DİQQƏT: Qadınları indi də internetdə satırlar

DİQQƏT: Qadınları indi də internetdə satırlar Son vaxtlar sosial şəbəkələrdə, elan saytlarında yerləşdirilmiş qəribə və biabırçı elan mətnlərinin şahidi oluruq. Bu elanlarda daha çox evli kişilər boşanmış, dul, bir sözlə, azad qadınlarla tanış olmaq və münasibət qurmaq istədiklərini yazırlar. Adətən, belə saytlarda mənzilllərin alqı-satqısı, torpaq sahəsi, müxtəlif geyim və əşyaların elanları yerləşdirilir. Amma indi daha çox qadın axtarışına çıxanlarla bağlı elanlara rast gəlmək mümkündür. Əksəriyyəti saytlara öz şəkillərini, əlaqə nömrələrini yerləşdirir, öz istək və aruzlarını yazırlar.

Belə elanlardan biri də tap.az saytında 33 yaşlı Elçin adlı bir şəxs tərəfindən yerləşdirilib. Elçinin evli və övlad sahibi olduğu halda dostluq etməyə xanım axtarır. Elanda ciddi, dul, boşanmış qadınlara üstünlük verdiyini qeyd edən şəxs heç bir halda həmin xanıma pul xərcləməyəcəyini də vurğulayıb. Yazır ki, azaddır, ömrü boyu onunla münasibətdə olacaq, sirrini saxlayacaq xanım axtarır.

Ekspertlərin fikrincə, belə elanlar tanışlıqdan daha çox qlobal problemlərdən biri olan qadın alverinə də hesablanmış ola bilər. Yəni bu işlə məşğul olan qrup bu cür elanlar yerləşdirməklə müəyyən formada qadınları sanki ciddi, səmimi münasibətə dəvət etmiş olur və bununla da şəxsi məqsədini işə salır. Bu isə məlumdur ki, hansı bəlalardan, təhlükələrdən xəbər verir...

DİQQƏT: Qadınları indi də internetdə satırlar

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Cümhuriyət” qəzetinə açıqlamasında bu məsələ ilə bağlı narahatlığını bildirərək, saytlarda biabırçı elanların yerləşdirilməsini pisləyib. O, təşkilata hər il bununla bağlı bir neçə müraciətin daxil olduğunu da deyib: “İnsanların müəyyən davranış və addımlarına müdaxilə etmək çətin olur. Amma bu çox ciddi məsələdir və düşünürəm ki, problemə səthi yanaşmaq olmaz. Hər halda müxtəlif düşüncə və fikirdə olanlar var ki, onlar müəyyən insanları öz təsiri altına salmağa çalışırlar. Bu təsirə əsasən azyaşlılar düşür. Sosial şəbəkə iş, maraqlı məlumatlar öyrənmək üçün əlverişlidir. Lakin tanışlıq dost mərhələsinə keçəndə əksər hallarda buna diqqətsiz yanaşırıq. Hətta üzünü görmədiyimiz, xasiyyətinə bələd olmadığımız insanları dost deyə həvəslə təqdim edirik.

Hər halda istənilən insanı araşdırmaq, onlarla maraqlanmaq, məqsədlərini anlamaq heç də çətin deyil. Vaxtında bu araşdırmanı etməyəndə qurbana çevrilirlər. Söhbət dul, boşanmış qadınlardan gedirsə, onlara nəzarət bir qədər çətindir. Çünki özlərini daha müstəqil zənn edən bu qadınlar həyatda da müəyyən addımlar atarkən bunu düzgün hesab edirlər. Bir sözlə, cəmiyyət, valideyn və dövlətin bu məsələdə nəzarət mexanizmi güclü olmalıdır. Söhbət azyaşlılardan gedirsə, onların qarşısındakının hansı məqsəd güddüyünü anlamaq bacarığı çətindir. Valideynlər övladlarının sosial şəbəkədə davranışlarını diqqətdə saxlamalı, ona lazımi tövsiyə verməlidir. Özləri də sosial şəbəkədə istifadədə diqqətli olmalıdır. Xarici ölkələrdə valideynlər övladının oxuduğu məktəbi işarələməklə onun insan alveri qurbanına çevirməsinə dəfələrlə səbəb olub”.

Problemdən əziyyət çəkənlərin az olmadığını deyən M.Zeynalova bu məsələdə hüquq- mühafizə orqanlarının da rolunu əsas tutub: “Hər halda sosial şəbəkələrdə, real həyatda baş verən bu tip hadisələr nəzarətə alınmalı, müəyyən qabaqlayıcı tədbirlər görülməlidir. Bunun qarşısını almaq yalnız maarifləndirmə ilə, valideyn və müəllimlərin diqqəti ilə mümkündür. Sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən zorakılığa məruz qalan, şantaj edilən şəxslərin ilk müraciət edəcəyi ünvan hüquq-mühafizə orqanları olmalıdır. Göndərdiyi şəkil, video ilə şantaj edilmək şərəf və ləyaqətin alçaldılması deməkdir. Burada hətta cinayət məsuliyyəti də var”.

Alçina Amilqızı

Cebhe.info
Tarix: 7-10-2017, 22:04
Xəbəri paylaş





Xəbər lenti