Qida Təhlükəsizliyi Agentliyi media ilə ünsiyyətdən niyə yayınır?


Qida Təhlükəsizliyi Agentliyi media ilə ünsiyyətdən niyə yayınır? 

Ölkədə fəaliyyət göstərən bəzi dövlət qurumları media ilə informasiya mübadiləsi və əməkdaşlığını düzgün istiqamətdə qurmur.

Buna nümunə olaraq Qida Təhlükəsizliyi Agentliyinin adını ilk sıralarda çəkə bilərik. Agentliyin İnformasiya təminatı şöbəsi konkret olaraq Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin suallarından yayınır.

Saytın və qəzetin əməkdaşları müxtəlif vaxtlarda sözügedən quruma suallar ünvanlasa da, onlar cavabsız qalıb.

Əməkdaşlar ilk olaraq mətbuat katibi ilə əlaqə saxlayır. Telefona cavab verən Mansur Piriyev məlumatın e-mail və ya Fcebook şəbəkəsi vasitəsilə göndərilməsini istəyir.

Sualı ünvanladıqdan sonra mövzunun aktuallığını itirdiyini görən jurnalist yenidən əlaqə saxlayır. Məlum olur ki, sözügedən məlumat aidiyyatı şöbəyə göndərilib. Amma nə günlərlə ünvanlanan şöbədən, nə də mətbuat katibindən sayt əməkdaşına tutarlı cavab verilir. Beləliklə də informasiya aktuallığını itirməklə bərabər, həm də suallar cavabsız qalır.

Xatırladaq ki, qanunla kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ  var. Bu müddəa "Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında" Qanunun 8-ci maddəsində açıq şəkildə əks olunur:

“Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir”.

Ümid edirik ki, Qida Təhlükəsizliyi Agentliyi bundan sonra media ilə əməkdaşlığına məhz qanundan bu çıxarışı əsas götürərək yenidən baxacaq.


Tarix: 31-08-2018, 21:49
Xəbəri paylaş





Xəbər lenti