İranın İsrailə raket hücumundan sonra bütün diqqət Təl-Əvivin anonsunu verdiyi cavab zərbəsinin necə olacağındadır. Lakin günlərdir bu cavab baş tutmur, heç bir zərbə endirilmir.
Başlıca sual isə budur: İsrail İrana cavab zərbəsi vuracaqmı?
Əslində bunun cavabı birmənalıdır – bəli, İsrail İrana cavab verəcək. Hücuma necə və nə vaxt cavab veriləcəyini müəyyən etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu həm yüksəksəviyyəli təhlükəsizlik məsləhətləşmələri keçirir, həm də ABŞ-la təmasdadır.
Təl-Əvivin düşündüyü cavab zərbəsi effektiv və Tehranı müharibəyə çəkəcək tərzdə olmalıdır. Lakin bunun önündə ciddi maneələr var.
Birincisi, ABŞ faktorudur. Vaşinqton İsraili dəstəkləsə də, təyin etdiyi sərhədin keçilməsini istəmir. Yəni Təl-Əviv cavab zərbəsi vuracaqsa, bunun necə olacağını o yox, Ağ Ev müəyyən etməlidir.
İsrail ehtimal ki, İranın nüvə obyektləri başda olmaqla hərbi strateji hədəflərini vurmaq istəyir. Hətta İranın ali rəhbəri də hədəfə alınıb. Vaşinqton bu həcmdə bir hücumun fasadlarının böyük olacağını anladığı üçün prosesin nəzarətdə qalmasına, böyüməməsinə çalışır. Bu məsələ cavab zərbəsini uzadan başlıca faktordur. Lakin ABŞ ilə İsrailin ortaq məxrəcə gələcəyini demək olar.
İkincisi, İsrailin ehtiyat etdiyi məsələlər var. Belə ki, Tehran Təl-Əvivi cavab zərbəsi olacağı halda ABŞ və İsrailin regional müttəfiqlərinin hərbi bazalarını, həmçinin neft obyektlərini vuracağı ilə hədələyir. Bu məsələ Təl-Əvivi ehtiyatlı davranmağa vadar edir. Hətta sırf bu səbəbə görə İsrail İrana gözlənildiyi kimi dağıdıcı cavab vurmaya bilər.
Üçüncüsü, texniki problemləridir. İranın İsrailə hücumu sonrası Təl-Əvivə məxsus 20 ədə F-35 təyyarəsinin məhv edildiyi açıqlandı. İsrail tərəfi bu xəbəri təkzib etsə də, cavab zərbəsinin gecikməsi iddiaların yalan olmadığını göstərir. Yəni İsrailin deyildiyi qədər olmasa da, azı 10-a yaxını F-35 təyyarəsi ya məhv edilib, ya da yararsız haldadır. Bu isə əməliyyatları gecikdirir.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 6-10-2024, 11:19