29 yaşlı Çingizin ölümündə müəmma - ekspert həkim müdaxiləsini xəsarət kimi qiymətləndirib (Təfərrüat)


İşlədiyi kafedə müştərini öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Mirzağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmədə əlavə şahid qismində həkim-cərrah Pənah Hüseynov ifadə verib.

Mərhumun ailə üzvlərinin tələbi ilə məhkəməyə dəvət edilən həkim suallara cavabında deyib ki, xəstə qəbul şöbəsinə gətiriləndə kritik vəziyyətdə olub: "Nəbzi yox idi. Döş qəfəsində kəsilmiş-deşilmiş yarası var idi. Biz təcili olaraq müdaxilə etdik, amma o, keçindi. Bütün bunlar 5 dəqiqə ərzində baş verdi".

Pənah Hüseynov deyib ki, mərhumun ölüm səbəbi qan itirmədən olub: "Çox gec gətirilmişdi. Artıq müdaxilə etmək mümkün olmadı".

Suallara cavabında P.Hüseynov ilkin müdaxilədə xəstəyə drenajla müdaxilə də edildiyini söyləyib. Məhkəmədə məlum olub ki, mərhumun cəsədi ekspertizaya göndərilən zaman həkimlərin drenajla müdaxiləsi zaman Çingiz Qədirlinin ürəyinin aşağı hissəsində açdıqları deşiyi ekspert xəsarət kimi qiymətləndirib.

Həkim izahatında bildirib ki, mərhumun bıçaq zərbəsi aldığını gördükdən sonra onun döş qəfəsinə qan yığılmasını ehtimal ediblər. Məhz buna görə də drenaj edərək qanın döş qəfəsindən boşaldılmasını istəyiblər.

Hakim həkimə sual verərək xəstəyə edilən müdaxilələrin xəstəxanada hər hansı bir kitaba qeyd edilib-edilmədiyini soruşub.

Həkim P.Hüseynov deyib ki, xəstəyə edilən müdaxilələr qeydiyyat dəftərində yazılıb və həmin qeydlər ekspertizaya da göndərilib.

Məhkəmə qərar qəbul edib ki, rəyi verən ekspert də məhkəməyə dəvət ediləcək. Həmçinin xəstəxanadakı qeydiyyat kitabı da məhkəməyə gətiriləcək.

Mərhumun ailə üzvləri bildiriblər ki, Çingizin ölümü ilə bağlı məlumatı onlara gec veriblər: "4 saat sonra ölüm xəbərini verdilər. Axı bunu bizdən niyə gizlədirdilər?".

Həkim isə bu suala belə cavab verib: "Çox zaman belə xəbəri verəndə xəstə yaxınları ilə ciddi problem yaranır. Dəfələrlə olub ki, həkimlərə hücum ediblər. Biz bundan ehtiyat etdik. Ona görə də əvvəlcə hadisənin baş verməsi ilə bağlı polisə məlumat verdik ki, onlar gəlib bizim təhlükəsizliyimizi təmin etsinlər".

Mərhumun atası Ramiz Qədirli oğlunun vurulduğu bıçağın istintaq zamanı tapılmadığını deyib. O, maddi sübut olan bıçağın tapılmasını və hadisə baş verən zaman təqsirləndirilən şəxsin yanında olan iki nəfər tanışının da məhkəməyə gətirilməsini istəyib.

Məhkəmənin sonunda mərhumun ailə üzvləri işin ədalətli araşdırılmasını tələb ediblər.

Növbəti məhkəmə iclası sentyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi dekabrın 20-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib.

Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib. Mərhuma bir bıçaq zərbəsi ürəyindən dəyib.

O Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Tarix: 3-09-2018, 21:25
Xəbəri paylaş





Xəbər lenti