“Gələnə təbrik, gedənə təpik” ənənəsinin dirçəlişi


Bizim kəndin ağsaqqalları ölkədə nə qədər yüksək vəzifəli adam vardısa, hamısını tanıyırdılar.  “Ölkə” deyəndə indiki ölkəmiz nəzərdə tutulmur ha, bütün SSRİ nəzərdə tutulur.

Fantastik görünə bilər, amma beləydi, bizim ağsaqqallardan eləsi vardı ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun bütün üzvlərini, üzvlüyə namizədləri, MK üzvü olanları, uzun sözün kəsəsi, Kremlə qara “Volqa”da girənlərin hamısını tanıyırdı. Xantı-Mansı (eləcə də Kabardin-Balkar) muxtar vilayətinin birinci katibinin kim olduğunu bilənlər vardı.

Onlar bütün bunları niyə əzbərdən bilirdilər, deyə bilmərəm, amma haradan bildiklərini bilirəm. Ağsaqqallar bu məlumatları ona görə bilirdilər ki, Moskvada və Bakıda çıxan bütün qəzetləri alırdılar, çayxanada qabaqlarına qoyub oxuyurdular və müzakirə edirdilər.

Təbii ki, ağsaqqallar Abşerondan tutmuş Zərdaba qədər rayonların başçılarının kim olduğunu da bilirdilər. Bir də görürdün, 4-5 ağsaqqal ya dükanın qabağındakı gündəyən yerdə (payız-qışdırsa), ya da qoşa çinarın altındakı kölgədə (yaz-yaydırsa) nərd oynaya-oynaya hansısa rayonda plenum keçirildiyini, sonda təşkilati məsələyə baxıldığını, yoldaş Mamedovun (soyad şərtidir) həmin rayonun partiya komitəsinin birinci katibi seçildiyini qəzetdən oxuyur, müzakirə açırlar. Dərhal biri deyirdi ki, onu yaxşı tanıyır, “delovoy” adamdır, əvvəllər, tutaq ki, Şamaxıda rayon icraiyyə komitəsinin sədri olub, ordan mərkəzi komitəyə aparmışdılar, indi də o rayona raykom göndəriblər. Başqa biri də deyirdi, hə, çox “salidni” adamdır. Təbii ki, yoldaş Mamedovun “stroqu” adam olduğunu, yaxşı işləyəcəyini deyənlər də olurdu. Mamedov əslən haralıdır, kimin kadrıdır, yoldaşı hansı rayondan və kimin qızıdır - hamısını bilirdilər.

Totalitar rejimli ölkəydi, müzakirə etməyə başqa siyasi hadisə olmurdu, ona görə də kadr dəyişiklikləri başlıca müzakirə predmetiydi.

Elə olurdu ki, iki-üç ildən sonra, növbəti plenumda “salidni”, “delovoy” və “stroqu” Mamedovu vəzifəsindən götürürdülər, bu zaman bizim ağsaqqallar onun “vurulması”nın (belə deyirdilər) əsl səbəbini müzakirə edir, onun yerinə təyin olunan yeni “salidni kadr”ın nəsil şəcərəsindən, əvvəllər harada və necə işlədiyindən danışırdılar. SSRİ dağılana qədər belə oldu. Sonra hər şey bir-birinə elə qarışdı ki, ağsaqqallar oriyentiri itirdilər, frekansları qarışdırdılar. Düzünə qalsa, artıq heç vəzifələrə də “salidni kadr”lar qoyulmurdu, eləcə “delovoy”lar qoyulurdu.

Artıq o günlər geri dönüb. Gəncə şəhər İcra Hakimiyyətinə təyin edilən yeni başçının şəxsiyyəti ətrafında gedən söhbət mənə SSRİ dönəmini xatırlatdı. İndinin ağsaqqalları eynilə 30-35 il əvvəlin ağsaqqalları kimi rəy bildirirlər: “Bundan əvvəl filan yerdə işləyib, özü də yaxşı işləyib”; “İşgüzar adamdır”; “Filan məsələyə qarşı həssasdır, çox sərtdir”.

Təbii ki, yeni başçının şəninə başqa təriflər də yağdırılır. Medianın, sosial şəbəkələrin imkanlarından yararlanaraq, yeni başçının uğur qazanacağına, yaxşı işləyəcəyinə inam ifadə edən, ümidvar olduğunu bildirən minlərlə adam var.

Bu da sovet dövründən qalma ənənədir: gələnə təbrik, gedənə təpik.

Bu dəfə gedənin işi daha çətin oldu, ona təpik yox, güllə vurdular. Amma yaxşı qurtardı. Hazırda adı dildə-ağızda gəzdiyinə baxmayın, 1-2 ildən sonra çox adamın yadından çıxacaq. Hətta elə adamlar olacaq ki, yeni başçının öz işiylə köhnənin atasına rəhmət oxutdurduğunu iddia edəcəklər. Yəni “buna baxanda köhnə başçı imam övliyasıydı” deyəcəklər. Bu işin fitrətində var. Adam barmağının beşini də bal eləyib ünsiyyətdə olduğu adamlara yedirsə də, mütləq “yox e, Veliyev başqa kişiydi” deyəcəklər. (Ayrıca bu ölkədə “Vəliyev” soyadlı adamlara “Veliyev” deyilməsi də adətdəndir).

Xüləs, indi oturaq gözləyək, görək, Bayramov xalqın etimadını gerçəkdən də doğruldacaqmı? O post bir az qanlı-qadalı postdur. Son 23 ildə o vəzifədə işləyən iki adam gülləylə gəlib, gülləylə gedib. Sovet dövrünün “vurulması” fərqli olurdu.

Samir SARI
Tarix: 31-08-2018, 10:10
Xəbəri paylaş





Xəbər lenti