Uşaqların acı zarafatı


“Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz”

(Azərbaycan ata sözü)

Balaca uşaqların təbiətin qoynunda araq içməsi videosu yayılmışdı. Polis araşdırma aparıb, uşaqların əslində camaatla məzələndiyi üzə çıxıb, çünki içilən təmiz su imiş. Belə cəmiyyətlə ən yaxşı iş elə məzələnməkdir, məncə, uşaqlar düz eləmişdilər. Ancaq polis idarəsi deyir, uşaqların valideynlərini tutub cərimələdik. Əcəb işdir. Axı nəyə görə? Yutub portalı bu cür zarafat videoları ilə doludur. Bəyəm onları yayan uşaqların valideynlərini elliklə, kütləvi şəkildə cəzalandırırlar? Mənə çox maraqlıdır ki, polis idarəsi o uşaqların valideynlərini hansı məntiqlə cərimə edibdir.

Halbuki ortalıqda cərimə edilməyə layiq xeyli tip fırlanır. Misal üçün, bir səviyyəsiz gədə vardı, özünü jurnalist elan eləmişdi, lakin kimsə onun hər hansı yazı-pozusunu xatırlamırdı. Canı cəhənnəmə, bununla işimiz yoxdur. Ancaq bu tip qəfildən bütün sərhədləri aşıb rayonlarımızdan birinin camaatını həmin rayondan olan müğənniyə qatıb təhqir eləmişdi. Bu da cəhənnəmə, gündə ölkə boyunca o qədər qatıqlayan adam var ki. Bəyəm hamısının dedikləri yazılır? Yox. Deməli, bu tipdən daha çox qatıqlayan elə onu yayımlayan mətbu orqanlar olmuşdu. Nəsə, sonra bu gədə manısla görüşdü, üzr istədi, video yaydılar, söhbət guya qapandı. “Guya” ona görə yazıram ki, üstündən az keçməmiş hind filmləri ilə tanınan telekanalizasiyamızda həmin tipi tapıb təzədən danışdırıblar. Baxmamışam, deyir, tip manısın dalıyca yenə nəsə qırıldadıbdır. Yəni dünənki üzrxahlıq sanki uçub gedibdir. Görün necə həyasız adamlarla bir torpaqda yaşayırıq. Efiri zibilləyən, ictimai mühiti murdarlayan belə tiplər əvəzinə polis zarafatcıl uşaqların valideynini axtarır.

Ümumiyyətlə, biz bilmirik nə istəyirik, həyatda nə üçün yaşayırıq, məqsədimiz nədir. Havanı toz basır, Səhiyyə Nazirliyi, həkimlər-filan maska taxıb gəzməyi məsləhət görür. Ardıyca camaat şikayətlənir ki, maskalı adamlar dükanda əşyalara əl vururlar, bəlkə onlar yoluxucu xəstəlik daşıyırlar, birdən biz də yoluxub ölərik. Molla Nəsrəddinin uşağı və eşşəklə getməyinin əhvalatıdır. Biri deyir, niyə eşşəyin belini qırırsınız, başqası deyir, niyə minmirsiniz, üçüncüsü başqa məsləhət... Axırda Molla bezir, eşşəyi özü belinə alıb gedir. İbrətamiz əhvalatdır, hərdən dönüb belinizə baxın.

Enerji sektorunu qaranlıq mağaraya döndərmiş birisi də var, nəhayət, bunun xoruzunu qoltuğuna verib dəvə otarmağa yollayıblar, ancaq başını salamat qurtardığına sevinmək yerinə mızıldanır: “Gərək daxili komissiyanın rəyini nəzərə alaydılar”. Guya bunun torbasını ancaq xaricdən gələn komissiya tikibdir. Necə deyərlər, xaricdən maliyyələşən qara qüvvələr. İndi polis bunu tutub çığırtsa necə olar? Yaxşı olar. Adamın ən azı dəvələrini auksiona çıxartmaq lazımdır. Övladda nəvə, dövlətdə dəvə. Üstəlik, ərəb turistləri axışıb gəlirlər, onları geri qaytarmağa dəvə karvanları lazım olacaqdır.

Uşaq məsələsində ikili standartlarımız araq zarafatı edən uşaqların videosu ilə təxminən eyni vaxtda çıxan başqa videoya münasibətimizdən görünür. O videoda 6 yaşlı qız at çapır, sürətli hərəkət edən atın belində akrobatik tryuklar göstərirdi. Bəs heç bir sığortası olmadan o cür tryuklar göstərmək uşaq üçün təhlükə doğurmurmu? Niyə onun da valideyni cəzalanmır? Əksinə, valideyni sərhəd qoşunları idarəsinə çağırıb mükafat verdilər. Deməli, bizdə ən təhlükəli tryuk əslində... zarafatdır. Yumordur. Yumor qorxunu götürən, istənilən pis sistemin dayaqlarını sarsıdan möhtəşəm silahdır. Bunu başa düşənlər düşür. Söz düşmüşkən, 2016-cı ildə bir qrup xarici alim təbəssümün, gülüşün insanlarda doğurduğu reaksiyanı araşdırıblar. 44 fərqli toplum və cəmiyyətdə aparılan araşdırma maraqlı nəticə ortaya çıxarıb. Sən demə, inkişaf eləmiş ölkələrdə (İsveçrə, Avstraliya) gülümsəyən adam başqalarında etibarlı təsir oyadır. Əksinə, korrupsiya yüksək olan rejimlərdə, insan inkişafı aşağı səviyyəli ölkələrdə (Hindistan, İran, Zimbabve və s.) gülümsəyən adama pis baxırlar.

“Araq” içib videosunu çəkən uşaqlar da hansı ölkədə doğulduqlarını tez anladılar. Ümid edirəm bu, onların üzünün gələcəkdə gülməsinə mane olmaz.

Zamin HACI
Tarix: 6-09-2018, 09:48
Xəbəri paylaş





Xəbər lenti