"Dedim, məni tutun, balamın yanında olum" - jurnalistin məhkəməsində anası və xanımı ifadə verdi

"Dedim, məni tutun, balamın yanında olum" - jurnalistin məhkəməsində anası və xanımı ifadə verdi "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq fəaliyyətində təqsirləndirilən jurnalistin məhkəməsinə hakim Mirzə Xankişiyev sədrlik edib.

Məhkəmədə Almaniya, Fransa, Böyük Britaniya və Hollandiya səfirliklərinin nümayəndələri də iştirak edib.


Məhkəmənin hazırlıq iclasında qəbul edilən qərara əsasən Ə.Orucov şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşdirilib.

Vəkil C.Cavadov növbəti dəfə məhkəməyə müraciət edərək ötən məhkəmədə verdikləri vəsatətə- Ə.Orucov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsinə baxılmasını istəyiblər.

Vəkilin digər vəsatəti isə Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi ilə bağlı olub.

Vəkil Elçin Sadıqov da həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib: "İstintaq orqanı belə bəhanə gətirdi ki, əgər Əziz Orucov ev dustaqlığına buraxılsa, o şahidlərə təzyiq göstərə və hətta istintaqdan yayına bilər. İndi isə artıq istintaq orqanı bütün şahidləri dinləyib, sübutları məhkəməyə təqdim edib. Əziz Orucovun ev dustaqlığına buraxılmaması üçün heç bir əsas yoxdur".

Dövlət ittihamçısı isə ötən prosesdə olduğu kimi bu dəfə də vəsatətin təmin edilməməsini istəyib.

Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirəyə yollanıb. Müşavirədən sonra elan edilən qərara əsasən vəsatətlər təmin edilməyib.

M.Xankişiyev Ə.Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə ötən prosesdə də çünasibət bildirdiyini söyləyib. Hakim qeyd edib ki, məhkəmə ötən prosesdə qəbul etdiyi qərarda qalır və vəsatətin təmin edilməsinə lüzum görmür.

Məhkəmə digər vəsatətin də təmin edilmədiyini elan edib.

Prosesin davamımda dövlət ittihamçısı ittiham aktını elan edib.

Ə.Orucov ittihamla özünü qəti olaraq təqsirli bilmədiyini deyib.

Məhkəmədə şahidlərin dindirilməsi mərhələsi başlayıb. İlk şahid Ə.Orucovun anası Almaz Həsənova ifadə verib.

O deyib ki, oğlunun həm anası, həm də müəlliməsi olub: "Oğlum tərbiyyəli, qanacaqlı və savadlı övladdır. Oğlum Bakı Dövlət Unibersitetini bitirib. Sonra da jurnalist kimi fəaliyyət göstərib.

Qafqaz Media Tədqiqatlar Mərkəzini Əzizin qardaşı Anar yaratdı. Əziz də direktor olub. Dəqiq bilmirəm, fəaliyyətlərində qrant da alıblar. Bununla da işlərini görüblər. Vallah bilmirəm ki, nə qrant alıblar, nə qazanıblar ki, Əzizgilin ev kirayəsinin pulunu atası ilə mən verirdim.

Mən qanunu elə də yaxşı bilmirəm. Görəsən qardaşın işinə görə qardaş, atanın işinə görə oğulmu cəza çəkməlidir?".

Hakim şahidə suala verib: "Anar Orucovun cəzasını Əziz Orucovun çəkdiyini ona kim deyib".

Almaz Həsənova suala cavabında deyib ki, bu fikirləri ona işi aparan müstəntiq deyib: "Müstəntiq dedi ki, Anarın etdiyinin cəzasını Əziz çəkir. Mən də dedim ki, bir uşaq düzgün hərəkət etmirsə, doğru yolda deyilsə, təqsirkar anası və müəlliməsidir. Müstəntiqə dedim ki, onun əvəzinə məni tutun. Müstəntiq də dedi ki, səni də, gəlinini də digər oğlunu da tutacam. Mən də dedim ki, lap yaxşı. Elə balalarımın yanında olaram".

Məhkəmədə məlum olub ki, Əzizov qardaşları tərəfindən yaradılan təşkilatın sədri vəzifəsində şahid Almaz Həsənov olub.

O deyib ki, təşkilata ayrılan vəsait yalnız oğlu Anar Əzizov tərəfindən alınıb: "Burada Əzizin heçnədən xəbəri olmayıb".

Almaz Həsənova istintaq zamanı təzyiqə məruz qaldığını da deyib: "İki dəfə istintaqda ifadə vermişəm. Birinci dəfə gedəndə halım pisləşdi. Xahiş elədim ki, sabah gəlim. Amma icazə vermədilər. İnsult keçirmiş adamam. İfadə aldılar. Halım lap pisləşdi deyə yarıda qaldı. Müstəntiq Orxan Babayev idi. Həmin gün gedəndə nümayəndəm yox idi. Mən nümayəndəmin gəlməsini istəsəm də şərait yaratmadılar. İkinci dəfədə isə nümayəndəmlə getmişdim".

Hakim şahidə xatırladıb ki, istinataq ifadəsini imzalayarkən yanımda nümayəndəsinin olduğunu da qeyd edib.

Almaz bildirib ki, müstəntiq ona oxumadıöı daha bir sənəd də imzaladıb: "Səhhətim ağırlaşanda çıxdıq. Amma sənədə imza

Digər şahid isə Əziz Orucovun xanımı Lamiyə Orucova olub.

L.Orucova deyib ki, 4 ildir Əziz Orucovla ailəlidir. Onun sözlərinə görə Qafqaz Media Tədqiqatlar Mərkəzi həmin ərəfədə artıq fəaliyyətini dayandırıbmış.

O da təşkilatın fəaliyyətinə, qrantların alınmasına Əziz Orucovun qardaşının nəzarət etdiyini deyib: "Mən təşkilatın fəaliyyətindən xəbərsizəm. Ancaq "Kanal 13"lə bağlı məlumatım var. Maaşları da Əziz verirdi. İşdən sonra taksi fəaliyyəti ilə məşğul olurdu".

Növbəti məhkəmə prosesi oktuabrın 17-nə təyin edilib.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İ.Muradov,
Tarix: 10-10-2017, 15:45
Xəbəri paylaş





Xəbər lenti