“Məmur var ki, hakimiyyətdə kimlərisə müəyyən xarici qüvvələrin adları ilə hədələyir”

 


Ötən bir neçə ayda hökumətin tərkibində xeyli kadr dəyişikliyi edildi. Nazirlər, komitə sədrləri, icra başçıları və son olaraq “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev vəzifəsindən azad edildi. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, ötən aylarda aparılan kadr islahatları rüşvətxor məmurları hələ ki, tam əhatə etmir:

“Bu gün Azərbaycanda aparılan kadr islahatları hökumətdə olan rüşvətxor, xəyanətkar məmurları tam əhatə etmir. Ölkə başçısı klanlaşmış, qohum olan zümrəni əhatəsindən təmizləməkdən ötrü böyük işlər görür. Orda elə klanlaşmış məmur təbəqəsi var ki, onlar ölkənin siyasi həyatına da təsir edir. İmkan vermirlər ki, ölkə başçısı kadr islahaları aparsın, ölkədə korrupsiyanın kökünü kəssin. Mənim fikrimcə bütün xalq ölkə başçısının yanında olmalıdır. Hər şeyi bir nəfərin üzərinə yıxmaq tam ədalətsizlikdir. Biz hamımız ölkə başçısına kömək etsək, rüşvətxor məmurları ifşa etsək, hakimiyyətin daxilində ermənilərlə qohum olan məmurların adlarını çəksək, ölkə başçısı da bunu görər və qəti addım atar. Bir çox sahələrdə ölkə başçısına xəyanət edən məmurlar oturub. Məsələn, sizə bir fakt deyim, baş nazirin müavinin nəvəsi adam öldürdü və bir müddət sonra azadlığa çıxdı. Bu, xalq arasında böyük narazıçılıq yaradır ki, necə olur kasıbın oğlu kiməsə sillə vuranda onu həbs edirlər, amma hansısa məmurun nəvəsi adam öldürür və həbs edilmir. Bunların hamısının arxasında duran qüvvələr var. Məmur var ki, hakimiyyətdə kimlərisə müəyyən xarici qüvvələrin adları ilə hədələyir ki, mənim onlarla dostluq əlaqələrim var. Həmin milyardları olan məmurlar pullarını xarici qüvvələrə verib onların qucağında otururlar”. 

H.Hacıyev icra başçılarını da tənqid edib:

“İcra başçıları ilə bağlı da kadr dəyişikliyi edildi. Mingəçevirin icra başçısı Gəncə şəhərinə göndərildi. Bu çox ləyaqətli addımdır. Sizə onu da deyim ki,  Zərbad rayon icra başçısı vəzifəsindən uzaqlaşdırılmalıdır. Bu adam Ziya Məmmədovun qohumudur və o, dövlət başçısına xəyanət edir. Söhbət belə icra başşçılarından gedir. Onlar ancaq öz mənafeylərini güdürlər, var-dövlət yığmaqla məşğuldurlar. Bunların hamısını xalq görür. Belə olanda da böyük narazıçılıq yaranır və bunun da hamısı birinci şəxsin üzərində dayanır. Mən canımı Azərbaycanın müstəqilliyi üçün qoymuş insanlardan biriyəm. İstəməzdim ki, ömür boyu müdafiə etdiyim insan haqqında xalq arasına bu qədər narazıçılıq yaransın. Bunu edən yerli icra məmurlarıdır. Siz gördünüz Gəncədə nələr baş verdi. Bakı şəhərində Hacıbala Abutalıbov nələr etdi. Ona görə də kadr islahatları hələ ki, yekunlaşmayıb və yeni təyin edilən gənc kadrlar da yerində olmayan insanlardır”. 

H.Hacıyev E.Pirverdiyevin həbs edilməsini vurğulayıb:

“Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılması təqdirlayiq haldır. Cənab prezident bununla bağlı çox qəti addımlar atdı. E.Pirverdiyevi müdafiə edən adamlar var. Ölkə başçısı da gördü ki, bu cinayətkarın biridir. Bunlar vəzifədən azad edildikdən sonra həbs edilməlidirlər. Çünki bunlar milyardları yığıb gedirlər ömürlərinin axırına kimi yaşayırlar. E.Pirverdiyev birbaşa ölkə başçısının üzünə durdu və dedi ki, prezident hər şeyi bilir. Prezident nəyi bilir? Siz gedin ayrılan milyardları yeyin, sonra da deyin ki, hər şeyi bilirlər. Görürüsüz ki, bunların hamısı şantajçıdır. Onlar hüquq-mühafizə orqanları qarşısında da cavab verməlidirlər” 


Tarix: 13-09-2018, 14:43
Xəbəri paylaş





Xəbər lenti