam 8 manatlıq ayaqqabını neynəyir?

Samir SARI
Tarix: 4-10-2017, 08:31
Xəbəri paylaş





Xəbər lenti