Bakı Apellyasiya Məhkəməsi Ədalət Muradovla bağlı qərar verəcək-SABAH



image here

Məhkəmə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun «İnformasiya əldə etmək haqqında» qanunu niyə pozduğuna hüquqi qiymət verməlidir…
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov bir ilə yaxındır «İnformasiya əldə etmək haqqında» Qanuna hörmətsizlik edir və qəzetin rəsmi sorğusuna rəsmi qaydada cavab verməkdən boyun qaçırır. Belə ki, AAK rəhbərliyi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova qanunsuz və əsassız yollarla professor diplomu vermişdir. Redaksiya bu məlumatın rəsmi təsdiq və ya təkzib olunması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynova rəsmi sorğu göndərsə də, qarşı tərəf sorğunu cavablandırmaqdan imtina etmişdir. Redaksiya Vəli Hüseynovun «İnformasiya əldə etmək haqqında» qanunun tələblərini kobud surətdə pozmasından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə şikayət vermişdir. Məhkəmə əsassız surətdə iddianı rədd etmişdir. Məhkəmənin bu qərarından apellyasiya şikayəti verilmişdir və avqustun 30-da, saat 14:45-də Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə apellyasiya şikayətinə baxılacaq.
***
Xatırladırıq ki, ADİU rektoru Ə.Muradov Prezident cənab İlham Əliyevin sərəncamı ilə ADİU-ya rektor təyin olunandan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından qanunsuz yolla professor diplomu əldə etmişdir. Bu zaman Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin və eyni tarixli Fərmanla təsdiq olunmuş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (VII. Nostrifikasiya və təkrar attestasiya) 49, 50, 51, 52 və 53-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. 
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında «Əsasnamə»nin və «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında» «Əsasnamə»nin tələblərinə görə isə, Ədalət Muradov əvvəlcə 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq işi əsasında aldığı elmi dərəcə diplomunu AAK-da nostrifikasiya etdirməli (tanıtmalı) idi, sonra isə ona professor diplomu verilə bilərdi.
Bundan başqa, Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də qanunsuz yolla professor diplomu alsa da, o, hələ 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etməklə yüksək məbləğdə maaş almışdır. 15 il ərzində Azərbaycanın AAK-ı tərəfindən professor diplomu tanınmamış bir şəxs dövlət büdcəsindən külli miqdarda maaşı necə almışdır?
Bu qeyd edilən məlumatlar AAK-ın və ADİU-nun rəsmi saytlarında öz əksini tapmışdır. Belə ki, ADİU-nun rəsmi saytının məlumatlarında deyilir ki, «…Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur».
AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor adı verilmişdirsə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləmişdir? Axı, qaydalara və AAK-ın “Əsasnaməsi»nə görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilərlər.
Bundan başqa, rektor Ədalət Muradov 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq diplomunu yalnız 2014-cü ilin dekabr ayında AAK-da tanıtmışdır və bundan bir ay əvvəl isə qanunsuz olaraq ona professor diplomu verilmişdir.
Elçin Məmmədli
Tarix: 29-08-2018, 16:13
Xəbəri paylaş





Xəbər lenti