“Namiq Cəlilov istefaya göndərilməlidir” - RƏSƏDXANANIN ƏMƏKDAŞI

 Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Yanoş Məhərrəmov: “Direktor desəydi ki, Yanoş qaynım Ramiz Rzayevin qarşısında cavab verəcək, daha mənalı səslənərdi”
“Mən əxlaqsız deyiləm. Kişiyə o halda əxlaqsız deyirlər ki, həmin kişi başqalarının qadın ailə üzvlərinə sataşmaqla məşğul olsun...”
Şamaxı Astrofizika Rəsədxanasının elmlər doktoru üzrə doktorantı, f.ü.f.d., dosent Məhərrəmov Yanoş Mahmud oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Məktubu olduğu kimi oxucularımıza təqdim edirik:
“Hörmətli Redaksiya!
Sizə bildirirəm ki, mən əvvəlcə şəxsi məktub yazıb Dövlət Poçt Xidməti vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə göndərmişdim. Lakin o, buna reaksiya vermədiyinə görə, 19 iyul 2018-ci il tarixində Sizin qəzetiniz vasitəsilə ona açıq şəkildə müraciət etdim. Həmin müraciətimdə cənab Ramiz Rzayevə sonuncu təklifim onun gəlib yaxın qohumu Namiq Cəlilovu rəsədxanadan aparması çağırışını etmişdim. Lakin bu çağırışım hələ ki, nəticəsiz qalmışdır. Ötən müddətlər ərzində rəsədxanada mənimlə bağlı müxtəlif çoxsaylı hadisələr baş vermişdir. Onlardan birini qeyd edirəm:
Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə etdiyim müraciətlə əlaqədar Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru utanmaq və rəsədxanadan sakitcə uzaqlaşıb getmək əvəzinə, 29 iyul 2018-ci il tarixdə Aznews.az saytına mənim barəmdə həqiqətə uyğun olmayan yalan məlumatlar vermişdir. Belə ki, o, bildirmişdir ki, hərbi xidmət edərkən guya axırda elə bir maddə ilə ordudan tərxis olunmuşam ki, məni heç bir müəssisəyə və elmi idarələrə işə qəbul etmək olmazmış (o hansısa naməlum qanunun 185-ci maddəsinin adını çəkib). Və onun dediyinə görə mən həm də əxlaqsız adamam. Direktor Namiq Cəlilov həm də bildirib ki, guya mən ona şər-böhtan atmışam və buna görə də Yanoş məhkəmə qarşısında cavab verməli olacaq.
Əvvəla mən əxlaqsız deyiləm. Kişiyə o halda əxlaqsız deyirlər ki, həmin kişi başqalarının qadın ailə üzvlərinə sataşmaqla məşğul olsun. Əgər bu barədə kiminsə faktı varsa desin, sübut etsin və ya niyə indiyədək hüquq mühafizə orqanlarına müraciət etmədiyini əsaslandırsın. Yox, əgər AMEA-nın müxbir üzvü “əxlaqsız” sözünün mənasını indiyədək başa düşməyib danışırsa, bu onun problemidir, getsin oxusun, mütaliə etsin və birdə mənasını bilmədiyi sözü işlətməsin.
İkincisi mən heç kimə şər-böhtan atmıram, faktlar hamısı əlimdədir və ona görə də ŞAR-ın direktoru Namiq Cəlilovun əsassız hədələrindən qorxmuram. Odur ki, yeri gəlmişkən direktor Namiq Cəlilovun yuxarıda qeyd etdiyim sayta müsahibəsində - Yanoş məhkəmə qarşısında cavab verəcək ifadəsi əvəzinə, Yanoş qaynım Ramiz Rzayevin qarşısında cavab verəcək desəydi, daha mənalı səslənərdi.
Qaldı ki, hərbi xidmətdən ehtiyata hər hansı bir qanunun 185-ci maddəsi ilə tərxis olunmamışam. Bu yalandır. Mənim hərbi biletimdə hər şey öz qaydasındadır. Amma ən əsasını da Sizin redaksiya vasitəsilə respublika ictimaiyyətinə, dövlət orqanlarına və bir də barəmdə məsuliyyətsizcəsinə ağlına gələn yalanları danışan Namiq Cəlilova aşağıdakı şəkildə bildirmək istərdim:
Mən Azərbaycan Respublikasında 1999-2000-ci illərdə həqiqi hərbi xidmətdə olmuşam və ehtiyyata buraxılarkən mənə kiril əlifbası ilə aşağıdakı şəkildə (orijinalı 18 ildir ki özümdə qalmaqla imzalanmış və möhürlənmiş) xidməti xasiyyətanmə verilmişdir:
Xidməti Xasiyyətnamə
Verilir 21.03.76-cı ildə Bərdə rayonunda anadan olmuş, 01.03.99 tarixində Bərdə rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, subay, ali təhsilli, azərbaycanlı, bitərəf, 216 saylı hərbi hissənin Əlahiddə Minaatan batareyasının İdarəetmə tağımının tağım komandiri vəzifəsində xidmət edən leytenant Məhərrəmov Yanoş Mahmud oğluna.
Leytenant Məhərrəmov Yanoş Mahmud oğlu 216 saylı hərbi hissədə xidmət etdiyi müddətdə özünü nizam-intizamlı, bacarıqlı, işgüzar bir zabit kimi göstərmişdir, ona verilən əmr və göstərişlərin icrasına məsuliyyətlə yanaşmış, onları vaxtında icra etmişdir.
Hərbi nizamnamələri və xidməti üzrə lazım olan bütün hərbi bilikləri öyrənir, onlardan xidmətində düzgün istifadə edir.
Komandir və rəislərin, həmçinin öz zabit yoldaşlarının az bir zamanda böyük rəğbətini qazanmışdır.
Vətəni qorumaq üçün ən ağır nöqtələrdə xidmət etməyə hazırdır. Fiziki cəhətdən zəifdir, bir neçə dəfə müalicədə olmuşdur.
Hərbi və dövlət sirrini qorumağı bacarır.
N saylı hərbi hissənin Artilleriya rəisi əvəzi kapitan X.Qurbanov
Hörmətli Redaksiya! Bu xidməti xasiyyətnamənin yuxarıda qeyd etdiyim kimi orijinalı özümdədir və onu skan edib Sizə də göndərirəm. Xahiş edirəm göndərdiyim skan variantını həm qəzetinizdə, həm də saytınızda yerləşdirəsiniz. ŞAR-ın direktoru Namiq Cəlilov da onlara baxsın, oxusun, barəmdə kütləvi informasiya vasitələrinə yalan və məsuliyyətsiz sözlər danışdığına görə bəlkə utansın. Bəlkə deyirəm haa... O cümlədən, mənim barəmdə direktora hərbi xidmətimlə bağlı yalan məlumatlar ötürüb (əgər özündən uydurmursa) onu ələ salıb dolayan insanlara da münasibətini bəlkə dəqiqləşdirsin. Yenə də bəlkə deyirəm haa... Nə isə...
Belə yüksək xidməti xasiyyətnamələri milli qəhrəmanlara və generallara verirlər. Görəsən Namiq Cəlilovun özü də hərbi xidmətdə olubmu və olubsa belə yüksək xidməti xasiyyətnamə ona da verilibmi? İnanmıram.
Yekunda qeyd etməyi vacib bilirəm ki, abırı-həyası olan adam bundan sonra rəsədxana direktoru vəzifəsi xülyasında olmamalıdır. Mən əvvəllər dəfələrlə direktor Namiq Cəlilova üstörtülü formada xatırlatmışam ki, ən çox öz ətrafındakı inandığı şəxslər onu dolayıb elə gülünc günə salırlar ki, axırda o bütün imicini, karyerasını itirəcəkdir. Ağılı olan kəs gözü ilə görmədiyi hadisə, fakt (məsələn, mənim hərbi xidmətkeçməm barədə olduğu kimi) barədə danışarmı? Əlbəttə yox!
Yekunda bildirirəm ki, ŞAR-ın direktoru Namiq Cəlilovun bütün bu xüsusiyyətləri və rəsədxanada törətdiyi çoxsaylı qanunsuz əməlləri əsas verir ki, o, rəsədxana direktoru işləyə bilməz. Ona görə də o, etdiyi çoxsaylı qanunsuz əməllərinə görə ən yüngül cəza kimi tutduğu vəzifədən istefa verməli və onun istefası qəbul olunmalıdır. Bir sözlə o, istefaya göndərilməlidir”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 5-09-2018, 23:47
Xəbəri paylaş





Xəbər lenti