“Separatizmi dəstəkləyən məmur: PKK-dan tapşırıq da ala bilər”- DEPUTAT

“Separatizmi dəstəkləyən məmur: PKK-dan tapşırıq da ala bilər”- DEPUTAT İraqda baş verən referendum digər ölkələrdə olduğu kimi Azərbaycanda da separatizm təhlükəsini artırır. Azərbaycan 29 ildir ki, erməni separatizmindən əziyyət çəkir və münaqişə hələ də öz ədalətli həllini tapmayıb. Əgər Yaxın Orta Şərqdə, o cümlədən, Cənubi Qafqazda yaşayan kürdlər də siyasi təbliğata uysalar, bölgədə xaotik bir vəziyyət yarana bilər. Siyasi ekspertlərin fikrincə, bu halda qanlı müharibələr, etnik toqquşmalar qarşısıalınmaz bir prosesə çevriləcək.

Xatırladaq ki, Rusiya Azərbaycanda erməni separatizmini alovlandırdığı kimi, Türkiyəni bölməyə çalışan PKK-ya dəstək verir.

Azərbaycanda yaşayan kürd icması arasında separatizm toxumlarının əsası hələ 1922-ci ildə qoyulub. Həmin vaxt Azərbaycan ərazisində “Qırmızı Kürdüstan” inzibati ərazi vahidliyinin yaradılmasına cəhd göstərilsə də, bu ideyanı həyata keçirmək mümkün olmamışdı.


Bu günlərdə Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin İraq Kürdüstanının müstəqilliyini dəstəkləyən açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmadi. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşan Füzuli Tanirverdiyev müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verib. Sosial şəbəkələrdə də kürd separatizminə dəstək verən bu tipli çıxışların sayı az deyil. Genişlənən bu dalğanın isə gələcəkdə Azərbaycan üçün necə ciddi problemlər yaradacağı istisna deyil. Məsələ ilə bağlı ayrı-ayrı millət vəkilləri də narahatlıqlarını ifadə ediblər. Hətta kürd məmurun hərəkətləri Milli Məclisdə müzakirə olunub. İcra hakimiyyəti rəsmisinin məlum çıxışı pislənilib və onun cəzalandırılması tələb olunub.

Deputat Vahid Əhmədov Kürdüstanın müstəqilliyini müdafiə edən şəxs barədə ölçü götürülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib və bildirib ki, həmin qurum məsələni diqqətdə saxlamalıdır.

Maraqlıdır, kürd separatçılarına dəstək verənlər barədə hansı cəza tədbirləri görülə bilər?




Millət vəkili Fazil Mustafa “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hər hansı bir terrorçu qrupu dəstəkləmək əməldə ifadə olunursa və onun sosial şəbəkədə təbliğatı aparlılırsa, bu, ciddi məsluyyət yaradır: “Bu terrora dəstək vermək anlamına gəlir. Burada söhbət hansısa xalqa simpatiyadan getmir. Öz xalqına, millətinə simpatiya hər kəs bildirə bilər, bunda hər hansı problem yoxdur. Amma burada söhbət başqa ölkənin ərazi bütövlüyünə qarşı çağırışdan gedir. Çağırışın nəticəsi də odur ki, avtomatik olaraq həmin dövlətlərdən də Dağlıq Qarabağın tanınması istiqamətində müəyyən çağırışlar səslənə bilər. Bu, o deməkdir ki, məmur dövlət siyasətimizə qarşı çıxır və separatçılığı dəstəkləyir”.

Fazil Mustafa xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi İraqın ərazi bütövlüyünü dəstəkləyib: “Bu kifayətdir ki, İraq da bizim ərazi bütövlüyümüzü dəstəkləyir. İndi Azərbaycanın içində daha kimlərsə rəsmi dövlət postunda oturub İraqın ərazi bütövlüyü ilə bağlı hər hansı bir məsələni gündəmə gətirib, şübhə yaradırsa, sabah bizə qarşı da eyni ittiham ordan səslənə bilər. Sabah İraqdan da kimlərsə gəlib Dağlıq Qarabağa gedə bilər və əsaslandıra bilərlər ki, onların ölkəsində də bu məmurlar bunu dəstəkləyir, addımı da ona görə atırıq. Hər halda vəzifəsindən sui-istifadə etmək, səlahiyyətlərini aşmaq kimi məsələlər gündəmə gələ bilər və separatçılığın dəstəklənməsi terrorçu qrupların müdafiə olunması kimi ehtiva edilə bilər”.

“Bu adam PKK-dan tapşırıq da ala bilər”

Millət vəkili qeyd olunan məsələnin qanuniləşməsi vacibliyinə də toxunub. O deyib ki, məsələnin qanuniləşməsi mütləqdir. Məsələ qanuniləşəndən sonra isə separatçılığa dəstək verənlərin cəzalanması ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır: “Hüquq-mühafizə orqanları araşdırmalıdır ki, terrorçularla belə şəxslərin əlaqəsi nə səviyyədədir. Məhz Türkiyə-Azərbaycan münasibətlərinin pozulması üçün adam PKK-dan tapşırıq da ala bilər. Bu şərtlə ki, məhz Türkiyə tərəfi Azərbaycana irad bildirsin ki, sizin məmur terrorçuları dəstəkləyir. Onda da Azərbaycan-Türkiyə münasibətləri pozula bilər. Hərtərəfli məsələ araşdırılsa, aydın ola bilər ki, adam bunu səbəbsiz söyləməyib. Ola bilər ki, şəxs xüsusi tapşırıq alıb. Yaxud ciddi terror təşkilatı ilə də bağlılığı var və belə şəkildə çıxış edib. Bu cür çağırışlar sabah ermənilərin Dağlıq Qarabağ iddialarını həm də dəstəkləməyə gətirib çıxaran addımdır. Adam hətta çıxıb deyə bilər ki, mən Dağlıq Qarabağın müstəqilliyini tanıyıram”.

Alçina Amilqızı

Cebhe.info
Tarix: 4-10-2017, 21:50
Xəbəri paylaş





Xəbər lenti