Toz içində köşə


(hind filmi üçün ssenari)

Ekologiya idarəsindən rahat nəfəs almağımıza səbəb açıqlama verdilər, deyir, İranı bürüyən toz fırtınası buralara gəlməyəcəkdir. Hərçənd, Bakıda onsuz da tozdan göz-gözü görmür. Pəncərəni açıq qoyub harasa gedirsən, iki gün sonra qayıdanda ev əşyalarını tozun altında tapmaq olmur. Keçən ay mən kompüterimi tozun içində itirmişdim, bir neçə gün yazım olmadı, diqqətli oxucuların yadına gələr. Havada o qədər toz uçur ki, yağışdan sonra maşınların üstündən palçıq tökülür. Şair bu məqamda demişdir:

“Göy üzündə hərlənən bir tozam mən,

Göydən-yerə boylanan bir gözəm mən.

Mən bir gözəm

Kirpiyim yox, qaşım yox,

Mən bir tozam,

Ayağım yox, başım yox".

Bu tozanağın təbiətdən daha çox insani, texnogen mənşəli olması ekoloqlar tərəfindən səslənibdir. Elə bayaq adını çəkdiyimiz idarədən Umayra xanım ötənlərdə demişdi ki, Bakıda tozu adamlar qaldırır.  Sitat: “Toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir”.

Doğrudan belədir. Gözümlə gördüyümü yazım. İki qonşu tanıyırdım. Bunlar bəhsəbəhsə girib evlərinin divarını qaşımağa başlamışdılar. Hər gün qaşıyırdılar, elə bil evləri qotur olmuşdu. Elə ki biri ara verib sakitləşirdi, səhər durub baxırdı qonşu daha çox qaşıyıbdır, dərhal ustaları təzədən yığırdı. Qaşı ha qaşı, axırda ikisinin də evinin divarları yuxa qədər nazikləşdi. Küçədən baxırdın, bunlar evin içində nə qələt eləyirlər - hamısı aydınca görükürdü (pis şey fikirləşməyin, kitab oxuyurdular). Nəhayət, bir gün, türkün sözü, divar qurtardı. Ancaq qaşımağa öyrəşmisənsə, nə etməlisən? Toz çıxartmaq lazımdır. Tozdur, qandır - bunlar divardan və damardan çıxdısa, dayanmaq bilməz. Bizdə tozun dövranı hadisəsi də vardır, toz heç vaxt itmir. Hazırda AMEA Tozanaq Problemləri İnstitutunda “Tozun bozu və Hiqqs bozonunun qoz kimi çözümü” mövzusunda araşdırma aparılır, biz qayıdaq mövzumuza, yazını elmi düsturlarla yükləməyək. Qonşuların əhvalatında qalmışdıq. Nə başınızı ağrıdım, bunlar divarları qaşıyıb qurtarandan sonra keçdilər evin içini qaşımağa. Televizoru qaşıyanda neçə-neçə korifey sənətkar, muğam festivalı laureatı, xınayaxdı elmləri namizədi, nə bilim, məşhur aparıcı toz olub havaya uçdu. Olduqca yanıqlı mənzərə idi. Bir el aşığımız sazı boynunun dalında dabanıyla çaldığı yerdə laqondaya tuş gəldi, hamımız ah çəkdik. Yalan deyən manatın yiyəsi kimi keçəl olsun, ilahi, amin!

Bunlar sanki manyak imişlər, arvad-uşaqlarını da qaşıyıb toza çevirdilər. Açığı, mən çox baxmadım, qaçıb gəldim bu yazını sizə çatdırım, çünki orda çox qalsam ola bilərdi məni də laqondanın ağzına verib qaşısınlar. Küləkdə toz kimi uçan köşə yazarı isə bizim demokratik, çiçəklənən mətbuatımıza yaraşmır. Ümidvaram hüquq-mühafizə orqanları zəruri tədbir görəcəkdir. Hər halda, uşaqları qaşımaq hesab edirəm doğru yanaşma deyildir. Nə bilirsən böyüyüb necə adam olacaqdır? Bəlkə vətənimizə layiqli vətəndaşa çevriləcəkdir? Layiq olmaz, buyur, toz elə.

Misal üçün, vaxtaşırı tozanağa bürünən elə bir türməmiz vardır, orada məşhur bloqqerlərimizi saxlayırlar. Növbə ilə. Bir il jurnalist, o biri il siyasətçi, növbəti dəfə qeheteşnik... İndi sıra bloqçunundur, müqəddəs yeri boş qoya bilmərik. Bax, həmin bloqçu qaqaş cəzanın hansısa hissəsini yatandan sonra azad olmaq hüququndan yararlanmaq istədi, lakin məhkəmə qərar verdi ki, bunu buraxmaq düzgün deyil. Sitat: “Türmədəki tədbirlərdə, iməciliklərdə iştirak eləməyib, əməkdaşlara qarşı səmimi olmayıb”. Sözgəlişi, çox adam bilmir, ancaq bu iməcilik və səmimilik SSRİ-nin “kəşflərindən”dir. Camaatı pulsuz, qul kimi işlətmək üçün iməciliyi icad eləmişdilərsə, cəzalandırmaq üçün də qeyri-səmimilik söhbətini çıxartmışdılar. Ancaq insanın səmimi və ya qeyri-səmimi olmasını hüquqla necə müəyyən edə bilərsən? Absurddur. Rəhbərliyin xoşuna gəlmirsən, vəssalam. Yaz ora qeyri-səmimidir, təpəsinə vur gülləni, ya da Maqadana sürgün elə. 90-larda bir məşhur yapçını da bu qeyri-səmimiliyə görə işdən çıxartmışdılar. Səmimilik bizim izahlı lüğətlərdə “açıqürəklilik” kimi yozulur. İndi bloqçunu türmə nəzarətçisinə qarşı açıqürəkli olmağa necə vadar edəsən? Özünə qapanıb bir küncdə otursan, bu hakimin xoşuna gəlmir. Nahaq tutulmağın cəhənnəmə, hələ üstəlik buna sevinib hər gün türmədə “Yallı” getməlisən - iməcilik iştirakçılarına qoşularaq.

Hərfləri toz basmamış yazıya nöqtə qoyuram. Toz işarəsi.

Tarix: 28-08-2018, 08:31
Xəbəri paylaş





Xəbər lenti